Mənim üçün kitab bilik mənbəyidir, janrından və mətnindən asılı olmayaraq…
Kitabı oxuduqca, yeni nəyisə öyrənirsən, oxuduqca, yeni nə ilə isə tanış olursan…
Bir kitabda yazılanlardan özünü görürsən, başqasında başqa insanı… Bəzən deyil, çox zaman kitablar gerçək həyatdan götürülərək yazılmış olar…
İnsan özü də kitab kimidir, yazırlar onu, ya da ki, özü yazır özünü…
Kitab yazmaq asan deyil, oxucu üçün oxumaq bəzən asan olmadığı kimi…
Kitab yazarkən tək yazar deyil, həm də oxucu olmalısan, yazdıqca oxumalısan yazdıqlarını…
Kitab bir həyatdır, bir kitabda minlərlə həyat vardır, kitab obrazsız, insansız olmur, ən azı heyvanlar var kitabda təmsillərdəki kimi… Kitabı yazan da insandır axı…
Medalın iki tərəfi olan kimi, həyatın ağ və qara tərəfi olduğu kimi kitabın da üzləri var, tərəfləri var… Yazan tərəf, oxuyan tərəf… Yazan tərəf həm də oxuyan tərəf olmalıdır, elə yazmalıdır ki, oxuyan oxuya və anlaya bilsin… Oxuyan tərəf isə həm də özünü yazan tərəfin yerinə qoymalıdır, yazanı anlamaq üçün…
Əslində, ciddi yaradıcılıq, ədəbiyyat, kitabla məşğul olan şəxslər, özünə tənqidi yanaşanlar bilirlər ki, kitab yazmaq oyuncaq deyil, həmin yazarın övladı, adı, imzası, nüfuzudur… Məsuliyyətdir, əməkdir… Kitab yazmaq nə qədər sevimli iş olsa da, əyləncə deyil…
Yazarla oxucu arasında bir əlaqə vardır, səmimilik olmalıdır…
Yazar oxucusunu tanımalıdır, yazdığında oxucusuna nə verəcəyini, oxucusuna necə təsir edəcəyini bilmək üçün oxucularından xəbərdar olmalıdır, insanları tanımağı bacarmalıdır… Çünki bu və ya digər söz, cümlə insana, şüuraltısına çox böyük təsirə malikdir. Ona görə yazdığına fikir verməlidir, hər sözə, hər cümləsinə… Onun hər sözü, hər cümləsi yazar haqqında bir təəssürat oyatmaqdadır…
Kitabı həm də elə yazmaq lazımdır ki, yormasın, maraqlı olsun, oxuduqca, nə olacağını bilməyəsən, tez bitirə biləsən, oxuyub kənara atmayasan, təkrar oxuyub, yenidən nəsə kəşf edəsən yazılanlardan…
İndi yazarlar, onların kitabları ilə tanışam, böyük bir qismi ilə… Bir kitabını oxuyub qərar verirəm digər kitablarını oxuyum, ya yox, həm yazaram, həm oxucu… Əgər yazar bir kitabı ilə məni həm kitabı, həm özünə cəlb edibsə, sevdirə bilibsə, davamlı oxucusu olacağam, digər kitab və yazıları ilə tanış olacağam…
Yox, ilk oxuduğum kitabı məni itələdisə, illah ki, bu kitab ilk kitabı oldusa, növbəti yazı və kitabları lap Nobel mükafatı üçün yazılmış olsun, lap adlar alsın o, yazar, şair, oxuyan deyiləm…
Kitabı yazan da, kitabı kimi oxunaqlı, maraqlı olmalıdır oxucuları üçün… Kitabı yazanı da kitabı kimi sevməlidirlər…
Kitabı yazanlara məsləhətim budur ki, kitabı nəşrə buraxmamışdan öncə yazdığınız kitabı çap edin, düzəlişlər edin, öz kitabınızı oxuyun, öz kitabınızın oxucusu olun, yad bir oxucusu, qərəzsiz olun, sizə maraqlı gələcəksə, nöqsanları da, görəcəksiniz, üstünlüklərini də, tənqidi düşüncəniz olmalıdır, təhlil etməyi, müşahidə etməyi, dinləməyi, oxumağı bacarmalısınız, dünya görüşünüz olmalıdır. Yazdığınız yazıda, kitabda bir az yazardan nəsə olmalıdır, yazısı canlı, doğma olsun deyə…
Kitabda plagiat fikirlər, oğurluq olmamalıdır… Özünüzü digər insan və yazarların yerinə qoyun, istəyərdinizmi ki, sizin yazınıza plagiat yazı, kitab olsun, yazınız oğurlansın? Yox! O zaman özünüz olun, özünüz yazın, özünüz oxuyun…
Mətnindən asılı olmayaraq, kitabı atmayın, cırmayın, məhv etməyin… Oxusanız da dəfələrlə, oxumasanız da… Kitab kiminsə zəhmətidir, fikirləridir, özüdür, övladıdır…
Kitabla bu cür davranaraq, o kitabı yazana qarşı qəddarlıq, haqsızlıq etmiş olursunuz…
Kitab özü bir sevgidir, hansısa sahəyə, sözə sevgi…