28 Yanvar 2021 11:56
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Cabir Əhmədxanov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavid Əhmədxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Cabir Əhmədxanov 22 iyul 2019-cu il, saat 20 radələrində, qardaşı Cavid isə saat 21 radələrində Quba rayonu Aşağı Xuc kəndində yerləşən “Dostum” kafesinə gəlib. Onlar birlikdə, həmçinin tanışlarının iştirakı ilə xeyli miqdarda spirtli içki içiblər.

Saat 22:30-da sərxoş vəziyyətə Cavid ucadan nalayiq ifadələr işlədib, əllərini zərbə ilə arxasında oturduqları masaya vurub, Cabir isə masanın üzərindəki stəkanı salaraq sındırıb.

Kafenin işçisi Araz Mirzəməmmədov onlara yaxınlaşaraq artıq gec olduğunu və kafeni bağlamaq istədiyini bildirib. Cabir bu sözləri özünə sığışdırmayaraq, digər müştərilərə əhəmiyyət vermədən heç kəsin onu burdan çıxarmağa ixtiyarı çatmadığını, kafenin onun icazəsi olmadan bağlanmayacağını deyib, zor tətbiq edəcəyi ilə Araza hədə-qorxu gəlib.

Araz Mirzəmmədov Əhmədxanov qardaşlarının sərxoşluğunu nəzərə alıb, münaqişə yaratmamaq məqsədilə kafeni bağlamayacağını söyləyib, amma bir az sakit olmağı xahiş edib, onları sakitləşdirməyə çalışıb.

Bu zaman kafenin giriş qapısının yanında çöldə əyləşmiş 1989-cu il təvəllüdlü Babək Şükürov səs-küyü eşidib, həmkəndlisi Araz Mirzəmmədova dəstək olmaq üçün kafeyə daxil olub, yaxınlaşaraq ondan nə baş verdiyini soruşub. Həmçinin Əhmədov qardaşlarına da iradını bildirib. Bundan hiddətlənən Cabir ayağa qalxaraq əli ilə Babəki itələyib. Babək də ona qaydada cavab verib.

Daha sonra dava böyüyüb, Əhmədxanov qardaşları bıçağa əl atıblar. Nəticədə Babək Şükürov bıçaqlanaraq qətlə yetirilib.

İstintaq orqanı tərəfindən Cavid və Cabir Əhmədxanov qardaşlarının barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabir Əhmədxanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, mərhum Babək Şükürovu əvvəllər yalnız sifətdən tanıyıb, onunla heç bir münasibəti olmayıb: “Böyük qardaşım Cavid valideynlərimlə Quba rayonunun Aşağı-Atuc kəndində yaşayırlar. Öz tanışlarım mənə “Çinar” ləqəbli ilə müraciət edirlər.

Mən və qardaşım Cavid qonşu kənddə, yəni Quba rayonunun Aşağı Xuc kəndində Quba-Bakı yolunun kənarında yerləşən “Dostum” kafesinə mütəmadi olaraq gedib-gəlmiş və orada öz dostlarım ilə birlikdə yeyib-içmişik. Həmin kafeni Araz adlı tanışım işlədib, mənimlə münasibətləri həmişə yaxşı olub”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü saat 19-20 radələrində yaşadığı evdən çıxaraq pivə içmək üçün “Dostum" kafesinə gəlib: “Tək oturdum, iki bakal pivə sifariş verdim. Kafedə tanıdığım başqa müştərilər də vardı. Az sonra həmin kafeyə qohumlarım, yəni xalam oğlu və dayım oğlu da gəldi. Onlar ayrı masada oturub özləri ilə gətirdikləri çaxırı içməyə başladılar.

Təxminən saat 21 radələrində böyük qardaşım Cavid də kafeyə gəldi, Rövşən və Hikmət əyləşdiyi masanın arxasında oturdu. Az sonra məni də oturduqları masaya dəvət etdilər, birlikdə yeyib-içməyə başladıq. Qardaşım Cavid yenə çaxır içmək istədiyinə görə kafe ilə yanaşı yerləşən mağazaya gedib, oradan bir butulka “Kaqor” markalı litrlik çaxır alıb geri qayıtdım.

