29 Dekabr 2021 16:03
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 1994-cü il təvəllüdlü Xəyal şəxsi münasibətlər zəminində Zavura xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 15 oktyabr 2020-ci ildə saat 23 radələrində baş verib. Xəyal Biləcəri qəsəbəsindəki evlərində sərxoş vəziyyətdə Zavuru bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Xəyalın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2020-ci il oktyabrın 15-də axşam saatlarında əmisi oğlu və onun qonşusu Elçinlə birlikdə məhəllərindəki “Fazenda” kafesində ordunun 2-ci Qarabağ Müharibəsində əldə etdiyi döyüşün uğurunu qeyd ediblər: “Özüm əslən qarabağlı olduğumdan döyüş uğurları mənə təsir etmişdi və adi normamdan çox spirtli içki içdiyimə görə sərxoş idim. Məlum komendant saatı ilə əlaqədar oturduğumuz kafe bağlandığından məcbur olaraq saat 21.00-da oranı tərk etdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra bir az da əylənmək və həmin günü qeyd etmək məqsədi ilə Elçingilin qapısında onun avtomobilinin arxa yük yerini açıb, orada yeyib-içib, səsli musiqiyə qulaq asıblar: “Elçingillə üzbəüz yaşayan həyətdən əvvəllər üzdən tanısam da, adının İntiqam olduğunu sonradan öyrəndiyim cavan bir oğlan çıxaraq bizə yaxınlaşdı. Bir qədər aqressiv şəkildə iradını bildirdi, artıq gec olduğunu, sakitliyə riayət etməyimizi tələb etdi.

Sərxoş olduğuma görə İntiqamın belə bir xoş gündə döyüş uğurlarımızı qeyd etdiyimiz vaxt irad bildirməsinə əsəbiləşdim. Aramızda mübahisə yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman İntiqamgil tərəfdən digər qonşu, üzdən tanısa da, adının Zavur olduğunu sonradan öyrəndiyi şəxs də onlara yaxınlaşıb: “Zavur İntiqam tərəfdən çıxış etdi, məni danlamağa başladı. Zavur qələbəni döyüş meydanında qeyd etmək, qoçaqlığı döyüşdə göstərmək gərək olduğunu kimi sözlərlə bizi təhqir etdi. Bu sözlər məni lap əsəbiləşdirdi. Əlimi atıb cibimdə gəzdirdiyim balaca suvenir cib bıçağını çıxardım. Qaranlıqda Zavura tərəf bir zərbə atdım. Zərbə onun qarın nahiyəsindən dəydi.

Zavur qarnını tutaraq evinə tərəf geri dönsə də, deyinməyə davam etdi. Məni hədələdi, təhqirlər söylədi, sonra həyətinə tərəf getdi. Onu təqib etdim, nə demək istədiyini soruşmaq istədim. Buna görə aramızda dartışma baş verdi. Həmin vaxt əlimdəki bıçaq Zavurun başının arxa hissəsinə dəydi. Bundan sonra qorxaraq oradan uzaqlaşdım”.

Xəyal bildirib ki, Zavurla barışıb, onun müalicəsi ilə bağlı maddi yardım edib. Etdiyi əməldən utanır və çox peşmandır.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılıb.

Xəyalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib.

Xəyalın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov