15 Avqust 2014 18:12
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mark ki var - Zukerberqi deyirəm, hər cikimizdən-bikimizdən halidi. Yəni insanların fikir paylıaşdığı sosial bir şəbəkə yaratmaqla kimin nə zaman harada olduğunu, kimin hansı məqamda nə düşündüyünü bilir, hər halımızdan xəbərdardı, məmnundu, ya deyil - deyə bilmərəm, amma məlumatı yetərincədir.

Kimin nə dediyi bir yana, hətta kimin nə yediyi, nə geydiyi, nə düşündüyü barədə də özümüzdən çox o xəbərdardı. Hələ şəxci ismarıcları demirəm - Mark yaratdığı bu sirr dünyasında hərgah onlardan da xəbər tutmaq istəmiş olsa, onda day heç zad. Hesab eləyin ki, məmləkət əhlinin böyük hissəsi tamam biabır olacaq. Amma şəxsi yazışmaları qoyuram bir tərəfə. Neyçün ki, çağdaş dünyada insanın doğal haqları sırasında şəxsi həyatın toxunulmazlığı prinsipi də var ki, həmin prinsipə görə mənim şəxsi azadlığımın sərhədləri başlayan yerdə başqasının azadlıqları bitir. Eynən də əksinə. Özəl həyat o zaman müzakirələrə çıxarıla bilir ki, bəni-adəm özü bunu istəmiş olsun, kimsənin zorla müdaxilə etməsinin mümkünatı yox. Və adamlar da bəzən bilərəkdən bunu edirlər. Nə həzz alırlar? Qazanacaqları nə olur? Bilmirəm.

***

Bu günlərdə görün bir nə hadisə baş verib? İsraildən Veronaya uşan təyyarədəki 160 sərnişinin yarısından çoxu bir dəstə dindar yəhudi olub. Yüzdən çox çolma-çocuqlu yəhudilərin səs-küyü göyün yeddinci qatında da dayanmaq bilməyib. Balaca cuhud balaları nə təhər qızışıblarsa təyyarənin bir başından o biri başına qaçış turnuri keçiriblər. Demə, onların təriqətinə görə uşaqlara acıqlanmaq yasaqdı. Ekipaj üzvləri valideynlərə dəfələrlə müraciət etsə belə bir xeyri olmayıb. Uşaqların da, valideynlərin də hay-küyü ərşə qalxıb. Təyyarədəki digər sərnişinlərdən 30 yaşlı bir xanımsa məsələnin həlli yolunu tapıb. Xanım təyyarənin düz ortasına gələrək asta-asta, həm də nümayişkaranə tərzdə soyunmağa başlayıb - əvvəl köynəyini soyunub, sonra alt paltarını əynindən çıxarıb. Bunu görən din adamları səslərini kəsiblər. Daha qatı dindarlar tifillərini yanlarına çağıraraq gözlərini yumublar ki, yəhudi balaları göyün yeddinci qatını biabırçı görüntülərlə yaddaşlarına həkk etməsinlər.

Araya bir sükut çöküb ki, gəl görəsən. Qadınsa utanmadan bərkdən-bərkdən xəbərdarlıq edib ki, əgər salonda tam sakitlik bərpa olunmasa əvvəl şalvarını, sonra onun altındakı geyimini də çıxaracaq. Üstəlik deyib ki, sakitlik bərpa olunmasa bu etiraz aksiyasına təyyarədəki başqa sərnişinlər də qoşulacaq. Düz Veronaya çatanacan yəhudi dindarların nə özlərinin cınqırı çıxıb, nə də balalarının.

***

Həmin gün təyyarəyə minən İsrail əhli, çox güman, etirazçı sərnişinin göz oxşayan (bəlkə də oxşamayan) çılpaqlığına tamaşa etməkdə niyyətli deyildi. Heç ekipaj üzvlərinin də ağlına gəlməzdi ki, striprizəbənzər əməllə cızığından çıxan sərnişin kütləsini ipə-sapa yatırmaq mümkün ola. Amma elədilər, amma və lakin mümkün də oldu.

***

Zukerberq kimi çox dövlətli yəhudi ilə bu ipə-sapa yatmayan və qadın çılpaqlığı qarşısında susdurulan yəhudilərin nə əlaqəsi var - düşünəcəksiniz. İş bu ki, binəva Zukerberq istəsə də istəməsə də öz “sərnişinləri”nin, xüsusən xanım “sərnişinlərin” belə göz oxşamayan (bəlkə də öz prizmalarından baxanda göz oxşayan, kənardansa çox iyrənc görünən) duyğu çılpaqlığı ilə hər an üz-üzə qalmaq zorunda! Söhbət nədən gedir? Sosial şəbəkə oxşar maraqları, fikirləri paylaşan, yaxud ortaq maraqları olan insanların ictimai bir görüş yeri, toplaşma məntəqəsidi. Bu məkanda paylaşılan hər xəbər ən azı bir neçə istifadəçi üşün maraq kəsb etsin gərək, iki nəfər üçün yox. Şəxsi yazışmalar üçün inbox-lar, e-poçt, telefon ismarıcları kimi yüz cür vasitə var.

Amma bir də görürsən duyğu-hiss-həyəcan şeytanla sövdələşib də adamları elə yoldan çıxarır ki, (xüsusən də) qadınlar həyat yoldaşlarına intim hisslərini belə ümumi müzakirəyə çıxarmaqdan çəkinmirlər. Niyə axı? Nəyə görə? Mənim onu sevdiyimi (yaxud sevmədiyimi), istədiyimi (yaxud istəmədiyimi) bildirməyim üçün yüzlərlə e-dostun da xəbərdar olmasına nə hacət? Və bu qədər çılpaqlığıyla sərgilənən hislər yəni gerçəkdən sevgidirmi? Yoxsa sadəcə başqalarının gözündə xoşbəxt görünmək istəyi? Sevgi varsa - onu ümumun müzakirəsinə verməzlər, sevgi varsa hiss, intuisiya, jest dili, bədən dili yetər. Sevgi - yalnız olmadığı halda, imitasiya olunduğu zaman belə sərgilənər. Varsa - yazmaq nəyə lazım? Görünən dağa nə bələdçi?


Müəllif: Afaq Vasifqızı