8 Aprel 2014 12:23
2 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dildə termin dəbi

Məmməd Süleymanovun “37 az.” saytında çıxmış “Yazmaq və susmaq” adında maraqlı yazısını oxuyandan sonra bir daha duydum ki, dilimizdə yavaş-yavaş özünə yer alan “diskurs” kimi sözlərlə bağlı düşüncələr söyləməyin zamanı çatıb. Həmin məqalədə müəllif “diskursun”, “performansın” tanış sözləri əvəz etməsinə dəb kimi kinayə edir. Belə kinayəyə qarşı deyiləm, haçansa özüm də etmişəm, ən azı ona görə. Ancaq tariximiz göstərir ki, termin dəbi qaçılmazdır, onun üçün də ondan kinayəsiz danışmaq olar.

Sözsüz “dil polisi” ideyasına qapılmadan deyə bilərik ki, öz sözlərimiz nə qədər ağıllı yazılarda işlənsə, o qədər təpərli (energetik) olar. Onun üçün də ilginc intellektual məqalə və kitabların dilində “anlayış”, “olqu”, “nədən”, “sonuc” kimi onlarla sözü dövriyyəyə buraxıb saxlayanlara minnətdar olmalıyıq. Ancaq öz sözlərin ola-ola nədən, özü də çox vaxt gənclərdə Avropa elmi terminlərinə gərək yaranır? Bunu da araşdırmalıyıq.

“Diskurs”la ilk tanışlıq

Mən peşəmə görə Batı fəlsəfəsinin və kulturologiyasının xeyli terminlərini pis bilmirəm. Ancaq İnternet Post-modernist, post-strukturlist əsərlərlə tanışlığa imkan verəndə “diskurs” sözünə rast gəlib mat qaldım. İşarələr sistemi ilə məşğul olanda yadımdadır ki, “tekst” termini işlək idi. “Tekst” elə nəsnələri deyirdi ki, millətçilik, İslamlçılıq edib onları “mətn”lə vermək alınmırdı. Məsələn, semiotika deyirdi ki, bütün bilgi, informasiya ötürən sistemlər tekstdir. Ona görə şeir və romanları da, şəhəri də, paltarları da, davranışları də tekst saymaq olar. O yerdə ki, “tekst” işlənir, orada işləmə çevrəsinə kontekst, kod və informasiya düşür. Ərəbin “mətn” (deyəsən, bel, kürək anlamları ilə bağlıdır ) sözü isə bütün bunlara susur, ona görə də “tekst”i əvəz edə bilmir.

Yeni terminlərin metaforalarda əsaslandırılması

Durumu anlamaq üçün geyim və paltarlara üz tutaq. Azəri qızı yüksək modanın donunu geyinib, saç yığımını götürəndə etnik kimliyi qalır. Yəni bizim qız olur. Ancaq bu yeni qiyafə əlavə bilgilər də verir, axı. Onun bədəni və xasiyyəti qalsa da geyimi milli donlardan fərqlənən, tutalım, külək effekti ilə, yəni dalğalanma ilə oynayır. Meh əsəndə saçın dalğalanmasını yada salın, necə gözəl olur. Elə paltarlar var ki, saçlar kimi yellə, mehlə oynayır (bunu bal rəqsində, buz rəqsində tez-tez görmək olur). Qadın geyimlərinin saysız formaları ilə, - baxın “Fəşn” proqramına, - çox nəsnələr görəcəksiniz.

“Diskus” kimi terminlərə çağdaş Azərbaycan mətnlərinə gəlmiş yeni paltarlar kimi baxmaq gərəkgdir. Bəs bu yenilik formadan başqa hansı mənaları gətirir? Ona baxaq.

Yenə “tekst”ə və “diskurs”a qayıdım

Mən İnternet çağında post-modernist fəlsəfi yazıları oxuyanda öyrəşdiyim “tekst” yerinə Rolan Bartda, Derridada, Liotarda “diskurs” sözünə rast gələndə ilk öncə sinirlənirdim: bu nə hoqqadır? Yeri gəlmişkən, 60-cı illərdə Avropaya “diskurs”u termin kimi Mişel Fuko gətirmişdi və bundan sonra post-modernizmin sevimli sözü olmuşdu.

