Xəyalla yuxu arasında qəribə bir ruh halı var - yaşamamış olmazsınız. Yuxu olmadığını dəqiq bilirsən. Amma ayıq da deyilsən. Bax o məqamlarda heç zamanı və məkanı dəyişdiyiniz olubmu? Deməyin ki, olmayıb.
Olmayıbsa, demək, romantikayla şəxsiniz arasında əcaib bir uçurum var. Yəni daim ayaqlarınız yerdə, zəkanız açıq olur, realistsiniz. Biz, sözdən oyuncaq dünyalar quranlarsa bir az alayı cürük. "Sehrli xalat"dakı "ayravani-ayravani, çandrika..." kəlməsinin sehrinə düşüb də tarixdən "cicilədiyimiz" hansı zamanınsa elə hey xiffətini çəkirik...
***
Zaman maşınını hərəkətə gətirə bilsəydim, birbaşa 19-cu əsrə gedərdim, Sankt-Peterburqa, möhtəşəm salonlardakı ballardan çıxmaq biməzdim. Ya da Herbert Uellsin "gözəgörünməz papağ"ını başıma qoyub iri banklardan birini yarardım, külçə qızılları qəndqıranla qoğrayıb kasıb-kusuba paylayardım. Soyuqda büzüşən kimsəsiz qız uşaqlarına qalın çəkmələr alıb geyindirər, isti çayla şirniyyat yedizdirərdim. Həmin o dediyim xəyalla yuxu arasındakı qəribə ruh halında ikən o da olub, bu da. Vallah olub, yalan demirəm.
***
Elə ilk kadrlardan bir istək keçir könlündən - fotoqrafiya ilə məşğul olmaq həvəsinə düşürsən. Dəyişən planlar adi ekran işi deyil, hər biri mükəmməl bədii fotodu, foto. Axtarsan, bəlkə də, fotoda konkret məkanların bu qədər gözəl təzahürünü tapmazsan. Hər şey o qədər zövqlə və zərgər dəqiqliyi ilə lentə alınıb ki, rakursların az qala zərrəbinlə qurulduğunu güman edirsən. Bu, onun - 75 yaşlı sənətkarın, rejissor Vudi Allenin gördüyü və göstərdiyi Parisdir, bu sənət aşiqini dəli eləyən sevgi macərasının yeni qəhrəmanı - Paris.
"Parisdə gecə yarı" romantik komediyadır. Təzə film deyil, 4 il əvvəlin ekran əsəridi. Bu filmi yadıma salansa hər yerdə hər məhsulun bənzərini istehsal edən çinlilər oldu. İnanmazsınız, bu ən çoxadamlı ölkədə indi də görün nəyə əl atıblar. Bütün məşhur brendlər, surəti çıxarıla bilən markalar qurtardı, indi də keçiblər klassikaya - rəsmdəki dünya şedevrlərinin surətini çıxarırlar. Gələn ay Londonda keçiriləcək sərgidə Rembrandt, Rubens, Van Qoq və Pikasso kimi sənətkarların həm orijinal işləri, həm də həmin əsərlərin "kitayski" variantı sərgilənəcək. Ziyarətçilərə heç deməyəcəklər də ki, əsərlərdən hansı orijinaldı, hansı əslin surəti. Tapırsansa tap. İntuisiyana imkan ver. Sərginin məqsədi orijinalı surətdən fərqləndirmək deyil ki. Məqsəd dəyərlərə yeni yanaşmadır. Yəni baxın, nəyə dəyər verirsiniz - əsərəmi, imzayamı?
***
Pikasso, Dali, Heminquey, Fitscerald, Qogen, hətta Fransanın eks birinci xanımı, qalmaqallı Karla Bruni - hamısı bir arada. Dünyaca məşhur şəxsiyyətlərin hər replikası - bir sitat. "Qadının ya rəsmini çəkərlər, ya da qadınla yatarlar". "Parisdə gecə yarı" filmində bu verdikti dilə gətirənsə Pikasso olur.
***
Vudi Allenin bu komediyası dəyərlərə fərqli bir yanaşmadır. Qəhrəman keçmişə düşür və bu keçmiş onun gələcəyini dəyişir. Hadisə bu. Mahiyyət bəs nədir? İnsan həmişə dünənki günün həsrətini çəkir. Nədən? Romanlardan oxuduqlarını ideallaşdırdığına görəmi? Bəs keçmişin özündəkilər necə? Demə, onlar da bir əvvəlki nəsillərin həyat tərzinin həsrətilə yaşayır, onlar da "qızıl dövrü" 50-100 il əvvəldə axtarırlar. Sələflərin yaşam tərzi xələflərçün tək nostalji deyil, ondan daha ötədir. Və bir maraqlı məqam. Zaman ötür, həyat inkişaf edir, elm və texnikada inqilabi kəşflər edilir, dünyagörüş artır, minillik yenisilə əvəzlənir, miqyaslar və ölçülər əvvəlki deyil, amma və lakin dəyişməyən nəsnələr də var. İnsan o zaman da, ondan əvvəl zaman da, elə indi də eyni cür əylənir, eyni cür vaxt keçirir, qəlbi eyni arzularla döyünür - dost məclisləri, əyləncə, musiqi və sevgi. Bu gün necədirsə, 100- 200 il əvvəl də elə olub. Dəyişən sadəcə formadır, məzmun elə həminkidir.
***
75 yaşlı sənət aşiqi Vudi Allenin bizlərə göndərdiyi mesaj bu. Ən yüksək bildiyiniz dəyərli sənət əsərlərinin də "kitayski geydirmə" variantları yaransa belə, nə zamansa "bu gün və burada" həyat çox maraqsızdır qənaətinə gəlsəniz belə, hər hansı uğursuzluq canınızı sıxsa belə, əmin olun ki, dünya insanı üçün zaman və məkan çərçivələri tam təsirsiz. İnsan elə həmişə belə olub - eyni cür əylənib, eyni cür yaşayıb, eyni cür də sevib. Həyat adlanan zaman kəsiyinin məğzi də iştə bu. İnanmırsınızsa, böyük ekranın bu kiçik şedevrinə siz də baxın. Əmin olacağınız bəsbəlli.