29 Aprel 2014 12:20
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça” çempionluğunu rəsmiləşdirdi. Bu mövsüm həqiqətən də çempionluğa layiq məhz bu klub idi. Bu il 19-cu çempionluğunu qeyd eləyən “bülbüllər” bununla da əzəli rəqibi “Qalatasaray”ın nəticəsini təkrarlamış oldular.

Əsas rəqiblərinin enişli-yoxuşlu qrafiki fonunda stabil oyun sərgiləməyi bacaran, əla konsentrasiya olunan komanda yekunda qələbəni bayram eləyə bildi.

Üstəlik, bu çempionluğun sona 3 tur qalmış və ən yaxın rəqibinin 12 xal önündə rəsmiləşməsi komanda adına bir başqa müsbət amildir.

Son üç mövsüm adı daim qalmaqallarla hallanan klub, nəhayət, çətin və qaranlıq dönəmdən keçməyi bacararaq yoluna “fənər” salmağı bacardı.

Haqqında daim məhkəmə çəkişmələri olan, prezidenti həbsə atılan, həbsdən azad edildikdən sonra yenidən həbs olunmaq təhlükəsi yaşayan, media və futbol ictimaiyyəti tərəfindən daim psixoloji təzyiq altında olan bir klubun bütün bunlara rəğmən, sonunda istədiyi hədəfə çata bilməsi ikiqat qəhrəmanlıqdır.
Ancaq bu o qədər də asan olmadı.

Məlum oyun alqı-satqısı ilə bağlı söz-söhbətlərdə çox “qan itirən” klub bundan öncəki iki ildə psixoloji təzyiqin altından çıxa bilməmişdi.

Üstəlik, əsas rəqibi “Qalatasaray”ın da yaxşı formada olması səbəbindən iki il dalbadal çempionluğu əzəli rəqib bayram eləmişdi.

Krizis müddətini yaxşı idarə eləyə bilməyən, üst-üstə iki il çempionluğu “Qalatasaray”a güzəştə getməyə məcbur olan, oyunçuları ilə də bəzi fikir ayrılıqları yaşayan o zamankı baş məşqçi Aykut Kocaman vəzifəsindən ayrıldı.

Onun yerinə isə bir dönəm Türkiyənin ən perspektivli məşqçilərindən sayılan, milli komandada da iş təcrübəsinə malik olan Ərsun Yanal gətirildi.

Çoxları bu təyinatın uğursuz olacağını proqnozlaşdırsalar da, bütün gözləntilərin əksinə komanda finişə hamıdan birinci çatmağı bacardı.

Maraqlıdır ki, hətta klub rəhbərliyi də Ərsun hocaya tam olaraq güvənmirdi, məhz bu səbəbdən də onunla bağlanan müqavilə sadəcə bir illik üçün nəzərdə tutulmuşdu.

Ancaq gənc mütəxəssis bütün bu stereotipləri qıraraq gücünü hər kəsə göstərmiş oldu.
Şübhəsiz ki, çempionluqda klubun təcrübəli oyunçularının da böyük əməyi oldu. Volkan, Əmrə, Məhmət Topal, Gökhan Könül, Egemen kimi yerli oyunçular Kuyt, Emenike, Musa Sou, Raul Meyreleş kimi əcnəbilərlə əla kollektiv yaradaraq 19-cu çempionluqda müstəsna rol oynadılar.

Şübhəsiz ki, bu çempionluğu “fənərli” oyunçular, məşqçilər, idarəçilər çox istəmişdilər, bunun üçün çox əziyyət çəkmişdilər, ancaq etiraf eləmək lazımdır ki, komandanın belə rahat çempion olmasında əsas rəqiblərinin rolu az olmadı.

Bu mövsüm sürpriz bir şəkildə baş məşqçi dəyişikliyinə gedən, yeni baş məşqçisi ilə isə heç cür istədiyi oyunu ortaya qoya bilməyən “Qalatasaray” mövsüm ərzində yersiz xallar itirməklə aradakı 12 xallıq fərqin yaranmasında ən böyük səbəbkar oldu.

“Beşiktaş”ın isə başı stadionun tikintisinə və maliyyə problemlərinə qarışdığından yuxarı pillələrdə ciddi rəqabət yarada bimədi.

Bütün bunların fonunda isə “Fənərbaxça” əlinə düşən imkandan çox gözəl şəkildə istifadə eləyərək layiq olduğu birinci pilləni qazana bildi.

Bu çempionluq haqqında yenidən həbs qərarı çıxarılmış klub prezidenti Əziz Yıldırım üçün də əla hədiyyə oldu. Yeganə üzüləsi məqam isə odur ki, məlum qalmaqallarla əlaqədar UEFA tərəfindən avrokuboklarda oynamamaq cəzası bu il də qüvvədədir. Bu isə o deməkdir ki, komanda çempion olmuş olsa da, avropada Türkiyəni digər klublar təmsil eləyəcəklər.

Ancaq istənilən halda, təbriklər, “Fənərbaxça!”


Müəllif: Zaur Xudiyev