27 Avqust 2018 16:03
4 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmmədəmin Rəsulzadənin Türkiyədə çap etdiyi “Yeni Kafkasya” jurnalının 1927-ci ildə çap olunmuş 84-cü sayında “Vətən həsrəti” başlığı ilə bir yazı təqdim edilib.

Yazıda qeyd olunub: “Azərbaycanlı, bakılı, Nardaran kəndindən üçüncü Gəncə alayının dülgəri Əli Usta imzası ilə bir məktub aldıq. Əli Usta hazırda Şərqi Qarahisarda Alucra qəzasında yaşamaqdadır”.

Yazıda daha sonra Əli Ustanın vətən həsrətini əks etdirən iki şeiri təqdim olunub.
Kimdir Əli Usta?

Mühacir şair Əli Usta Vulkan 1897-ci ildə Nardaranda doğulub. Mühacirətdə xalq şairi Ali Volkan, Ali Usta adı ilə tanınıb.

“Yeni Kafkasya” jurnalındakı təqdimatdan, eləcə də 1939-cu ildə çap edilən “Azərbaycan xalq şərqi və maniləri” adlı kitabındakı bilgildən aydın olur ki, Əli Usta Azərbaycan Cümhuriyyəti Milli Ordusunun Gəncədəki üçüncü piyada alayında dülgər kimi çalışıb. Mühacirətşünas Nikpur Cabbarlıya görə, Usta təxəllüsü də dülgərliyinə görədir.

Əli Vulkan mühacirətdə “Azərbaycan xalq şərqi və maniləri” adlı kitab hazırlayıb. 1939-cu ildə İstanbulda çap olunan bu kitabda Əli Usta Azərbaycan bayatılarını, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əhməd Cavadın şeirlərini dərc edib.

Həmin kitabın arxasında şairin özünün “Vətən uğrunda” adlı şeir kitabının tezliklə çap olunacağı qeyd olunsa da, araşdırmamız nəticəsində həmin kitaba rast gəlmədik.

Adapazarında yaşayan Əli Ustanın mühacirətdə “Azərbaycan” dərgisində şeirləri, məqalələri, xatirələri çap olunub.

2 avqust 1981-ci ildə vəfat edən Əli Ustadan geriyə Azərbaycan həsrəti, milli istiqlal mübarizəsi ilə bağlı xeyli şeir yadigar qalıb.

“Azərbaycan” jurnalında şairin 13 şeiri dərc edilib.

***

Əli Ustanın “Sahildə bir axşam” və “Gəncə üsyanı” şeirlərini təqdim edirik:
***
“Sahildə bir axşam”

Bir gün çıxdım sahilə, baxdım ki axşam oldu
Vətəni yad edərək, gözlərimə yaş doldu.

Bir ah çəktim ürəkdən, inlədi dağ-qaya
Bu əsnada gözlərim təsadüf etdi Aya

Nəhayət, gecə olmuş, dalmışdım röyalara,
Yetişdir ulu Tanrım, məni o nazlı yara.

Dilərdim bir daha görsəm, yaşıl yamaclarını,
O qəhrəman yatağı, Elbrus dağlarını.

Dodaqlarım qurudu, titrəyir əlimdə qələm
Nədir ilahi bu möhnət, nədir bu dərd-ü-ələm.

Nə vaxt xilas olacaq vətənim bu zülmətdən,
Nə vaxt qurtulacağız bu qızıl əsarətdən.

Yıxıb dağıtmalıyıq o vəhşi zülm evini
Qırmızı cəlladların Kreml sarayını.
***
Gəncə üsyanı

Böyük qiyamın 41-ci ildönümü münasibətilə

Sardı yurdumuzu qanlı bir nisan,
İyirmi iki mayda qopdu bir üsyan,
Gəncənin çölləri oldu qızıl qan,
Hər tərəf qarışdı tufan içində.

Qaranlıq başladı, şimşəklər çaxdı,
Düşmənin qanı sel kimi axdı,
Mərmilər odlandı, hər yeri yaxdı,
Bütün ölkə qaldı niran içində.

Çox keçmədi qorxunc düşmən səfləri
Həp oldu pərişan, tutdu çölləri,
Komandan hayqırdı haydı irəli...
Tək düşmən qalmasın Turan içində...


Müəllif: Dilqəm Əhməd