14 İyul 2014 16:20
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hakim Almaniyaya xeyli güzəştə getdi”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov 2014-cü il dünya çempionatında favorit komandası Braziliyanın məğlubiyyətini şərh edib. O, final oyununda Almaniya və Argentinanın qarşılaşmasını da Teleqraf.com üçün dəyərləndirib:

- Siyavuş müəllim, Siz Braziliyanın çempion olacağını proqnozlaşdırmışdınız. Amma favorit komandanızın doğma meydanda biabırçı şəkildə məğlub olduğunu gördük. Niyə nəticə belə alındı?
- Braziliya bütün oyunlarda qalib gəlmişdi. Finala çıxanda komandanın üç aparıcı oyunçusu ciddi zədə alaraq meydanı tərk elədi. Komandanın qurduğu taktika və strategiya yeni oyunçularla alınmadı. Neymarın və iki mərkəz müdafiəçisinin olmaması tamam boşluq yaratdı. Fikir versəniz, top olmaya-olmaya Neymara xüsusi şəkildə zədə yetirdilər. Ki, o, növbəti oyunlara davam edə bilməsin. Neymarda ümumiyyətlə, top yox idi. O, adətən topa qarşı hücuma keçəndə belə halla qarşılaşır. Amma bu dəfə birdən-birə belə bir zədə aldı. Hesab edirəm ki, bu, təxribatdır. Yəqin ki, FİFA bunu araşdıracaq. Bununla bağlı müraciət də olunub.

- Braziliyanın üçüncülük uğrunda yarışda Almaniya ilə qarşılaşmadakı şokdan çıxıb dönüş yaradacağı barədə fikirlər də özünü doğrultmadı...
- Üç oyunçunun olmamasının təsirindən idi.

- Thiaqo Silva qayıtmışdı axı...
- Zədəli idi. Tam gücü ilə oynaya bilmirdi. O baxımdan da oyun alına bilməzdi. Oyuna tamam yeni tərkib buraxılmalı idi. Köhnə tərkibdə sıra pozulmuşdu.

- Bütün olanlardan sonra komandanın baş məşqçinin istefaya getməsini necə qiymətləndirirsiniz?
- Baş məşqçi günahı öz üzərinə götürdü. Bu şeyləri planlaşdırmaq lazım idi ki, belə hadisə ola bilər. Argentinanı götürək, bir oyunçunun olmaması Messini meydançada əl-qolsuz vəziyyətə gətirmişdi. Ona görə də Argentina çox yaxşı oyun göstərsə də, qapıya zərbələrin vurulmasında Messiyə yardımçı olan insan yox idi. Həmişə Di Maria ona top ötürürdü, o da zərbələr endirirdi, onların ikisinin bir-biri ilə oyunu tuturdu. Onun zədə alıb çıxması bu cür nəticəyə gətirdi çıxardı. Argentina Almaniyadan qat-qat üstün oynayırdı.

- Almaniyanın çempion olacağını gözləyirdiniz?
- Almaniya heç vaxt yaxşı oyun göstərməmişdi. Finala güclə gəlib çıxmışdı. Almaniya Əl-Cəzairlə oynayanda Braziliya hakimi tərəfindən Almaniyaya xeyli güzəşt olundu. Bu güzəşt gözlə görünəcək dərəcədə idi. Əl-Cəzair Almaniyadan qat-qat güclü oynayırdı. Lakin 11 metrlik cərimə zərbəsi verilmədi, oyunçular yerli-yersiz cəzalandırıldı və s.

- Amma hakimlərin güzəşti barədə ən çox adı hallanan komanda Braziliya idi. Prezidentin DÇ-2014-ə milyardlarla pul qoymasının qarşılığında komandanın çempion olacağı barədə fikirlər səslənirdi...
- Bu cür fikirlər doğru deyil. Braziliya final mərhələsinə öz gücü sayəsində gəlib çatdı. Elə güzəşt olsaydı çempion olardı. Bütün hallarda finala çıxmağın özü də böyük göstəricidir. Hər dəfə çempion olmaq olmur ki.

- DÇ-2014-də ən yaxşı qapıçı kimi hansı futbolçu yadınızda qaldı?
- Əl-Cəzairin qapıçısı Rais və ABŞ-ın qapıçısı gözəl oyun nümayiş etdirdi.

- Amma qızıl əlcəyi Noyer aldı...
- Ola bilər. Amma mənim fikrimcə, ən güclü qapıçı Əl-Cəzair komandasının qapıçısı idi.

- Bu çempionatda Kosta-Rika ilə Azərbaycan müqayisə olundu. Kosta-Rika kiçik ölkə olsa da, çempionatda çox güclü oynadı, amma Azərbaycan futbolunun vəziyyəti ürəkaçan deyil...
- Bilirsiniz, bu məsələ mərhələ-mərhələ olmalıdır. Kosta-Rika illərdir müstəqil ölkədir. Biz Sovetlər Birliyinin tərkibində olmuşuq, son 20 ildir müstəqilliyimizə qovuşmuşuq. Futbol elə şeydir ki, 5-10 ilə başa gələn məsələ deyil. Bunun üçün illər lazımdır. Uşaq futbol məktəbi formalaşmalı, yetişməli və mərhələli şəkildə gəlib yüksək səviyyəyə çatmalıdır. Kosta-Rikanın oyunçularının əksəriyyəti ayrı-ayrı Avropa komandalarında oynayırlar.

- Milli yığmamızın baş məşqçisi Berti Foqtsun işini necə qiymətləndirirsiniz?
- Əsas iş baş məşqçidən daha çox oyunçulardan asılıdır. Oyunçunun fiziki göstəricisi olmalıdır ki, baş məşqçi proqramını tətbiq eləsin. Oyunçunun fiziki hazırlığı, gücü yoxdursa, ona istəyirsən Braziliya, istəyirsən Almaniya, yaxud Argentinanın proqramını tətbiq elə, bu adam onu həyata keçirə bilməyəcək. Birinci oyunçu olmalıdır ki, Foqts da onunla işləyə bilsin. Ağac olur, sonra ona peyvənd vururlar, müxtəlif calaq edirlər, gəlib ortaya meyvə çıxır. Gərək ağacın kökü möhkəm olsun. Möhkəm olmayanda o, alınmır. Təcrübə olmalıdır, uşaqlıqdan futbol məktəblərinə getməlidirlər. Artıq o proses başlayıb, Avropa məktəblərinə gedib aylarla təcrübə keçirlər, məşq edirlər. Bunlar hamısı vacib şərtlərdir.

- İdmana bu qədər dövlət tərəfindən pul ayrılır, amma futbol illərdir dirçəlmir...
- Bu, pulla deyil ki. Bosniya və Herseqovina balaca dövlətdir, heç 5 milyon əhalisi yoxdur, amma çempionatın səkkizdə bir mərhələsinə qədər gəldi.

- Bizim gənclər səriştəsizdir?
- Ənənə olmalıdır. Keçmiş Yuqoslaviya futbol məktəbi çox ciddi futbol məktəblərindən idi. Bosniya və Herseqovina, Xorvatiya futbolçuları hamısı həmin məktəblərdə yetişmiş insanlardır. Biz ittifaqın tərkibində olmuşuq, çalışırdılar ki, yığma komandalarda qeyri-millətlərdən daha çox olsun. Məsələn, Azərbaycanda “Neftçi” yığma komandasının tərkibinin 50 faizi digər millətlərdən idi. Bunların özü də əlbəttə ki, təsir göstərir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər