22 Avqust 2014 10:54
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu da sizə, üzr istəyirəm, milli komandanın oyunu. Niyə üzr istədiyimi bir azdan açıqlayacam. İlin-günün bu vaxtında, dar macalda Özbəkistanı qonaq eləyən Foqtsun yığma komandası (adamın Azərbaycan millisi deməyə dili də gəlmir) elə əsl qonaqpərvərlik nümunəsi göstərərək qardaş ölkə təmsilçilərini xoş ovqatla yola saldı.

Lap əvəlcədən onu deyim ki, komandaya dəvət alan oyunçuların adları açıqlanarkən hamı bir-birinə baxmışdı. Doğrudan da bu komandaya bizim millilər demək üçün yeddi nəfər tutarlı şahidin olmalıdır. Farsından tutmuş qazaxıstanlısına qədər, Anadolu türkündən almana kimi hər millətdən adam oynayır bizim komandada. Görünür, Foqts müəllim beynəlmiləl komanda yaratmaq tapşırığı alıb. Vallah, ağlıma başqa heç bir normal fikir gəlmir.

Oyunun əndrabadi şəkildə keçəcəyi elə açıqlanan ilk “on birlik”lərdən bəlli idi. Heyətə birdən-birə 5 hücumameyilli oyunçu daxil eləyən alman məşqçi öz qəribə eksperimentlərini yenə də bizim üstümüzdə aparmağa niyyətlənmişdi. Dəlləkliyi bizim başımızda öyrənmək istəyən Berti Foqts iştirak ərizəsində mövqeyi hücumçu kimi göstərilən, milliyəti hələ də tam olaraq aydınlaşmamış Dmitri Nazarovu dayaq yarımmüdafiəçisi (!), nominal mərkəz hücumçusu mövqeyində çıxış eləyən Tuğrul Eratı 190 santimetrlik boyu ilə cinah hücumçusu, həmişə irəli ucun ən axırnda görməyə alışdığımız Rüfət Dadaşovu isə pleymeyker kimi sınayırdı.

Üstəlik xeyli vaxtdır həm klubunda, həm də yığma komandanın heyətində dayaq yarımmüdafiəçisi kimi oynayan Ruslan Abışovu da müdafiənin mərkəzinə çəkmişdi.

Bu qədər qarmaqarışıq bir heyəti heç “Play Station”da da qurub əmələ gətirmək omaz ki, Foqts bunu bacardı.

Oyunun gedişi isə... Təkrar üzr istəyirəm, ancaq meydançada oyun getmirdi. Biz baxdığımız nədisə başqa bir şey idi. Nə bir tatktitki tapşırıq, nə bir düşünülmüş hücum, cinah keçidi, mərkəzdən müdafiəni yarmaq cəhdi, a kişinin oğlu, bütün bunları qoyaq qırağa, uzaqdan zərbə belə vurmurdular qapıya tərəf. Eləcə məqsədsizcəsinə ora-bura qaçırdılar.

Berti Foqtsun və Elxan Məmmədovun bəh-bəhlə tərifləyib komandamıza sırıdığı gənclər isə var idimi, yox idimi bilinmirdi.

Dmitri Nazarov, sadəcə, bir epizodda diqqət mərkəzinə gəldi ki, onda da ehtiyatsızlığı ucbatından az qala Ruslan Abışovu zədələyəcəkdi. Yerdə qıvrılan Ruslanın yanına gedib üzr istəmək əvəzinə üzünü çevirib ordan uzaqlaşan “gəlmə”nin bu yekəbaşlığı stadiondakı çox adamın diqqətindən yayınmadı.
İkinci hissədə meydana daxil olan Emin Nuri də heç bir şeylə yadda qalmadı. Rüfət Dadaşov günün ən zəifi, Tuğrul Erat cəhdlər eləsə də uğursuz, Ufuk Budak çulunu sudan çıxardacaq qədər oynadılar.
Nənəsi azərbaycanlıdır deyib bizə sırınan, əslində isə fars kökənli olan Kiyan Sultanpuru isə niyəsə sınamaqdan vaz keçdilər.

Oyundan sonra mətbuat konfransında Foqtsa milliləşdirilmiş oyunçuların zəif çıxış etməsi haqqında sual verəndə isə elə bir tərzdə dedi ki, onsuz da yerlilər də zəif oynayırdı, guya ki yerliləri biz, gəlmələri o hazırlayıb oyuna.

Cənab baş məşqçi doğrudanmı anlamır ki, əgər kənardan oyunçu cəlb olunursa, o yerlilərdən heç olmasa bir baş üstün olmalıdır? Legioner oyunçunun zəif oynamağa, sadəcə, haqqı yoxdur. Foqts isə öz doğma balaları kimi onların üstünə ətək gərir.

Mən hər şeyi bilirəm, hər şey nəzarətim altındadır deyən Foqts, bildiyiniz elə Özbəkistanla bərabərliyə çatacaq qədərdisə, bərəkallah!


Müəllif: Zaur Xudiyev