29 Avqust 2015 19:08
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorunun cəzası azaldılmadı

Dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunan Ağdaş Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vahid Seyfəlov, mərkəzin mühasibi Müşfiq Baxışov, “Azərpoçt” MMC-nin Ağdaş filialının Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifov, Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis işləmiş Müstəqim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Mərkəzin direktoru Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşfiq Baxışovun, Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Peşə məktəbinin baş mühasibi Yaşar Həsənovun, Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifovun və digər şəxslərin bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında vəfat etmiş və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə, ümumilikdə 773 nəfərə sosial müavinət təyinatı aparılıb. Nəticədə 2 milyon manata yaxın dövlət vəsaiti mənimsənilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Seyfəlov 10 il, Müşfiq Baxışov 10 il 6 ay, Əslan Lətifov 9 il 6 ay, Müstəqim Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən Yaşar Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alıb.

Təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. İş araşdırılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilərək hakim Mirbahəddin Hüseynovun icraatına verilib.

“Vətəndaşlar pullarını nağd şəkildə alıblar”

Vahid Seyfəlov elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2 yanvar 2004-cü ildən 5 mart 2007-ci ilədək Ağdaş Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş mühasib, 5 mart 2007-ci ildən 2013-cü ilin yanvar ayının 8-dək isə direktor vəzifələrində işləyib. İdarədə 3 sektor - ünvanlı sosial yardım və sosial müavinətlər sektoru, mühasibat uçotu sektoru və sosial-məişət sektoru fəaliyyət göstərib: “Direktor olduğum müddətdə sosial müavinət işlərinə nəzarəti şifahi qaydada müəyyən edilmiş iş bölgüsünə əsasən baş mühasib Müşfiq Baxışova, ünvanlı sosial yardım işlərinə nəzarəti isə sektor müdiri Anar İbrahimova həvalə etmişəm. Sosial müavinət işləri üzrə sənədləri məsləhətçi Mahizər Musayeva tərtib edib. Bundan sonra təyinat barədə qərar qəbul olunub, qərar məsləhətçi, direktor müavini, baş mühasib və direktor tərəfindən imzalanıb, idarənin möhürü ilə təsdiq olunub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, vətəndaşlar müvafiq sənədləri toplayaraq Mərkəzin məsləhətçisi Mahizər Musayevaya veriblər: “Məsləhətçi də sənədləri tikərək komissiyaya təqdim edib. Həmçinin təyinatlar barədə məlumatlar ümumi məlumat bazasına yığılıb. Vətəndaşlar son illərdə sosial müavinət məbləğlərini Beynəlxalq Bank tərəfindən plastik kart vasitəsi ilə alıblar. Lakin bəzi işləri bazaya yerləşdirmək mümkün olmadığından pullarını nağd şəkildə alan vətəndaşlar da olub”.

“Saxta işlərdən direktor təyin olunanda xəbər tutmuşam”

Vahid Seyfəlov qeyd edib ki, 2003-cü ilin avqust ayında struktur dəyişiklikləri ilə əlaqədar bütün sosial müavinət işləri Əhalinin Sosial Müdafiəsi Mərkəzindən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə göndərilib: “Lakin sonradan 2006-cı ilin yanvar ayında yenidən həmin işlər Əhalinin Sosial Müdafiə Mərkəzinə qaytarılıb. 2007-ci ilin mart ayında Mərkəzin direktoru vəzifəsinə təyin olunduğum vaxtadək yaşamayan, yaxud uydurma şəxslərin adlarına şəhər icra nümayəndəliyindən və mənzil-istismar sahəsindən saxta arayışlar alınmaqla tərtib olunmuş saxta işlər olub.

Həmin işlərin əvvəllər Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsində işləmiş Hənifə Yusifova tərəfindən, yaxud 2003-cü ilin avqust ayından 2006-cı ilin yanvar ayınadək olan müddətdə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbərliyi tərəfindən tərtib olunduğunu bilməmişəm. 2007-ci ilin mart ayınadək müddətdə baş mühasib vəzifəsində işləməyimə baxmayaraq, həmin qanunsuz təyinatlarla bağlı pul vəsaitlərinin götürülməsindən xəbərsiz qalmışam. Yalnız direktor təyin olunduqdan sonra həmin saxta işlərdən xəbər tutmuşam".

“Mənə pul verib”

Vahid Seyfəlovun ifadəsinə görə, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə direktor təyin olunmasından bir neçə gün sonra Mahizər Musayeva ona məbləğini xatırlamadığı pul verib: “Mahizər bunun qalıq pullardan, yəni vətəndaşlara verilməyən pullardan direktora çatan pay olduğunu söylədi. Həmin vaxtdan sonra uydurma, yaşamayan vətəndaşların adlarına, bəzən isə yaşayan şəxsin adına özünün məlumatı olmadan sosial müavinət işi açılmasından, qanunsuz olaraq yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinətlərin təyin olunmasından, həmin şəxslərin adlarına olan P-2 formalarına pul vurulmasından xəbər tutmuşam. Lakin həmin işlərin tərtibatı ilə Mahizər Musayeva məşğul olub.

