5 Oktyabr 2021 09:14
11 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Aşıq Maqsud Fəryadi Türkiyənin məşhur saz aşığı və xalq ozanıdır. O, kökəncə azərbaycanlı olan ailədə doğulub.

Əsl Adı Maqsud Koca olan aşıq 1961-ci ildə Qarsın Sosgert kəndində (indiki Daşdərə) anadan olub. İbtidai təhsilini Sosgertdə başa vursa da, ailəsinin maddi imkansızlığı səbəbindən təhsilini davam etdirə bilməyib.

Türkülərin izi ilə

Aşıq Maqsud kiçik yaşlarından musiqi və xalq şeiri ilə maraqlanıb. İlk saz (bağlama) dərslərini atasından alıb. Bundan sonra yoluna təkbaşına davam edib. Qarsda və yaşayan bir çox aşıqla tanış olaraq, onlardan da dərs alan şair bunun sayəsində xalq şeiri və mahnıları ilə bağlı biliklərini artırıb. Amma onun ustadı öz kəndindən olan Sosgertli Hicrani idi. Əvvəlcə anonim türkülər oxuyan Fəryadi zaman keçdikcə öz türküləri ilə eşidilməyə başlayıb.

İstanbul yollarında

Qısa müddətdə şöhrəti bütün Qarsa yayılır və toy məclislərinin vazkeçilməz səsinə çevrilir. On altı yaşında bir qohumunun köməyi ilə İstanbula gəlir və bir ay ərzində ilk kasetini buraxır. Müxtəlif yarışmalara, tədbirlərə dəvət alır.

Türkiyə Cümhuriyyətinin müstəqilliyinin 70-ci ildönümündə yazdığı şeir Mədəniyyət Nazirliyinin təşkil etdiyi yarışmada 270 şeir arasında ikincilik mükafatını alır. Bu şeiri orta məkəblər üçün dərsliklərə daxil edilib. Həmin şeirinə TRT tərəfindən klip çəkilib. Yenə də cümhuriyyətin 75 illiyində yazdığı şeir də Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən ikinci yerə layiq görülüb.

Fransa, Belçika, Hollandiya, Lüksemburq və Rusiya da daxil olmaqla dünyanın bir çox ölkə və şəhərini gəzən Fəryadi aşıqlığın tarixindən danışıb, türkülər söyləyib. Harvard Universiteti tərəfindən xalq şeiri ilə bağlı mühazirə oxumaq üçün ABŞ-a dəvət olunub.

Canlı korifey

1996-cı ildə fəaliyyətini İstanbulda qurduğu Xalq Şairləri Mədəniyyət Evində davam etdirib.

Yaradıcılığı dönəmində 15 albomu işıq üzü görən Maqsud Fəryadi 2007-ci ildə “Su yandı” adlı şeirlər kitabını nəşr etdirib.

Aşıq və xalq şeirləri ənənəsini gələcək nəsillərə çatdırmaqda və gənc aşıqların yetişdirilməsində göstərdiyi səylərə görə 2020-ci ilin fevral ayında Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Canlı korifey” mükafatını alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər