Günü bu gün də "gəlin dənizə gedək" deyəndə birinci elə o stansiya düşür yadıma. Deyəcəksiz qışda nə dəniz? Yox, dənizdən danışmayacam. O stansiya Bakı bağlarına adam daşıyan elektrik qatarının dayanacağı idi, "Əncirli" adlanırdı o vaxtlar. İndi daha nə elektrik qatarı var, nə qoşa relslər, elə ənciri yada salan bu şipşirin ad da yoxdu, yəqin.
Dəyişən məkanların ilkin variantı o yerlərin əvvəlini xatırlayan insanlar durunca durur yaddaşlarda, itib-batmır. Mərdəkanla Şağan arasındakı o stansiyada bağa gedib-gələn camaatı bir cütlük qarşılayıb yola salırdı səhər-axşam - Motyayla Davud. Gözdən uzaq stansiyanın işini yaşı 60-ı keçən bu ər-arvad görürdü. Qadın təmizliyə baxır, kişi yola nəzarət edirdi. Bir də elektriçka pəncərəsindən yarıyacan sallanan uşaqların gözünün odunu almaq idi işi. Bağ ola, millət yığışıb dənizə gedə, uşaqlar da cin kimi qapıdan, pəncərədən sallana, onda görürdün Davud arvadının yekə süpürgəsini götürüb pəncərələri döyəcləyir. Təmiz Buzovna ləhcəsində "Dügərəm haa" deyib gömgöy gözlərini bərəldir, təkəmseyrək dişlərini qıcadıb həmişə çaxırdan məst olan sifətinə bədheybət bir görkəm verirdi. Vəssalam. Uşaqların kələyi kəsilirdi. Bağlarda böyüyən balaca uşaqları elə onun adıyla qorxudurdular - bax, yeməsən, Davudu çağıraram, gəlib deyər "dügərəm haa".
***
Söz vaxtına çəkər, ötən ilin bu vaxtlarıydı, Davud düşdü yadıma - Davud və onun məşhur hədəsi - "dügərəm haa". Nə idi baş verən? Türk divası Bülənt Ərsoy dini bayramların birində şou-proqrama başı bağlı, yəni qapanmış çıxdı. Həmən mətbuat başladı nə başladı. Onu cinsiyyətini dəyişməklə artıq Allaha şirk etməkdə günahlandırdılar, islami əməllər etməyə mənəvi haqqı çatmadığını söylədilər. Əl-qərəz, transfobiyadan əziyyət çəkənlər qızışdılar, nə qızışdılar. Adamı məhşər ayağına çəkdilər - Sən? Nə haqla? Kişi ikən Tanrının işinə qarışıb qadına çevrildin? Transvestit nədi, din nədi? Adamı təhqir bir yana, Davudsayağı təhdid də elədilər - dügərəm haa. Qoçağım Bülənt, bu dinşüvənlərin cavabını verdi, nə verdi. Onu qoyub bura gəlim, bugünümüzün bir hadisəsinə, sonra Büləntin cavabını söyləyəcəm sizə.
***
Hadisə vaqe olub Fransada, lətifə deyil, üç-dörd günün söhbətidi. Parisin ali vəkillik məktəbərinin birində hüquq dərsi deyən professor Qreqori Lafarj görüb ki, tələbələr arasında hicablı bir xanım da var. Professor tələbəyə hücum edib ki, başını açdırsın və davudsayağı qorxutsun ki, bəs "dügərəm haa". Bu zaman mömin xanımın tələbə yoldaşları professora etiraz ediblər. Auditoriya tələbəni müdafiə edəndə professor əsəbindən necə özünü itiribsə, lövhənin qabağındaca soyunmağa başlayıb. Əvvəl pencəyini, sonra şalvarını, belə-belə ta lüt-üryan olana qədər soyunub. "Buyurun, baxın,- deyib,- mənim də dinim naturizmdir". Heç dəxli var? Bu biabırçılıqdan sonra professoru təhsil ocağından iti qovan kimi qovublar. Müdiriyyət isə hicablı xanımdan müəllimin qeyri-adekvat hərəkətlərinə görə üzr istəyib. Bu da avropalı hüquqşünasdan islamofobiya təzahürü.
***
Bülənt Ərsoy gerçəkdən diva, osmanlılar demiş, div bir sənətçi. Onun o hədələrə-hücumlara cavabını ona görə axırda təqdim edirəm ki, ümumiləşdirmə hər iki fakta aid. Biri bugünlərin hadisəsi, biri bir il əvvəlin.
Sənətçi deyib - "Mənə "ol" deyən Allah deyilmi? Siz bəyəm tanrının sözçüsüsünüz? Allahdan böyük kimsə yox! Geyindiyim dekoltelər nədən sizi bu qədər narahat etmir? Başımı örtməyimdən nəyə görə qəzəblənirsiniz? Mən bilərəm, Allahım bilər". Qısa, konkret və dəqiq.
***
O Davud, bəlkə də, çoxdan ölüb. Mən uşaq olanda babam yaşındaydı. Amma davudsayağı "dügərəm haa" deyib təhdid edənlər nə çox - ailədə, cəmiyyətdə, dünyada. Kimi işinə qarışır, yerli-yersiz, bəzən lap səhv məsləhətlərilə baş-beynini aparır, kimi özünü hamıdan ağıllı və savadlı göstərməyə çalışır, başqalarını inkar etməklə guya özünü təsdiq etməyə can atır, üstəlik, ağlı və savadı az olan birisi bu istəkdə bulunanda vay ətrafdakıların halına. Kimi cinsəl və dinsəl problemlərinə burun soxur, hər şeyi öz bildiyi kimi, öz niyyətinə uyğun yozur, onca dəqiqə söhbət etdinmi, maaşınla, qazancınla, gəlirin-çıxarınla maraqlanır. İmkan versən, ailə büdcəni də planlayar, hansı ay nə qədər xərcləmək lazım gədiyini də söyləyər. Və ağıl verənlərin hər biri də özündən statusca bircə mərtəbə aşağı olana - nənə qıza, ata oğula, böyük bacı kiçik qardaşa, müdir əməkdaşa, eynən Davudun hədəsini söyləməyə hazır - süpürgə (barmaq da ola bilir) silkələyərək və sifətinə bədheybət bir görkəm verə-verə - "dügərəm haa"...