16 Sentyabr 2022 12:25
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni İctimai Nəzarət Şurası” adı altında olan təşkilatın sədri Ramil Şükürov və təşkilatın üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı, Diləfruz Mustafazədənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra həm istintaq dövründə, həm də hazırda məhkəmədə Ramil Şükürovun hüquqlarını müdafiə edən Rəşad Bayramov vəkil kimi işə çıxamaqdan imtina edib. O bildirib ki, cinayət işi üzrə zərərçəkmişlərdən biri Bəhruz Bayramov onun əmisi oğludur: “Əmim oğlu ona pul atıblar deyə şikayətçi olub və bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Mənim vəkil kimi bu işə çıxmağıma qanun yol vermir”.

Hakim vəkilin etirazını qəbul edib, deyib ki, təqsirləndirilən Ramil Şükürova yeni vəkil təyin olunması üçün hazırlıq iclasında fasilə elan olunmalıdır.

Zərərçəkmişlərdən biri Sevda Şıxıyeva etirazla bildirib ki, şəhid anasıdır, onun övladının pulunu ələ keçiriblər: “Bunlar mənim balamın haqqını tapdalayıblar. Dedim ki, Koroğlu, bu mənim oğlumun puludur. Qurana əl basdı ki, mən şəhid anasını aldatmaram. İndi məhkəməni təxirə salırsız? Mən xəstə adamam, uzaqdan (Daşkəsən rayonu nəzərdə tutulur – red.) gəlirəm. İmkanım yoxdur hər dəfə məhkəməyə gəlim”.

Hakim isə deyib ki, vəkilin iştirakı olmadan prosesi apara bilməzlər, buna görə iclasın təxirə salınması qaçılmazdır.

Sevda Şıxıyeva yenə də etirazını bildirib: “Mən pulu verəndə dedim ki, bu, balamın qan haqqıdır”.

Koroğlu İbrahimov bildirib ki, heç kimin pulunu ələ keçirməyib: “Bu şəxsdən iş görmək üçün pul almışdıq. Amma iş elə gətirdi ki, düzəlmədi. Bu şəxsin pulunu mən müstəntiqə vermişəm. Həmin pul ziyanın ödənilməsi üçün nəzərdə tutulub və istintaqın depozitində saxlanılır”.

Hakim deyib ki, məsələ məhkəmə baxışı zamanı aydınlaşdırılacaq.

Növbəti proses sentyabrın 20-də davam edəcək.

İttihama görə, "Yeni İctimai Nəzarət Şurası" adı altında olan təşkilatın sədri Ramil Şükürov və təşkilatın üzvləri – Koroğlu İbrahimov, Elçin Aslanlı, Diləfruz Mustafazədənin əməllərindən Rövşən Bəymuradov, Nüranə Vəliyeva, Aysel Məmmədova, Zakir Süleymanov, Yeganə Batıyeva, Vüsal Zeynalov, İlqar Mirzəyev, Xuraman Quliyeva, Hikmət Nəcəfli, Əliheydər Axundov, Vüqar Qaracayeva, Bahram Həşimov, Xəyalə Miriyeva, Arzu Alıyeva, Murad Xalıqverdiyev, Əli Həşimov, Sevda Şıxıyeva, Sevda Verdiyeva, Bəhruz Bayramov, Həsən Ağayev, Ramiz Allahverdiyev, Kazım Mansurov, Rasim Səfərov, Kərəm Əmiraslanov, Samir Qazıxanov, İltimas Məmmədova, Vüsal Mirzə və Bayram Ələsgərov zərər çəkiblər.

Zərərçəkmişlərdən Sevda Şıxıyeva və Sevda Verdiyeva şəhid anasıdır.

Sevda Şıxıyevanın oğlu Orxan Şıxıyev, Sevda Verdiyevanın isə oğlu Röyal Verdiyev Vətən müharibəsi zamanı şəhid olublar.

Cinayət işi üzrə zərərçəkmişlər Sevda Şıxıyevaya qarşı 5 min manat, Sevda Verdiyevaya qarşı isə 6 min manat dələduzluq edilib.

İttihama görə, bir çox rayon və şəhərlər üzrə bölmə və yüzlərlə üzvü olan qanunsuz təşkilatın sədri Ramil Şükürov rəhbərlik etdiyi qurumun guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək, qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıblar, qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Röyal Verdiyev "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Orxan Şıxıyev isə “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda" medalı ilə təltif edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər