19 İyul 2019 23:03
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tanınmış Azərbaycan əsilli rəssam İbrahim Səfiyə aid kitab çap olunub. “İbrahim Səfi - Rəsmlər, məktublar, sənədlər" adlı bu kitab Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki nümayəndəliyinin dəstəyi ilə hazırlanıb. Kitabın “Ön söz”ünü Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev yazıb. "Kırmızı Kedi" nəşriyyatında dərc olunan kitabda İbrahim Səfiyə aid rəsm əsərləri, məktublar və sənədlər yer alıb.

Əsl adı-soyadı Rəhman Səfiyev olan, Türkiyədə İbrahim Səfi kimi tanınan rəssam 1898-ci ildə Naxçıvanın Şərur rayonunda, Cəlilkənddə Qafar bəy və Hürnisə xanım Səfiyevlərin ailəsində doğulub. Qafar Səfiyevin altı övladı olub – Kərim bəy, Bədirnisə, Şiəmən, Mina, Xırdaxanım və Rəhman.

R.Səfiyev 3 yaşında ikən aşıq olan atasını itirib. Orta məktəbi Cəlilkənddə bitirdikdən sonra İrəvan Müəllimlər Seminariyasına daxil olub. Daha sonra təhsil üçün Rusiyaya gedən Səfiyev 1917-ci il inqilabı səbəbindən geri dönməli olub. Bu dövrdə o, Naxçıvanda, Zəngəzurda Azərbaycan türklərini qətl edən ermənilərə qarşı mübarizə aparıb. Daha sonra türk ordusuna qoşulub İstanbula gedib.

Bir müddət tütün fabrikində çalışan R.Səfiyev, nəhayət, İstanbulda Sanayi-i Nefise Məktəbinə daxil olub, İbrahim Çallıdan dərs alıb. 1923-cü ildə məzun olub.

İbrahim Səfi 1924-1925-ci illərdə Mustafa Kamal Atatürkün portretlərini çəkib. 1930-cu illərdə çəkdiyi rəsmlərdə kiril hərfləri ilə “Raxman Сафиев” imzasını qeyd edib. 1950-ci illərin əvvəllərində İstanbulun Sultan Əhməd, Sarayburnu, Eminönü səmtlərində çoxlu peyzaj rəsmləri çəkib.

1930-cu ilə qədər Namık İsmailin yanında çalışıb. 1942-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. 1946-cı ildə İstanbulda ilk sərgisini açıb. 1953-cü ildə yunan mənşəli Zahora adlı qadınla ailə həyatı qurub.

1955-ci ildən sonra İsveçrə, Münhen, Köln, Frankfurt, Bonn, Vyana, Roma, Paris, Marselya, Afina kimi Avropanın məşhur yerlərinə tədqiqat aparıb. Naci Kalmukoğlu ilə birgə çalışıb, Türkiyə daxilində və xaricdə sərgilər keçirib.

İngilis rəssam Johnson Baker İ.Safinin tələbəsidir.

1970-ci illərdə Səfi xəstələnsə də, rəsm çəkməyə davam edib. Şəxsi həkimi Ənvər Taliyə çoxlu rəsmlər hədiyyə edib. Talinin özü də Səfinin rəsmlərini satın alaraq 350 əsərdən ibarət kolleksiya yaradıb.

5 may 1983-cü ildə İstanbulda İ.Səfinin 100-cü sərgisi baş tutub. Bu sərgidən bir neçə gün sonra Səfi xəstələnib və Nişantaşı xəstəxanasında vəfat edib. Zincirliquyu məzarlığında dəfn edilib.

Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə Bəyoğlu Bələdiyyəsi rəssamın yaşadığı İstiqlal caddəsinin Postacılar küçəsində xatirə lövhəsi qoyub.

Səfinin məzar daşı da sənətinə uyğun şəkildə hazırlanıb və bu sözlər yazılıb:

Renkten ve ışıktan bir devdi Safi.

Aramadı rütbe, şan, sanatı sevdi Safi.

Doyulmaz güzellikte Safi'yi tanımaya.

Gönül gözünüzle bakmanız kafi.


Müəllif: Dilqəm Əhməd