Az sonra digər həmkəndlimiz də gələrək bizimlə əyləşdi. Həmin axşam mən və qardaşım Cavid hər birimiz təxminən bir litrdən artıq çaxır içmişdik. İçkili olduğumuza görə ucadan danışırdıq. Təxminən saat 22.30 radələrində kafeni işlədən Araz bizim masasaya yaxınlaşaraq, artıq gec olduğunu və kafenin bağlamaq istədiyini bildirdi. Arazdan xahiş etdim ki, bir qədər vaxt versin, 10-15 dəqiqədən sonra kafeni tərk edəcəyik. Araz bir söz demədı, bizimlə razılaşdı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman Arazın həmkəndlisi olan Babək Şükürov onların masasına yaxınlaşıb, onlarla kobud danışıb, tez bir vaxtda kafedən rədd olmalarını deyib: “Mən isə 10-15 dəqiqəyə duracağımızı söylədim və Babəkdən nə səbəbə bizi təhqir etdiyi soruşdum. Gözləmədiyim halda Babək sifətimə yumruqla bir-iki dəfə vurdu. Əsəbləşsəm də, onu vurmadım, əlimlə kənara itələdim. Qardaşım Cavid araya girərək məni sakitləşdirməyə çalışdı.

Qardaşım Cavidlə kafeni tərk etdik. Lakin Babək arxadan mənə yaxınlaşdı, ünvanıma təhqiramiz sözlər dedi. Mən Babəkə onunla mübahisə etmək istəmədiyimi və başqa vaxt söhbət edəcəyimizi söylədim. Babək yenə də hücum edərək yumruqla məni bir neçə dəfə vurdu.

Artıq əsəblərimi cilovlaya bilmədim, Babək məndən güclü olduğu üçün özümü müdafiə etmək və onu uzaqlaşdırmaqdan ötrü cib bıçağımı çıxaraıb havada yelləməyə başladım. Babək yenə üstümə hücum edərək əli ilə məni vurdu. Bıçağı yenə Babəkə tərəf yellətdim və gözləmədiyim halda bıçaq ona bir və ya iki xəsarət yetirdi”.

Cabir Əhmədxanov bildirib ki, bundan sonra Babək sakitləşib və o, həmin yerdən aralanıb: “Bu zaman qardaşım Cavid mənim yanıma gələrək sifətimin əzilmiş vəziyyətdə olduğunu gördü və mənim Babəki bıçaqla vurduğumu bilərək üstümə qışqırdı. Buna görə Cavidə bir şillə vurdum. O da sakitləşdi və Babəkə yardım etmək lazım ola biləcəyini deyib onun yerini soruşdu. Mən Babəkin kafeyə qayıtdığını bildirdim.

Qardaşım kafeyə yaxınlaşdı, Arazı çağıraraq Babəki xəstəxanaya aparmaq lazım olub-olmadığını soruşdu. Lakin Araz qapını açmadı və Babək ölərsə, bizim cavab verməli olduğumuzu bildirdi. Buna görə qardaşım Cavid əsəbləşərək kafenin şüşəsini əli ilə vuraraq sındırdı. Araz hər şeyin qaydasında olduğunu bildirdi və biz sakitləşərək oradan getdik”.

Cabir Əhmədxanovun sözlərinə görə, bundan təxminən bir-iki saat sonra Quba rayon polis şöbəsinin işçiləri onların yaşadıqları evə gəlib: “Polislərin deməsindən bildim ki, xəstəxanaya aparılan zaman Babək yolda vəfat edib. Mən hadisənin necə baş verdiyini polis işçilərinə bildirdim və Babəkə xəsarət yetirdiyim bıçağı könüllü olaraq təqdim etdim. Baş vermiş həmin hadisəyə görə peşmançılıq çəkirəm. Hesab edirəm ki, Babək Şükürovun məni təhqir edərək üstümə hücum etməsəydi, həmin hadisə baş verməzdi”.

Digər təqsirləndirilən Cavid Əhmədxanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, qətl hadisəsinin iştirakçısı olmayıb.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cabir Əhmədxanov 18 il, Cavid Əhmədxanov isə xuliqanlıq etməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov