“Babək”, “Nəsimi” filmlərinin baş qəhrəmanı, Xalq artisti Rasim Balayevlə görüşmək, onunla ünsiyyətdə olmaq fürsəti qazanmaq çox jurnalistə nəsib olmur. Ələlxüsus gənc jurnalist üçün bu, bəlkə də arzudur. “Brifinq” layihəsinə qonaq dəvət edəndə, adətən, redaksiya heyətinin ümumi təklifini nəzərə alırıq.
Budəfəki qonağımızın Rasim Balayev olduğunu söyləyəndə əmin idim ki, redaksiyanın “Brifinq” otağında qələbəlik olacaq. Otağa sığışmayanlar isə foto çəkdirmək növbəsinə düzüləcək, Facebook-u Rasim Balayevlə fotolar bəzəyəcək. Düşünürdüm ki, teleqrafçıların Rasim Balayevə ünvanlanacaq çox sualları olacaq. Amma o, elə axıcı danışırdı ki, onun monoloquna saatlarla qulaq assaq, bəlkə də bizi yormazdı. Sanki vermək istədiyimiz sualları bilirmiş kimi mövzudan mövzuya keçid edirdi...
“Mədəsinin qulu olan adamlardan deyiləm”
Nərgiz Ehlamqızı: Rasim müəllim, bir müddət əvvəl xəbər yayıldı ki, səhhətinizdə problem yaranıb. İndi özünüzü necə hiss edirsiniz?
- Şükür Allaha, qorxulu xəstəliyim yoxdur. Hər xəstəlikdən bir az var, hərdən şəkərim, təzyiqim narahatlıq yaradır, amma yaşayırıq. Hissiyyatlı adamam, hissiyyatımı çölə izhar edən deyiləm, içimdə çəkirəm, həm də bekarçılıq da məni sıxır. 40 ilə yaxındır kamera qarşısında yaşamışam. Birdən-birə bunlar kəsilir, o işlərə ki məni çağırırlar, getmirəm, o işləri ki mən istəyirəm, o yoxdur. Bunlar da adamı bir az darıxdırır. Şükür bir parça çörək, ev-eşik var, söhbət onda deyil. Axı mən mədəsinin qulu olan adamlardan deyiləm. O qədər olub ac qarına çəkiliş meydançasına girmişəm, çıxıb görmüşəm qaranlıqdır, heç aclıqdan da xəbərim yoxdur. Yəni mənəviyyata qulluq edən adam olmuşam. Bəzən deyirlər şəkərin, təzyiqin elə bekarçılıqdan qalxır (gülür).
Taleh Şahsuvarlı: Yəqin filmləri nəzərdə tutursunuz... Necə bir iş istəyirsiniz?
- Normal ssenari, yaxşı rejissor işi olan film istəyirəm. Bu gün filmlər çəkirlər, deyirəm, sən mal istehsal edirsən, amma buna istək yoxdur, niyə bir ucdan ard-arda düzürsən? Bu gün tamaşaçıda maraq yoxdur, tamaşaçını itirmişik. Düzdür, indiki tamaşaçılar 30-40 il bundan qabaqkı adamlar deyil, daha məlumatlıdırlar, maraq dairələri tamam başqadır. Hamı yekə-yekə danışır ki, bu il 5 tamaşa təhvil verdik, filan qədər kino çəkdik. Ay qardaş, o tamaşalar, filmlər haqda heç kimin məlumatı yoxdur. Yadımdadır, cavan idim, “Solğun çiçəklər”ə baxıb çıxanda camaatın gözü ağlamaqdan qıpqırmızı idi. Hind kinolarına da böyük maraq vardı. O kinolardakı hadisələr insanları elə tuturdu ki...Tələbat vardı, insanlar gedib baxırdı.
T.Şahsuvarlı: Sizcə, indiki filmlərə tələbat niyə yoxdur?
