12 May 2022 16:35
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftədən bəri davam edən danışıqlarda Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya neft embarqosu ilə bağlı hələlik razılığa gələ bilməyib. Aİ Komissiyası Rusiya neftinin və neft məhsullarının üzv dövlətlərə idxalına mərhələli şəkildə qadağa qoyulmasını təklif edib və bu qadağa ilin sonuna kimi əksər ölkələr üçün qüvvəyə minəcək. Rusiyadan neft idxalına qoyulan sanksiya qərarı İttifaq ölkələrini ikiyə bölüb.

Belə ki, Macarıstan İttifaqın Rusiyadan neft idxalına planlaşdırdığı embarqoya veto qoymaq istədiyini açıqlayıb. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin bu paketə səs verməyəcəyini deyib: “Çünki macar xalqı (Ukraynada) müharibənin bədəlini ödəməməlidir. Sanksiyalar paketinin həyata keçirilməsi üçün bütün ölkələr razılaşmalıdır. Sanksiyalar paketi Macarıstan üçün sadəcə problem deməkdir. Rusiya neftindən asılı olan ölkənin idxalını necə kompensasiya edəcəyi ilə bağlı heç bir həll yolu yoxdur. Brüsselin bu təklifi Macarıstan iqtisadiyyatına atılan nüvə bombasına bərabərdir”.

Hazırda dünyanın ən böyük neft ixracatçısı olan Rusiya neft və neft məhsullarının istehsalında üçüncü yeri tutur. Rusiya gündəlik təxminən 5 milyon barel xam neft və 2 milyon barel neft məhsulları ixrac edir. Sözügedən neft məhsulları ixracının 2 milyon barelini dizel yanacağı təşkil edir. Dünyada gündəlik dizel tələbatının təxminən 30 milyon barelə çatacağı proqnozlaşdırılır. Bu həcmin 2 milyon bareli Rusiyadan tədarük edilir.

Müharibədən sonrakı sanksiyalara görə Rusiyanın neft hasilatında gündəlik 3 milyon barel azalma olacağı təxmin edilir. Bu həcmin 1 milyon barelinin dizel olduğu hesablanır. Normal şəraitdə Rusiyanın ümumi gündəlik neft hasilatı təxminən 11 milyon barel təşkil edir.

Müharibədən bir gün əvvəl fevralın 23-də “Brent” markalı neftin barel qiyməti 96,84 barel səviyyəsində olduğu halda, böhranın kəskinləşməsi ilə mart ayında qiymətlər 130 dolları keçib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, Rusiya neftindən birdəfəlik imtina mümkün deyil.

O qeyd edib ki, Rusiya neftindən imtina etmək barədə qərar qəbul olunsa da, idxalın azalmasına zaman lazımdır: “Qənaətimcə, Macarıstanla bağlı məsələnin gündəmə gəlməsini Rusiya çox qabardır. Bir növ “Avropada enerji təhlükəsizliyi yoxdur”, “Rusiyaya qarşı neft embarqosu tətbiq etmək mümkün deyil”, “Avropada elə ölkələr var ki, onlar real həyatlarını düşünürlər, nəinki siyasəti” kimi fikirlər formalaşdırır. Bu cür informasiyalarla insanların müəyyən kəsiminə təsir edə bilir.

Macarıstanda istənilən qərar Avropa İttifaqı daxilində olan 27 ölkənin razılığı əsasında qəbul olunur. Əgər biri onun əleyhinə olarsa, qərar qəbul edilmir. Ümumiyyətlə, neft defisiti olan zaman Macarıstanın Avropa İttifaqından kompensasiya almaq fikri var idi. Bu ölkə dünyada hərbi, siyasi vəziyyətin dumanlı olduğu bir vaxtda yorğanı daha çox özünə tərəf çəkmək arzusundadır.

Birinci rübün yekunlarına görə, Rusiya xaricə gündəlik 4.65 milyon barel neft ixrac edib. Bundan əlavə, 2 milyon barel ətrafında da neft və neft məhsulları ixrac edib. Artıq aprel ayından ixrac azalmağa başlayıb. Ötən il bazarda Rusiyanın xam neftinin həcmi 5,1 milyon barel idi. Ümumilikdə ölkə neft və neft məhsulu olaraq 7 milyon barel məhsul satırdı. Artıq birinci rübdən Rusiyanın bazardakı məhsulunun həcmi kəskin azalıb. Deyərdim ki, Ukrayna ətrafında olan məsələlər Qərblə Rusiya arasında yaranmış münasibətlərin neqativ fonda pik həddinə çatıb. Avropa Rusiya neftini necə əvəzləyəcəyini açıq şəkildə demir”.

İlham Şabanın sözlərinə görə, Rusiya əsas neft məhsulu olaraq dizel və mazut satır: “İdxalçı ölkələr Rusiyadan alınan mazutu təkrar emal edib yenidən dizel və ya benzin məhsulları hasil edirlər. Çünki Rusiya zavodlarının böyük əksəriyyətinin emal dərinliyi aşağıdır. Digər tərəfdən, Avropa ölkələri içərisində Rusiyadan dizel yanacağı idxal edən dövlətlərin sayı çox deyil. Buna görə də demək olar ki, dizellə bağlı Rusiyanın ciddi problemi olmayacaq. Onsuz da Avropa 2002-ci ildən dizel yanacağını məhdudlaşdırmağa başlayıb və dizellə bağlı ekoloji vergiləri artırıb. Buna görə də 2019-cu ildən sonra Azərbaycanda idxal edilən dizel avtomobillərinin sayı kəskin azalıb”.

Analitik deyir ki, Azərbaycan nefti bazara nəinki ildən-ilə, hətta aydan-aya az çıxarılır: “İndiyə kimi Azərbaycan neftinin bazarda alıcısı kim idisə, indi də ancaq onlar alır. Bazara çox məhsul çıxarılsa, təbii ki, Azərbaycan neftinə tələbat da böyük olar. Bu ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağından bazara çıxarılan məhsulun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 milyon barel azalıb. Bu, rüb ərzində ən böyük azalmadır. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, cari ilin dekabr ayına qədər neft istehlakı 99,6 milyon barel artacaq. Azərbaycanın dünya bazarında istehlak olunan neftin 200-də 1-ni çıxarır. Nə gözləmək olar? Getdikcə də dünya bazarına çıxarılan neftin həcmi azalır”.


Müəllif: Yeganə Oqtayqızı