Ötən il Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 308,1 mln. ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
İlkin hesabata əsasən, 2024-cü ildə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 5,6%-ə bərabər olub. Ötən il Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya, ABŞ, Çin və Almaniyadan sonra VI böyük ticarət tərəfdaşı olub.
Hesabat ilində Gürcüstanın Azərbaycana ixracı 724,5 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 15,9% azdır. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra III yeri tutub.
Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 10,9% azalaraq 583,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə, ABŞ, Rusiya, Çin və Almaniyadan sonra VI əsas idxal tərəfdaşı olub.
2024-cü ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 8% artaraq 23 mlrd. 435,3 mln. ABŞ dolları təşkil edib. Qonşu ölkənin ixracı 7,8% artaraq 6 mlrd. 560,4 mln. dollara, idxalı isə 8,1% artaraq 16 mlrd. 874,9 mln. dollara bərabər olub.