Dediyim kimi, “diskurs” öncə mənə yapışmamışdı. Ancaq getdikcə “hakimiyyət diskursu”, “nifrət diskursu” tipində deyimlər mənə intellektual ləzzət verməyə başladı. Bart, məsələn, “hakimiyyət diskursunu” belə açırdı: mən hakimiyyət diskursu ilə bütün o diskursları adlandırıram ki, yetkinlik duyğusunu və ona görə də başqalarında suç, əskiklik duyğusunu yaradır.

Bizim sözümüzlə desək, hakimiyyət diskursu danlamaq diskursudur. Baxın, bütün vəzifəlilərin idarədə çıxışına. Bu çıxışlar tabelikdə olanları danlamaq, aşağılamaq üstündə qurulub. Yuxarıda olanın danlağından nə çıxır? O çıxır ki, pis işləyirsən, işə vaxtında gəlmirsən. Bu məsələlərdə mən kamiləm, ona görə danlamağa haqqım var. Sözsüz, kimsə “hakimiyyət diskursunu” “hakimiyyət danışığı” ilə əvəz edə bilər. Ancaq razı olun, “hakimiyyət diskursu” xeyli işlənib siyasi dünyanı açandan sonra onun mili sinonimi ondan enerji ala bilər.

DİLİMİZƏ GƏLƏN YENİ TERMİNLƏRİN BİR ÖNƏMİ ODUR Kİ, ÖZLƏRİ İLƏ YENİ DÜŞÜNCƏ YÖNÜMÜNÜ GƏTİRİRLƏR VƏ İŞLƏNİB AŞINANDAN SONRA BU DÜŞÜNCƏ TƏRZİNİ ÖZ SÖZLƏRİMİZ GÖTÜRÜR.

“Diskurs” nə gətirir?

İndi isə “diskurs”un “mətn”dən semantik fərqinə baxaq. Söz latınca ilkində vurnuxmanı, get-gəli bildirirdi. Sonra nitqi, söyləmi bildirdi (bizdəki düşüncə gəzintilərini yada salın, dialoq həm də düşüncə səpələntisi, gəzintisi deyilmi?! ). Daha sonra Dekartgildə “diskursiv” formasında rasionallığı bildirdi. Nəyisə söyləmək sözə söz qoşaraq, cümləyə cümlə qoşaraq düşüncələri ard-arda düzməkdir. Yəni bitdə-bitdə söyləməkdir. Rasionallıq bir düşüncədən o birisini məntiqlə çıxarmaqdır. Halbuki biz duyğulananda eyni anda yüz cür çalarlar ard-arda yox, yan-yana durur.

“Tekst” bütün bilgi daşıyanları bildirir, - memarlıq abidəsini, bodi-bildinqin yaratdığı bədəni, teatr tamaşasını. “Diskurs” isə yalnız bilgiləri sözə düzən mətnlərə deyilir. Ona görə elmdə filmə tekst deyirlər, ancaq diskurs demirlər.

HƏRÇƏND FİLMİN, MEMARLIQ ABİDƏSİNİN ƏSASINDA DURAN İDEYALARIN CÜMLƏ VARİANTINA “DİSKURS” DEMƏK OLAR.

Buna örnək. Borxes hekayələrində “yuxunun içinə girmək” dikursu dəfələrlə təkrar olunur. Daha sonra bu diskurs min yerə öz təcəllilərini vermişdir. Məsələn, Paviçin “Xəzər” romanına. Kamal Abdullanın “Dəvə yağışı” hekayəsində baba nəvəsinə irad tutur ki, sən hələ öz nağıllarının içinə girməmisən. Beləcə, bizim yazar Borxes Post-modernizminin verdiyi “yuxuya girmək” diskursunu nağıla girib orada yaşamaq diskursuna çevirir. Düşünürəm ki, bu axırıncı Azərbaycan ədəbiyyatına öz təcəllilərini verəcək: biri romanına girib orada yaşayacaq, o biri məqalələrinə girib orada itib batacaq....


Müəllif: Niyazi Mehdi