2 Noyabr 2018 20:45
8 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tahir Kərimlinin xəbəri yoxdur ki...”

Hər kəs Azərbaycanın Dövlət Himnini sevməlidir. Dəfələrlə deyilib ki, himnin həcmini azaltmaq, onu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himinini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı bildirib.

Millət vəkilinin bu fikri sosial şəbəkədə müxtəlif müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Teleqraf.com-a münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, əslində bu himnimizə yanaşmadan asılı olan məsələdir, burda pis niyyət axtarmaq doğru deyil: “Marş formasında himnlər daha hərəkətli olur, misal üçün, Türkiyənin “İstiqlal marşı” və ya Rusiyanın marşı kimi. Yaxud da daha sakit tempdə ritm olur. Azərbaycan himni bir qədər marş üslubunda yazılan himn deyil deyə fərqlidir. Amma himinin də bir standartı yoxdur. Demək olmaz ki bu himn yaxşıdır və ya pisdir. Əgər dəyər olaraq cəmiyyət qəbul edirsə, bunun geniş müzakirəsinə ehtiyac yoxdur”.

Millət vəkili deyib ki, himnin sözləri, musiqisi ilə bağlı onun da fərqli fikri var: “Daha fərqli himn olmasını istərdim, amma qəbul olunub, ortaq dəyərə çevrilibsə, bunun indiki vəziyyətdə təhlil olunmasının mənası yoxdur. Əlbəttə, olduğu kimi də qəbul etmək lazımdır. Buna ilkin vaxtlarda baxmaq lazım idi, o zamanlar daha dinamik və daha az müddətdə oxunan marş olaraq görmək daha uyğun idi. Qəbul olunubsa, bundan o tərəfə müzakirənin mənası yoxdur, belə də davam etməliyik”.

Bəstəkar Faiq Sücəddinov isə bildirib ki, 3 il bundan əvvəl Rauf Alıyev himnin tonallığını dəyişib və onun meterajını qısaldıb. Bir sözlə, aranjiman olunub:

“Görünür, hörmətli Tahir Kərimlinin bundan xəbəri yoxdur”.

“Mənim fikrimcə, himnə toxunmaq olmaz. “Onu iki daş arasında, tələsik yazıblar. Düzdür, himnin müəllifinin kim olması də mübahisəlidir. Cəmo Hacınski, Cəmo Cəbrayılbəyli və Əhməd Cavadın yazması ilə bağlı variantlar olsa da, Azərbaycan parlamenti bunu Əhməd Cavadın mətni kimi qəbul edib. İndi hətta dostlarımın bəziləri təkid edir ki, bu, doğru deyil. Belə qəbul olunubsa, dəyişmək olmaz. Azərbaycanın o dövrdə yazılmış himnin mətni necə olmalı idi ki? Çoxmu şən olmalı idi? Azərbaycan dövlətinin 300 -500 illik tariximi vardı? Sıfırdan bir cümhuriyyət qurulmuşdu və hesab edirəm ki, həmin dövr üçün çox normal sözlərdir”.

Bunu isə şair, əməkdar jurnalist Qulu Ağsəs deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın himni həddindən artıq uzun olduğu üçün senatorları onu əzbər bilmirlər: “Amma dünya demokratiyasının beşiyi sayılan Böyük Britaniyada heç bir senator, heç bir jurnalist cəsarət edib himni dəyişmək haqqında fikirləşməyib. Çünki onlarda tabu deyilən anlayış var ki, himn də o tabulardan biridir”.

Müzakirələri yersiz sayan Qulu Ağsəs deyib ki, bu müzakirə1999-2000- ci illərdə bir dəfə baş qaldırmışdı: “Hətta alternativ mətnlər təqdim eləmək fikirləri var idi ki, bunun üçün komissiya yaransın. Himnin mətni kimi Səməd Vurğunun ”Azərbaycan” şeri seçilsin deyənlər də var idi. Bu adamlar mətndən anlamayan adamlar idi. Melodiya məhz bu mətnin üzərinə hopub. Alternativ mətn yazılsa, onda gərək yeni musiqi də yazılsın.

Belə məsələlərlə məşğul olmaq 1918-1920-ci illərdə sıfırdan yaradılan bir cümhuriyyətin mirasına əl uzatmaqdır. Mənim fikrimcə, bu, yolverilməzdir.

Kimsə çıxıb deyə bilər ki, xəritəmiz qartala oxşamır. Amma bu xəritəni cızanda Azərbaycan yox idi, müstəqillik bəyənnaməsini qəbul edib, öz dövlətimizi elan edən zaman xəritə tələsik çəkilib və o da qartala oxşayıb. Nə xoş da ki oxşayıb.

Ondansa gəlin, heç olmasa, Azərbaycanın mənəvi sərhədlərini bir az uzaqlara aparaq, nəinki onun himninə, dəyərlərinə toxunaq. Himnə Üzeyir bəyə, Əhməd Cavada toxunmaq, cümhuriyyəti quran 17 nəfər başda olmaqla o kişilərin ruhuna hörmətsizlik sayıram. Onlar cümhuriyyəti yaradıblar, biz onların arzu-istəklərini yerinə yetirsək, ruhları şad olar, heç olmasa, onların qurduqlarını yaşadarıq”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər