Çoxları üçün o əsl Vətən xainidir.
Onu müdafiə edənlər də çox azdır.
Yoldaşları və silahdaşları da ona nifrət edirdi.
Söhbət müsavatçı Məmməd Həsən Hacinskidən gedir.
Məhz o işğala bir neçə gün qalmış ərizə yazaraq bolşeviklərə qoşuldu.
Dostları Fövqəladə Komissiyanın (FK) zindanlarında işgəncə görəndə o məsul vəzifələrdə çalışırdı.
Gəlin, lap əvvələ qayıdaq.
Hekayəmiz Misirdə başlayır.
Hacinskinin atası tacir idi, Misir səfərində orda bir qızla tanış oldu, qızı Bakıya gətirir.
Nikahlarından Məhəmməd Həsən doğulur.
Anasının təkidi ilə Bakı Realnı məktəbinə daxil olur.
İmperiyanın paytaxtı Peterburqda tikinti mühəndisliyi üzrə ali təhsil alır.
Bakı şəhərinin memarı seçilir.
Bir sıra mühüm tikintilərin o cümlədən də Bakı bulvarının memarı olur.
Şollar su kəmərinin inşasında da çalışır.
1917-ci ilin 10 iyununda Müsavat partiyasına üzv qəbul olunur.
Bir ay sonra Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin sədri vəzifəsinə Ə. Topçubaşov seçilir.
Müavinlər isə Məmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacinski...
Cümhuriyyətin elanından sonra Hacinski xarici işlər naziri təyin olunur.
Türkiyə ilə hərbi yardım barədə müqaviləyə Məmməd Əminlə birgə o da imza atır.
Cümhuriyyətin 23 aylıq hakimiyyəti zamanı bütün hökumətlərdə nazir vəzifəsində çalışır.
Əvvəlcə xarici işlər, sonra maliyyə, lap axırda isə daxili işlər naziri olur.
1920-ci ilin mart ayında parlament Hacinskiyə baş nazir kimi yeni hökuməti formalaşdırmağı tapşırır.
Hacinski buna nail ola bilmir.
22 aprel günü bunun mümkün olmadığı barədə məruzə edir və ərizə yazaraq bolşeviklərə qoşulur.
Sovet hakimiyyəti illərində Hacinski Tiflisdə Xarici ticarət komissarının sonra is Dövlət Plan Komissarının müavini vəzifəsində çalışır.
Həbs edildikdə o, Təchizat və ticarət komissarının müavini idi.
Tiflisdə Beriya ilə qonşu olan Hacinskinin həbsi barədəki sanksiyanı da elə qonşusu imzalamışdı.
Həyat yoldaşı Səadət xanım Sergo Orconikidzenin yanına gedir, ondan xahiş edir.
Orcokinidze çalışsa da heç nəyə müvəffəq ola bilmir.
Həbsə gedərkən Hacinskiyə özü ilə kiçik bağlama götürməyə icazə verirlər.
Bağlamada qızının cehizindən götürülmüş mələfə də olur.
Təcrübəli siyasətçi olan Hacinski məhv ediləcəyini çox gözəl anlayırdı.
Özü nə də olsa bu rejimin qurulmasında iştirak etmişdi.
Özünü mələfədən düzəltdiyi kəndirlə asan Hacinskinin ölüm qabağı Orconikizdeyə yazırdı: “Ölüm anında bildirmək istəyirəm ki, mən sizin quruluşa düşmən olsam da, bu hakimiyyət haqqında ağzıma gələni danışsam da, əslində açıq və qəti fəaliyyət üçün hər zaman tərəddüd etmişəm. Odur ki, mənim Sovet hökumətinə qarşı törətdiyim hər hansı bir ziyanlıqdan söhbət gedə bilməz”.
O başqaları kimi ölüm anında günahsızlığını vurğulamamışdı, quruluşa düşmən olduğunu bildirmişdi.
Həbs olunduğu ittiham bir yana dursum, eləcə bu məktub onun məhv edilməsi üçün kifayət idi.
Amma Hacinskinin bilmədiyi bir şey də vardı.
Onun məktub ünvanladığı Orconikizde də 6 il sonra intihar etməyə məcbur olacaqdı.
İnqilab əvvəlcə Hacinski düşmənlərini, sonra isə Sergo kimi balalarını yeməyə başlamışdı.
Hacinskinin faciəsi isə bunu gec anlamağında idi...