19 İyul 2014 19:25
3 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azından gündə yüz dəfə dilimizə gətirməsək belə, ağlımızdan keçiririk. Özünü mənim yerimə qoy - görüm necə darıxmırsan. Özünü mənim yerimə qoy - görüm necə əsəbiləşmirsən. Özünü mənim yerimə qoy - gör nələr çəkirəm. Bütün situasiyalarda vəziyyəti anlamaq, situasiyaya aydınlıq gətirmək üçün gərək özünü həmin adamın yerinə qoymağı bacarasan.

***

Bu, simpatiya deyil. Simpatiyaya nə var ki? Kimisə bəyəndin, kiməsə quşun qondu - ona qarşı simpatiyan yaranacaq. Bu, başqa hissdir. Bu da dəbdə olan söz, təbliğ olunan əməldir. Adına empatiya deyirlər. Empatiya edən adam da olur empat.

***

Allah üzümüzə baxıb ki, evimizi hələ sökmürlər. Əksinə, ötən əsrin 70-ci ilində cibimizin hesabına tikilən binanı indi dövlət hesabına bəzəyib-düzəməklə məşğuldurlar. Xub, halvaçı qızı daha şirin. İki həftə olar bina dəmir boru cəngəlliyinin əhatəsindədir - yerdən ta dama qədər. Ustalarsa cəmi-cümlətanı bir gün işləyiblər - sökdülər, tökdülər və getdilər. Belə niyə? Demə, bu bina yamamaq işinin də torbasında pişik varmış. İşi ləngidən də elə həmin pişikmiş. Mənimsə heç ağlıma gəlməzdi ki, dövlət başçısının sərəncamı ilə aparılan təmir işində belə, hansısa işbazlar pul qazanmaq fikrinə düşə bilə. Sakinlərdən yox ha.

Sakinlərdən pul yığan yoxdu. Əksinə, qonşular özləri bu istidə qapısında işləyən adama bardaq-bardaq soyuq kompot, çay-çörək verir, hələ işi keyfiyyətli görənə pul da boyun olurlar. Amma biri var kiminsə işinin müqabilində minnətdarlıq edəsən. Biri də var adamdan boş-boşuna pul tələb edələr. Səməd Vurğun küçəsindəki binanın alt mərtəbəsi - başdan başa ticarət və xidmət obyektləridir. O obyekt sahiblərininsə hərəsindən filan qədər pul istəyiblər - 300-2000 arası. Pul ödəyin ki, obyektinizi təmir edək. Guya bütün binanı təmir edib də alt mərtəbəni köhnə-kürüş vəziyyətdə saxlayasıdırlar. Təbii ki, elə olmayacaq. Sadəcə insanların sadəlövhlüyündən və qorxaqlığından istifadə edirlər. Bu millət beləcə bir-birini dolandırır. Bu xarabada elə bil hər kəs empat olmaq zorunda.

***

Boston universitetinin alimləri maraqlı eksperiment keçiriblər. Üç il sərasər aparılan təhqiqatın nəticəsindən bəlli olub ki, roman oxumağa meylli olan insanlar dost kimi yaxşı dost, sevgili kimi mükəmməl sevgili olurlar. Belə niyə? Demə, romana meyl edənlərdə başqalarının halına yanmaq, başqalarının problemilə ilgilənmək vərdişi yaranır.. Romanbazlar o qədər özlərini qəhrəmanların yerinə qoymağa vərdiş edirlər ki, həyatları daha asan keçir - dostlarını daha yaxşı başa düşür, hər kəsin xırda qüsurlarından qıcıqlanmır, özlərini qarşılarındakı insanın yerinə qoymağı bacarırlar. Bax budu empatiya - özünü başqasının yerinə qoymaq bacarığı. Kiminsə dərdinə şərik olmaq tam empatiya nümunəsi deyil. Empat - yalnız həmdərd olmayacaq, eynən sənin keçirdiyin hissləri yaşaya biləcək.

***

Empatiya daha çox qadınlara xas cəhətdi. Kişilər bir qayda olaraq daha soyuq, daha laqeyd, öz eqolarına bağlı olurlar. Bu eksperimenti də xarici mütəxəssislər keçiriblər. Səkinin qırağında bir nəfəri oturdublar ki, guya adamın halı pisləşib, yardıma ehtiyacı var. Yanına da bir müşahidəçi qoşublar. Bir neçə gün ərzində o adama yanaşan 2000 insanın 70 faizi qadın olub. Bu da qadının daxili keyfiyyətilə bağlıdır, əlbət. Axı ta qədimdən - kişilər ovçu kimi ov ediblər. Ovda yaralanan, zəif düşən qəbilədaşa, təbii ki, diqqət ayıran olmayıb. Xəstələri, yaralıları geri - mağaraya daşıyıblar ki, qadınlar onların qayğısını çəksin. Qadınlarsa həmin adamı sağaltmaqla məşğul olublar. Beləcə, bu gün dəbdə olan empatiya o zamandan qanımıza işləyib.

***

Deyirəm - nolaydı Səməd Vurğun küçəsindəki iri binanı təmir edənlər - yəni bu işin təşkilatçıları bir anlıq empatiya qabiliyyətinə yiyələnib də özlərini həmin adamların - xırda obyekt sahiblərinin yerinə qoymağı bacaraydılar. Atam-qardaşım, binanı təmir eləməlisən? Amma mən pul vermirəm deyə - eləməyəcəksən? Yarımçıq qoyacaqsan? Qoy da qoya bildiyin qədər. Rüşvət vermirəm - əl çək. Bax hər kəs bunu deməyi bacarsaydı - nə vardı ki?

***

Amma bir məsələ də var. Psixoloqlar deyirlər ki, lider tipinə məxsus insanlarda empatiya bilmərrə olmur. Tikintiyə rəhbərlik edən də özünə görə liderdi hər halda. Çox da ki günəmuzd işləyən fəhlə-fühləyə rəhbərlik edir. Hər halda liderdi. Ondan empat olmaz.


Müəllif: Afaq Vasifqızı