Mənim müavinət işlərinə tikilən saxta sənədlərin Mahizər tərəfindən necə və hansı qaydada alınmasından, həmçinin müavinət işlərində Mahizər tərəfindən edilən düzəlişlərdən xəbəri olmayıb. Arayış və ya hər hansı sənəd üçün heç bir təşkilat və ya müəssisənin rəhbərliyi ilə danışmamışam. Müavinət təyinatlarının qeydiyyatı kitabı Mahizər Musayevada olub.

Saxta müavinət işlərinə görə mühasibatlıqda P-2 formasında ödəniş tapşırıqları hazırlamışam. Saxta P-2 formaları üzrə ödənişlər vətəndaşların ünvanlarına uyğun olaraq “Şəhər-1", yaxud Maşad poçt şöbələrinə göndərilib. ”Şəhər-1" poçt şöbəsinin müdiri Adil Həsənov, Maşad poçt şöbəsinin müdiri Əslan Lətifov saxta P-2 formalarında göstərilmiş məbləğlərə uyğun olaraq, poçt filialından qəbul etdikləri nağd pul vəsaitlərini götürüb və vətəndaşların əvəzinə imza edərək pulu Mahizərə veriblər. Həmin pullar üç yerə - mənim, Mahizər və poçt şöbəsinin rəisinin arasında bərabər bölünüb. Həm “Şəhər-1" poçt şöbəsinin müdiri Adil Həsənov, həm də Maşad poçt şöbəsinin müdiri Əslan Lətifovla Mahizər Musayeva danışıb və razılaşıblar. Mahizər Musayeva idarədə olmayan zaman Əslan Ləlifov bir neçə dəfə mənə pul verib. Lakin Adil Həsənov mənə pul verməyib”.

773 sosial müavinət işi qeyri-qanuni təyin olunub

Vahid Seyfəlovun sözlərinə görə, Müşfiq Baxışov 11 iyun 2007-ci il tarixdən Ağdaş Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində baş mühasib vəzifəsində işləyib: “Müşfiq Baxışovun saxta müavinət işlərindən məlumatı olmayıb. 2013-cü ilin mart-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən Ağdaş Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində yoxlama aparılıb. Yoxlama zamanı sosial müavinət işləri üzrə təyinat müddətinə düzgün əməl edilməməsi və digər səbəblərdən artıq, yaxud əskik vəsaitin ödənilməsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsindən və sair orqanlardan bütün zəruri sənədlərin əlavə edilməməsi, poçt şöbəsi vasitəsilə qanunsuz ödənişlərin aparılması, TSEK-in arayışlarında düzəlişlərin edilməsi, rayonda qeydiyyatda olmayan vətəndaşlara icra nümayəndəliyinin arayışlarına əsasən yaşa görə sosial müavinətlərin təyin olunub ödənilməsi, 18 yaşına çatmış, faktiki hərbi xidmətdə olan şəxslərə Ağdaş Peşə Məktəbinin arayışlarına əsasən qanunsuz təyinatlar aparılması aşkar olunub. Yoxlamanın nəticəsinə görə 773 sosial müavinət işinin qeyri-qanuni təyin olunduğu müəyyən edilib.

Lakin həmin saxta müavinət işlərinin bəzilərində ümumiyyətlə imzam olmayıb. Həmçinin bəzi saxta müavinət işlərinin ilkin təyinat qərarına da imza atmamışam. Qanunsuz sosial müavinət işlərindəki sənədlərin toplanması, o cümlədən saxta arayışların əldə olunaraq, həmin işlərə əlavə edilməsi məsələləri ilə bilavasitə məsləhətçi Mahizər Musayeva məşğul olub. Qanunsuz işlər üzrə götürülmüş sosial müavinət pullarının da 1 payı Mahizər Musayevaya çatıb".

Digər təqsirləndirilən Müşfiq Baxışov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, saxta sənədlərin hazırlamasından xəbəri olsa da, amma sənədlərin hazırlanmasında iştirak etmədiyini qeyd edib. Əslan Lətifov özünü qismən, Müstəqim Məmmədov isə özünü təqsirli bilib.

Adı cinayətdə hallanan Mahizər Musayeva iş üzrə şahid qismində ifadə verib. O, saxta sənədlərin hazırladığını etiraf edib.

Tərəflərin ifadələrini dinləyən hakim heyəti sonda qərar elan edib. Müstəqim Məmmədovun apelyasiya şikayəti təmin edilib və onun cəzası n 7 il 3 ay 20 gün müddətinə endirilib, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, cəzası şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Müşfiq Baxışovun isə cəzasından 6 ay çıxılıb və üzərində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Əslan Lətifovun cəzası 9 il 6 aydan 9 ilə endirilib.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər