8 Avqust 2016 17:29
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon zəhmətinin bəhrəsini ən çox biz gördük, deyəsən. Bütün məişət ixtiralarını məhz bizim cəmiyyət üçün kəşf etdilər sanki. Ki, qadını qabyuyan, paltaryuyan, ətçəkən, sokçəkən robot kimi istifadə etməyək. Amma biz bunu dərk edə bildikmi?! Ya da sualı belə dəyişək: bütün bunları dərk etmək istədikmi?

XXI əsrdi və hələ də qadın köləliyi dəyişməyib. Doğrudur, indi qabyuyan, ətçəkən deyil qadın. Yalnızca mövzusu, istiqaməti dəyişib bu köləliyin. Əvvəl dərdimiz kişilərlə mübarizə idi (ata, qardaş, nişanlı, ər, oğul). Az-çox savaşırdıq, dirəşirdik. Döyüşdük və bacardıq. Elə ki, illər ötdü, kişilər bizi anlamağa çalışırdılar, əsirliyimiz, köləliyimiz başqa yön aldı. Bu dəfə analarımızın “qarmağ”ına keçdik. Qızını cəmiyyətə kölə yetişdirən analarla mübarizəmiz başladı bu dəfə. Özləri 15 yaşında ərə gedən analarımız bizi oxutmaq yerinə universitetə “soxuşdurmaq”, diplomu əlimizə tutuzdurub, elə oradan da biryolluq ər evinə yola salmaq, nəvə həsrəti ilə alışıb-yanmaq bəlasına mübtəla oldular. Ehhh, bu qız anaları. Adı necə də mübarək səslənir. Amma... Amması var. Deyiləsi olmasa da, deyəcəm!

Qız anlarının qurumuş barmaqları oğlan anası olan evlərə zəng etməkdən yorulmur, saxta mehribanlıq, canıyananlıq etməkdən canları doymur. Buna sərf etdikləri vaxtı qonşudan geri qalma prinsipi ilə universitetə “soxuşdurduqları” qızlarının sonrakı taleyinin firavanlığına sərf etsəydilər, diplomlu deyil, yüksək bilikli, yanlışı-doğrunu anlayan, hansısa bir sahədə uzman olmaq arzusuyla, hədəflərinin ardınca addımlayan gənc qızlar yetişdirsəydilər, cəmiyyətdə qadın qadın kimi qəbul olunardı, qabyuyan, seriala baxan, tum çırtlayan kimi yox.

Hələ bu “anaların” qızlarını qonşu toya hazırlamaqları var ki, gəl görəsən. Vay odur ki, “gələcək kürəkəni” ilə bir toy məclisinə düşəcəklərini bilələr. Ömründə bir manat verib qızına kitab almağa qıymayan “ana”lar, şəhərin ən məşhur stilistini axtarır, ən bahalı geyim mağazasına qızı ilə gedib, “abırlı” paltar bəyənib alır. “Yaxşı ər” üçün toyu da bir fürsət bilib, illərlə cehiz üçün yığdığı pulu bir günün içində xərcləyir. Birgünlük bəzəyə xərclənən o pulu kitab mağazasında xərcləyən bir ana təsəvvür edin. Mən təsəvvür edə bilmədim nəsə.

Bir dəfə sözügedən analardan biri ilə təsadüfi söhbət etdim. Qızını niyə oxutmadığını soruşdum. “Yaxşı, oxutmursan, imkanın yoxdu anladım. Bəs niyə, ər axtarırsan, qoy sənət öyrənsin, özü öz pulunu qazansın” deyəndə, cavabı bu oldu ki, hər qadına ər çörəyi yemək, boy-boy övlad qismət olmur. Oxuyub nə edəcək ki? Sənət öyrənmək nəyinə lazımdır onun?

Heç nə... Oxuyub birdən həkim olar, buna nə ehtiyacımız var ki? Türkəçarələrə ümid olan millətik onsuz da. Oxuyub birdən müəllimə olar (buna ümumiyyətlə, ehtiyacımız yoxdur). Hamımız hər şeyi “bilirik” onsuz da. Oxuyub birdən kompüter mütəxəsisi olar. Haşa, internetlə dünyanı görər, hüquqlarını bilər, əri ilə dava edər, ayrılar, uşağını özü böyüdər, daha sağlam, daha gərəkli vətəndaş bağışlayar cəmiyyətə... Amma bunun da əmması var. Deyərlər, filankəsin qızı əri ilə dilləşdi, döyüldü, boşandı və s. Bundan sonra camaat sizə nə dəyər? Ayıbdı axı. Sən allah, qoyma qızın oxusun, sənət öyrənsin. Qoy gedib ər zəhəri yesin! Özü də ömür boyu!

İndicə yadıma düşdü ki, əslində, mən başqa problemdən söhbət açmaq, qızını boğub medianın 2-3 günlük “ulduz”u olan “ana”dan danışmaq istəyirdim. Uzun-uzadı danışmaq cəhdim o idi ki, həmin ananın böyütdüyü ananın başqa yolu yox idi. Zamanında hərisliyini, nəfsini, bilgisizliyini boğmayan ana vaxt gəlir qızını boğur.

Halbuki biz ana olaraq uşaqlara atadan da yaxın olmalıyıq. Uşaqları kim atsa da, biz bağrımıza basmalıyıq. Axı biz anayıq! Tez-tez onlara sevdiyimizi deməliyik. Lap səhv etsələr belə. Onlar bizdən düzü öyrənməlidir, səhvi yox. Onların səhvlərini bizdən başqa heç kim düzəldə bilməz axı. Onları kim bizdən yaxşı tanıya bilər ki?! Onları biz anlamalıyıq, biz başa düşməliyik.

Biz başa düşməyəndə rəfiqə axtarışına çıxırlar, rəfiqələrindən yarımayanda isə tanımadıqları, niyyəti bəlli olmayan “adamların” qarmağına keçirlər.

Bax, o zaman camaat adlı bəla qızlarımızın yaxasından yapışır. Camaatın nə deyəcəyindən qorxub anasının əllərinə sığınmaq istəyən, zorlanan bədənini anasının sığalı ilə sağaltmaq istəyən qız anasını tapmır yanında. Hər tərəfi qınaq, hər tərəfi giley-güzar...

Kaş camaatın nə deyib-danışdığını yox, qızının nə hiss edib, necə ağrıdığını düşünəydin. Kaş əllərinlə qızının boğazını yox, cəmiyyətin qınaqlarını boğaydın, ana!


Müəllif: Nigar Səma Qurbani