- Ona görə ki, neçə illərdir mütəmadi olaraq tamaşaçıların zövqünü korlayırlar. Mən əksəriyyətdən danışmıram, içində ağıllı adamlar, sənəti sevən, şou-biznes proqramı görəndə ekranı dəyişənlər, roman oxuyanlar var. Guya gülüş ustaları əmələ gəlib. Özlərini yaman günə qoymaqla adamları güldürmək istəyirlər. Əsl komediya odur ki, sən gülə-gülə düşünürsən və ondan nəticə çıxarırsan. O yoxdur axı. Hərdən köhnə kinolara yenidən baxıram. Hamı deyir ki, köhnə kinolardan yoxdur. Düzdür, elə kinolarımız da olub ki, pis qəbul ediblər. Bədii cəhətdən zəif olub, baxımdan bəsit texnikadan istifadə edilib, amma məqsəd vardı. İndi cavanlar rayona gedib, tez işini qurub şəhərə qayıtmaq istəyirlər. Yaxşı sən də, o da şəhərə getsə, onda rayonda, kənddə kim yaşasın, kim işləsin, orada da mütəxəssis lazımdır axı. Keçmişdə ali məktəbi bitirən adamı təyinatla rayonlara göndərirdilər, sonra diplom verilirdi. Tək-tək güclü adamlar tapşırıqla getmirdi. Amma əksəriyyət diplomunu almaq üçün 2 il rayonda işləməli olurdu. Bəzisi evlənib getdiyi rayonda qalırdı, yaxud xoşuna gəlirdi deyə fəaliyyətinə oradaca davam edirdi. Rayonda işləmək istəməyən isə ya öz rayonuna, yaxud Bakıya qayıdırdı. İndi isə bədən tərbiyəsi müəllimi riyaziyyat, fizika, kimya fənlərindən dərs deyir. Onun dərs dediyi uşağın nə savadı olacaq? Yalan olmasın son 10 ildə 50-yə qədər film çəkilib. Ola bilsin kimsə televiziyada hansısa proqramda bir dəfə rast gəlib, amma əksəriyyət görməyib.
T.Şahsuvarlı: Son vaxtlar “Dolu” filmi nisbətən uğur qazandı...
- Nisbilik nəzəriyyəsinə əsasən Qarabağ hadisələrinə həsr olunmuş film kimi daha uğurlu filmdir.
T.Şahsuvarlı: Hərdən düşünürəm ki, bəlkə bizə ədəbiyyat, teatr, kino heç lazım deyil? Sizdə heç belə fikir yaranıb?
- Hərdən mən də elə fikirləşirəm (gülür). Maliyyə ayrılır, amma onun hamısı tamaşaçıda maraq oyada bilmir. Beş filmə ayrılan pul bir filmə sərf olunsa, ortaya yaxşı əsər çıxar. O əsər haqda da tamaşaçılarda yüksək fikir formalaşar. Vallah əlimdə imkan olsaydı o cür edərdim. Beş heçdənsə, bir dolğun əsər daha yaxşıdır.
“Əli və Nino”nu yazan adam Bakını çox gözəl tanıyırmış"
Nərmin Muradova: “Əli və Nino” filminin çəkilişləri gedir. Xəbəriniz varmı?
- Bu haqda eşitmişəm. “Əli və Nino” əsəri əsasında film çəkirlərsə, lap yaxşı, təki əla alınsın. Bir dəfə hirslənib dedim ki, biz burada film çəkə bilmirik, pulumuzu verək Hollivud bizim üçün çəksin də. Onlar çəkəcəklər, çünki bunu bacarırlar. Mən “Əli və Nino” əsərini BBC radiosunda başdan-ayağa oxumuşdum. Çox dinləyici mənə müraciət edib deyirdi ki, əsəri elə oxuyurdunuz, biz film görürdük. Bu fikirlər mənə ləzzət edirdi. Əsəri oxuyanda görürdüm ki, bu, yaxşı film materialıdır. Bilirsiniz, filmin müəllifi ilə bağlı mübahisələr var. Biri deyir əsər Qurban Səidindir, başqası deyir Yusif Vəzir Çəmənzəminlinindir. Bircə onu bilirəm ki, onu yazan adam Bakını və bizim milləti çox gözəl tanıyırmış. Kənar adam əsəri elə yaza bilməzdi. Məndə elə fikir oyandı ki, bunu yazan kimdirsə, mütləq azərbaycanlıdır. Öz də əsərin yaxşı dili var. Təəccüb etdim ki, nə əcəb həmin adamın cəmi bir əsəri var.
