26 Avqust 2015 11:40
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, xəstəlik deyil, yoluxucu bir zad da deyil, amma irsən keçə bilir. Bunu dərd eləməyə lüzum yox, hərçənd heç xoşa gəlməyən, insanı günahsız yerə pərt edən, çox pis duruma salan bir azardı, azar. Və bundan heç kəs sığortalanmayıb.

***

Vladiqafqazdan Tiflisə gedən Gürcüstan hərbi yolu, deyilənə görə, dünyanın ən maraqlı, həm də təhlükəli yollarından biridir. 1873-də - Rus imperiyası Gürcüstan üzərində protektorat haqqında sənəd imzalayanda ruslar həm Vladiqafqaz adlandırdıqları şəhər-qalanın əsasını qoyublar, həm də elə həmin məkanla gürcülərin baş şəhərini birləşdirən əsas yolu çəkməyə başlayıblar. Sıldırım dağlar boyu qıvrılıb gedən, sərt aşırım, qarlı zirvələr, dar keçidlərdən keçən 208 kilometrlik yolun inşaat prosesi düz 16 il çəkib. Ərazinin coğrafi vəziyyətini və dövrün texniki imkanlarını nəzərə alsaq, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə belə bir yol çəkməyin hansı əziyyət hesabına başa gəldiyini təsəvvür etmək çətin olmaz.

***

80-ci illərdi. Krımda yazıçıların yaradıcılıq evi var - Koktebel (Göytəpə imiş adı, ruslar elə deyirdilər). Ailəlikcə orada dincəlirik. İki günlük gəmi turuna biletimiz var. Qərib yerdi deyə vaxtından yarım saat tez minmişik gəmiyə. Hələ yola çıxmayan gəmi yerində ləngər vurduqca mən ölüb dirilirəm - gəmi məni tutur. İki günlük səyahət nədi, heç 20 dəqiqə dözə bilmirəm. Bizimkilər belə qərara gəlirlər ki, bu səyahət mənlik deyil, babam da mənə görə gəzintidən imtina edir təbii. Atam-anam - bəxtəvər insanlar üzüb gedirlər.

***

Elmi dildə bu mərəzin adına kinetoz deyirlər. Dünya əhalisinin düz 30 faizi bu kinetozun əziyyətini çəkir. Adamları maşın tutur. Əslində, baş verən nədir? Niyə kimsə yolu rahat gedir, kimsə də qaytara-qaytara? Əsasən xanımların və uşaqların qənimi olan bu proses insanın vestibulyar aparatındakı qüsurla bağlıdır. Bu zaman bədəndəki hissiyyat orqanları arasında bir növ münaqişə yaranır. Məsələn, maşında gedən insan hiss edir ki, bəlli istiqamətdə bəlli sürətlə hərəkət edir. Əzələ, oynaq və sümüklərdəki reseptorlar isə mərkəzi sinir sisteminə xəbər ötürürlər ki, bəs biz hərəkət zad eləmirik, sakitcə yerimizdə oturub qalmışıq. İki fərqli informasiyanı alan baş beyin çaşıb qalır. İki məlumat arasındakı ziddiyyət orqanizmin müvazinətinə nəzarət edən mərkəzi qıcıqlandırır. Qıcıqlanan mərkəz çıxılmaz vəziyyətə düşüb öz cəza metodlarını tətbiq edir - ürək bulanma, qusma, soyuq tər, baş gicəllənmə. “Məni dolamısan? - deyir orqanizmə, - necə yəni həm hərəkətdəsən, həm də hərəkətsiz, onda tut gəldi, bu da sənin cəzan!” Bəli, tanrının yaratdığı orqanizm insanın yaratdığı maşınlarla “ünsiyyətdə olanda” bəzi adamlarda məhz belə bir hal baş verir.


***

Ta uşaqlıqdan bu bəladan əziyyət çəkdiyimdən bilirəm ki, yol boyu ölüb dirilməməyin bircə əlacı dərman içməkdir, başqa neyləsəm də, xeyri olmur.

***

Qafqazın şimal şəhərlərinə iki həftəlik səyahətimiz bitmək üzrədir və biz Gürcüstan hərbi yolu ilə geri qayıdırıq. Yolun gözəlliyindən necə vəcdə gəlirəmsə, xəbərdarlıqsız-filansız “Nazəndə sevgilim”i oxuyuram. Mızıldanmaq yox ha, əməlli başlı oxuyuram. Ardınca gəlir “Sarı gəlin”, sonra “Azərbaycan maralı”. Beşinci mahnını oxuyanda düşünürəm ki sayım, görüm neçə mahnı bilirəm. Düz 48 xalq mahnısını oxuyuram. Maşındakılara rəsmən konsert verirəm, bəyənib bəyənmədikləri umurumda da deyil. Arada kimsə bir söz deyir, məsələn, “dağa bax” - mən “dağlarda döndüm marala” oxuyuram, oyuna girirlər, deyirlər “qatar” - “o qatarın dalınca baxma”, deyirlər “saç” - “saçlarına gül düzüm”. Əl-qərəz, bu minvalla mahnıların sayı 100-ə çatır, mənzil başına çatanda isə yadıma düşür ki, dərman içməyi unutmuşam, amma nə ürəkbulanma, nə maşın tutma - heç ruhum da inciməyib, əksinə, o qədər yüksək ovqatdayam ki.

***

Bakıya dönüncə o hadisəni araşdırmaq qərarına gəlirəm - elmi əsası var, ya yox? Belə məlum olur ki, mahnı oxumaq - min dərdə dərman imiş. İnsan oxuyanda beynin həzz bildirən hissəsi qıcıqlanır.

Xoşbəxtlik hormonu olan endorfinlər yaranır. Mahnı oxumaq bir bütöv şokolad yemək, yaxud orqazm hiss etmək kimi bir şeydir. İnsan oxuyanda enerjisi artır, süstlük tamamən məhv olur. Mahnı ağ ciyərləri işə salır, qanı oksigenlə zənginləşdirir. Bu zaman stressin səviyyəsi azalır. İnsan özünü güvənli hiss edir. Mahnı oxumaq nəfəs yollarını təmizləyir. Eyni zamanda, mərkəzi sinir sisteminə və beyinə çox müsbət təsir göstərir. Sinir sistemi xəstəliklərinin bir çoxundan məhz mahnı oxumaqla xilas olmaq mümkündür.

Yolda mahnı oxuyanda bu elmi biliklərdən tam məlumatsız idim. Sadəcə, qəlbimdən keçdi, elədim. Siz də qəlbinizin səsini dinləyin. Çox zaman bu səs elmi biliklərin hamısından əhəmiyyətli, önəmli olur. Mahnı oxumaq istəyəndə isə susmayın, mütləq oxuyun. Ruha, elə cana da xeyri var.


Müəllif: Afaq Vasifqızı