25 Fevral 2016 15:52
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycanın ilk hərbi naziri Xosrov Paşa bəy oğlu Sultanovun məzarının tapılması ilə bağlı məlumatlar yayılır. Məlum oldu ki, Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat edib, qəbri Fəriköy məzarlığındadır.

Əslində, bu məzarlıq mühacirət tarixi ilə maraqlananlara bəllidir. Çünki məşhur Ağaoğlular nəslinin nümayəndələri də bu məzarlıqda əbədi rahatlıq tapıblar.

Siyasi mühacirlərimizə, fikir adamlarımıza məxsus məzarların tapılması faktların zənginləşməsi baxımından önəmlidir. Bu şəxslərin bugünkü dövlətimizin mövcudluğu üçün mübarizə aparmalarını, bu yolda Vətəndən didərgin düşmələrini nəzərə alsaq, bu, həm də mənəvi borcdur. İndiyədək kütləyə iki mühüm siyasi liderin məzarı daha çox bəllidir: Fransada Sen-Klü məzarlığında olan və Azərbaycan hökuməti tərəfindən bərpa edilən Əlimərdan Topçubaşının və Ankarada Əsri məzarlığında olan Məhəmmədəmin Rəsulzadənin məzarı.

Digər mühacirlərin məzarları isə daha çox bu sahə ilə maraqlananlara bəllidir, bəzi məzar yerləri isə demək olar ki, artıq tarixdən silinib. Məsələn, mənbələrə görə mühacir şair Almas İldırım Türkiyənin Malatya şəhərinin Sancaktar məzarlığında torpağa tapşırılıb, lakin araşdırmalara rəğmən hələ də tapılmayıb. Və ya Əhməd Ağaoğlu, Mirzəbala Məmmədzadə kimi şəxslərin hansı məzarlıqda dəfn olunduqları bilinsə də, kifayət qədər insan tərəfindən tanınmır.

Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən “Əbədi ezamiyyət” adlı sənədli film çəkildi, Müsəllim Həsənovun müəllifi olduğu “Qərib məzarlar” adlı kitab hazırlandı. Filmdə və kitabda istər Paris Sülh Konfransından sonra ölkələri işğal olunduğuna görə Avropada yaşamağa məcbur olan şəxslər, istərsə də müxtəlif səbəblərdən mühacirətə getməyə məcbur olan məşhur azərbaycanlıların həyatı, son mənzilləri barədə geniş məlumat verilib. Xüsusən, itməkdə olan bəzi məzarların tapılması, yenidən bərpa edilməsi önəmli hadisə idi.

Xosrov Sultanovun məzarı kimi Türkiyədə tapılmalı, bərpa edilməli olan xeyli məzarlar var. Bu məzarlar həmin şəxslərin ömürlərinin son anları barədə yeni məlumatlar verməklə yanaşı, həm də mənəvi mirasa sahib çıxılması baxımından önəmlidir. Mirzəbala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Sadiq Aran, Çingiz Göygöl və digər şəxslərin son mənzillərinin tapılması və ya bərpa edilməsi istiqamətində inanırıq ki, hökumət tərəfindən addımlar atılacaq.

Bəzən məzarların ölkəyə gətirilməsi istiqamətində təkliflər də olur. Amma bu addım doğru deyil. Çünki həmin məzarların bu ölkələrdə olması həm də tarixə şahidlikdir...


Müəllif: Dilqəm Əhməd