26 Avqust 2014 10:50
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionat, nə çempionat. Vur-tut 10 komanda iştirak eləyir. Hər tura cəmi 5 oyun. Onun da ikisi bu və ya digər səbəbdən təxirə salınınca qalır, cəmisi üç oyun. Ləzzət, bundan iyisi, Şamda kayısı, türk qardaşlarımız demişkən.

İş orasındadır ki, hətta cəmi üç oyunda belə o qədər maraqlı hadisələr olur ki, necə deyərlər, tam Azərbaycan birinciliyinə layiq.

Şənbə gününə bir oyun salmışdılar. Salmışdılar deyəndə ki, Avropadakı şanlı təmsilçilərimiz dincəlmək və özünə gəlmək bəhanəsi ilə turun oyunlarından imtina elədikləri üçün həm "Neftçi"nin, həm də "Qarabağ"ın oynamalı olduqları qarşılaşmalar təxirə salındı. Biz də məcburiyyətdən bir oyunla keçinməli idik.

"Oynayacaq, oyamayacaq, gəldi, gələcək, yox hələ bilinmir", - deyə-deyə, nəhayət, əsasını gənclərin təşkil elədiyi bir komanda formalaşdırıb çempionata gec də olsa qoşulmağı bacaran "Bakı" öz meydanında ötən mövsümün bürünc mükafatçısı "Qəbələ"ni qəbul edirdi.

Sözün açığı, haqqında yayılan söz-söhbətlərdən sonra "Bakı"dan ümidi kəsmişdik, ancaq istər ötən tur "Neftçi" ilə oyunda, istərsə də "Qəbələ" qarşısında "zolaqlılar"ın gəncləri yaxşı oyun nümayiş etdirməklə diqqətləri öz üzərlərinə çəkə biliblər.

2-0 hesabı sizi çaşdırmasın. Bütün oyun boyu rəqibi ilə başabaş vuruşmağı bacaran gənc heyət yalnız son 10 dəqiqədə qapısında iki qol görərək məğlubiyyətlə barışmalı oldu.

Təcrübə və fiziki imkan baxımından rəqibini qabaqlayan "Qəbələ" paytaxtdan istədiyi nəticə ilə dönməyi bacardı. Viktor Mendi və Ruslan Abışovun qolları həm də mövsümə uğursuz başlasa da "Araz Naxçıvan"la oyunda qalib gəlməyi bacaran bölgə təmsilçisi üçün özünü təsdiq anlamında çox yararlı olacaq.

"Bakı"lı futbolçular isə ötən mövsümün mükafatçılarına qarşı keçirdikləri iki görüşdən uğursuz ayrılsalar da, bu oyunla hər kəs üçün asan yem olmayacaqlarını göstəriblər.

Bazar gününə iki oyun təyin olunmuşdu. Əvvəlcə Zaqatalada "Simurq" "Xəzər Lənkəran"ı qəbul elədi. Mövsümə yaxşı başlayan zaqatalalılar heç cür belini dikəldə bilməyən lənkəranlılara bir badalaq da vuraraq rəqiblərini turnir cədvəlinin bir az da dibinə doğru yumaladılar.

Gürcü mütəxəssis Çixradze ona təqdim olunan "material"dan əla komanda düzəldib. İlk turu "Bakı"ya görə boşa verən "Simurq" ikinci və hesabat turunda inamlı qələbə qazanaraq hazırda bir oyun əksik keçirməsinə baxmayaraq sadəcə "böyük qardaşı" "İnter"dən bir xal geri qalır.

"Xəzər Lənkəran" isə illərdi davam eləyən böhrandan heç cür çıxa bilmir. Toşakı Dənizli əvəz elədi, Dənizlini Oğuz Çətin, ancaq heç nə dəyişmədi. Bir el məsəlində deyildiyi kimi, aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı.

Deyəsən, bu gedişlə "Xəzər Lənkəran" öz çılğın azarkeş dəstəyini də itirəcək.
Bunlar bir tərəfə, əsas maraqlı məqam "İnter"-"Sumqayıt" oyununda yaşandı. Bu oyuna qədər cədvələ şərikli liderlik edən (bax budur Azərbaycan futbolunun günü-güzəranı - "Sumqayıt" liderlik edir) iki klubun qarşılaşması maraqla gözlənilirdi. Elə maraqlı hesabla da başa çatdı.

"Qarabağ"dan və "Xəzər Lənkəran"dan birtəhər əldə edilən 6 xal gənclik şəhərinin təmsilçilərini o qədər eyforiyaya salmışdı ki, adamlar xülyaya dalmışdılar. "İnter"in vurduğu 5 amansız şillə isə onlara öz yerini göstərmiş oldu.

Bəh-bəhlə milliləşdirilib əsas yığmaya cəlb olunan oyunçulardan isə meydançada əsər-əlamət yox idi. Deyəsən, "Sumqayıt" nağılı da lap tezliklə sona yetəcək.


Müəllif: Zaur Xudiyev