16 İyun 2015 17:42
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gəncə Apelyasiya Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev və digər şəxslərin məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyev, Elman Məmmədov, Taleh Süleymanovun apelyasiya şikayəti üzrə ilkin baxış baş tutmayıb.

Bu barədə Teleqraf.com-a cinayət işi üzrə zərərçəkmiş Ramazan Səlimovun vəkili İradə Cavadova məlumat verib. O, bildirib ki, Həsən Əliyevin vəkili Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayət veriblər: “Onlar şikayətlərində işə Bakı Apelyasiya Məhkəməsində baxılmasını istəyiblər. Bundan əvvəl Həsən Əliyev israrla işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasını istəyirdi. Amma indi işinə Bakı Apelyasiya Məhkəməsində baxılmasını istəyir. Onlar Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun işə Gəncə Apelyasiya Məhkəməsində baxılması barədə qərardadının ləğv edilməsini istəyiblər. Həmçinin prosesə Elman Məmmədov və Taleh Süleymanov gətirilsə də, Həsən Əliyev gətirilməyib. Onun vəkilləri belə əsaslandırıblar ki, Həsən Əliyev müalicə müəssisəndədir. Həsən Əliyevin prosesə gətirilməməsi qanun pozuntudur”.

İradə Cavadova qeyd edib ki, Həsən Əliyevin vəkilləri şikayət verdikləri üçün apelyasiya instansiyasında məhkəmə prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb: “Ali Məhkəmənin qərarından sonra apelyasiya instansiyasında işə baxılması vaxtı bəlli olacaq”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbsə alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin zərərçəkmiş Ramazan Səlimovun müdafiəçisi Iradə Cavadova da apelyasiya şikayəti verib. O, dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən əlavə maddi təzminat istəyib.

Ittiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanışı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan nə iş düzəlib, nə də pul geri qaytarılıb.

Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Sikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub.

Həmçinin Ramazan Səlimovun Həsən Əliyevə qarşı qaldırdığı mülki iddia təmin edilib və Həsən Əliyev iş üzrə mülki cavabdeh kimi tanınıb.

Hacı Zeynalov


Müəllif: