25 Noyabr 2021 23:55
9 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda məzarlıqlarda dolaşarkən başdaşında “azərbaycanlı”, “qafqazlı”, “dağıstanlı” yazılan soydaşlarımızın məzarlarına rast gəlinir.

Mühacirət mətbuatında, siyasi və mədəni təşkilatlarda iz qoymuş soydaşlarımızı tanıdığımız halda haqlarında heç bir bilgimiz olmayan azərbaycanlılar da çoxdur. Onların bir qismi Rusiya-Osmanlı savaşlarından, bir qismi Cümhuriyyətin işğalından, bir qismi isə II Dünya müharibəsindən sonra taleyini Türkiyədə axtaran şəxslərdirlər. Onlar bu ölkədə vətəndaşlıq qazanıb, bəziləri böyük işlərə imza atıb, bəziləri isə səssiz-sədasız ömürlərini başa vurublar. Ara-sıra Türkiyə arxivlərində, “Rəsmi” qəzetin kolleksiyalarında həmin məşhur olmayan soydaşlarımızın adlarına rast gəlirik.

Məşhur mühacirlərdən çox yazmışıq, ona görə də bu kiçik yazıda tanımadığımız azərbaycanlılardan bəhs edəcəyik.

17 yanvar 1922-ci ilə aid bir sənəddə Azərbaycanın Qars konsulu İslam bəyin iltica ərizəsinin qəbul edildiyi bildirilib. 27 dekabr 1923-cü ildə Hacı Əsəd oğlu Həsən Fəttaha İstanbulda yaşamaq icazəsi verilib. Böyük ehtimal ki, bu şəxs Gəncənin bələdiyyə rəisi, Nəsib bəyin silahdaşlarından, Cümhuriyyət illərində Mərkəzi Bankın müdir müavini Həsən Fəttah bəydir. Türkiyədə “Başoğuz” soyadını qəbul edilib.

1 iyun 1925-ci ildə azərbaycanlı Sabir oğlu Arif Sabitə Geyve qəzasında, 21 dekabr 1926-cı ildə isə Gəncədən olan Fətullah oğlu Məhəmmədnağıya qaçqın kimliyi ilə Ankarada yaşamaq icazəsi verilib.

26 iyun 1927-ci il tarixli bir sənəddə azərbaycanlı Ömər oğlu Əli ilə qardaşı Kazımın Amasiyada iqamət etmələrinə izn verildiyini görürük. 8 yanvar 1937-ci ildə Səfiyurdlular ailəsindən Həmid bəy vətəndaşlığa qəbul edilib.

1938-ci il mayın 12-də Mustafa Kamal Atatürkün və nazirlərin imzası ilə 1899-da Azərbaycanda doğulan İsmayıl oğlu İdris ilə həyat yoldaşı Görgi (ehtimal ki, Georgi) qızı Tamara (Suzan) vətəndaşlıq əldə ediblər. Həmin il iyunun 23-də 1907-də Gəncədə doğulan təyyarə mühəndisi Bala oğlu Cahangirə eyni hüquq verilib.
1939-cu il yanvarın 6-da prezident İsmət İnönünün və nazirlərin imzası ilə 1910-da Bakıda doğulan Əliabbas oğlu Yaşar Fikri vətəndaşlığa qəbul edilib. Həmin ilin iyunun 20-də eyni imzalarla Bakıda doğulan, amma qeyri-müsəlman adları olan şəxslərin vətəndaşlığı müsbət dəyərləndirilib. Sənəddən aydın olur ki, onlar yeni adlar qəbul ediblər: “... 1897-ci il Bakı təvəllüdlü Vasili oğlu Leoni (Murtaza) ilə 1902 təvəllüdlü Raykai Ladislas (Lütfi) və həyat yoldaşı 1910 təvəllüdlü Kato (Aytən)...”.

Mühacirət mətbuatı əsasında bu siyahını kifayət qədər uzatmaq olar. Biz sadəcə onlayn istifadəyə açıq olan qəzet və arxiv sənədləri əsasında bir neçə faktı qeyd etdik. Ümumiyyətlə isə yuxarıda qeyd etdiyimiz dövrlər ərzində Azərbaycan coğrafiyasından Türkiyə Respublikası ərazisinə hicrət edən, qaçqın olduğunu bildirib sığınma haqqı, daha sonra isə vətəndaşlıq istəyən soydaşlarımızın hər biri haqqında arxivlərdə sənədlər olacaqdır. Bu sənədlər üzərində tədqiqat aparmaqla hansı ildə nə qədər azərbaycanlının qardaş ölkəyə sığındığını öyrənə bilərik.

... Bu gün Feriköy İslam Məzarlığında tədqiqat apararkən sadəcə məzar daşında adı qalan bir azərbaycanlı soydaşımızın da adını gördük: “Azərbaycanlı Kazımzadə Seyidəli qızı Ülkər Kalaç. Gəncə - 22.02.1919-İstanbul – 08.01.1945”.

“İranlılar məzarlığı” adlanan İstanbuldakı Seyid Əhməd dərəsi qəbristanında isə İrəvandan, Gəncədən, Xoydan olan xeyli soydaşımız dəfn edilib... Onlar arasında məşhur şəxslər də (İsmayıl Sarıyal, Tahir Mehmandarlı, Hüseyn Baykara və s.), tanımadığımız, unudulmuş soydaşlarımız da var.


Müəllif: Dilqəm Əhməd