N.Muradova: Bəs teatrların repertuarları Sizi qane edirmi?
- Deyirəm, sonra teatr rəhbərləri məndən inciyir. Zorla bilet satdırarlar? Yadımdadır, rayonda 8-9-cu sinifdə oxuyanda tamaşalara baxmaq istəyirdim. İnanırsınız, “Azdrama”da abunə sistemi vardı, insanlar qorxurdu ki, birdən bilet ala bilməzlər. Müğənnilər üç badam, bir qoz mahnısı oxuyurlar. Deyirlər camaat bunu istəyir. Sənətlərə nəzər yetirəndə ən uğurlu işimiz musiqi olub. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi dahilərimiz olub. Əvvəllər teatr da, musiqi də, kino da tamaşaçını öz arxasınca aparırdı. Bu gün isə tamaşaçının dalınca gedirlər. Bu isə sənət əsəri deyil.
“Fazil Mustafa, Babək bizimki deyilsə, bəs, sənsən bizimki?
T.Şahsuvarlı: Bu yaxınlarda Babəklə bağlı müzakirələr getdi, onu izlədiniz?
- Müzakirələrdən xəbərim var. Vallah biz olanımızı da özümüzdən o tərəfə qovuruq. Nə bilim, eşitdiyimə görə, Fazil Mustafa deyib ki, Babək, Nəsimi bizimki deyil. Bəs bizimki sənsən? Bu adam axı camaatın qəlbinə hopub. O vaxt Azərbaycan bir olub axı, necə yəni Babək bizim deyil. Bu, tarixdir. Əgər arqumentlə deyirsənsə, bu, başqa məsələdir. Məndə instinkt var, çıxış edən adamın savadını duyuram. Özüm dərin savadlı adam deyiləm, hər şeydən bir az bilirəm. Kimsə bir mövzudan danışırsa, o dəqiqə hiss edirəm ki, mövzu həmin şəxsi maraqlandırır, yoxsa özünü, bilik dünyasını təqdim etmək niyyətindədir. Əgər sən konkret elmi əsaslarla sübut edirsənsə, səninlə razı olaram, axı sən sübut edə bilmirsən.
“Düşündüm, ETTELAAT gəlib deyəcək ki, Şuravidən gəlib bunları pozursan”
T.Şahsuvarlı: Bəzz qalasına getmisiniz?
- Tehrana gəzməyə getmişdim, hamı başıma yığıldı, məni tanıdılar, sən demə orada “Babək”, “Nəsimi”, “Dədə Qorqud” filminin kasetləri hamıda var. Amerikadakı cənubi azərbaycanlılarda da bunu görmüşdüm. Tehranda olanda dedilər ki, bu yol Bəzz qalasına aparır. Söylədilər ki, bir neçə gündən sonra qalaya yürüş olacaq, 1 milyona yaxın adam gedəcək. Sən demə, bunlar filmin kasetini götürüb Bəzz qalasında baxırlar. Öz də plakatlar hazırlayıb “Babək” filmindən şüarlar yazırlar. Məsələn, “Bir gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür”, “Azərbaycanımı azad görməyincə qılıncımı qınına qoymaram” kimi şüarlar yazmışdılar. Mənə təklif etdilər ki, birgə gedib Bəzz qalasında filmi izləyək. Dedim gedərik sonra ETTELAAT gəlib deyəcək ki, Şuravidən gəlib bunları pozursan, məni tutub dama basacaqlar, düşünərlər ki, bunu mən təşkil edirəm. Qaladan mənə daş gətirmişdilər, onları evdə saxlayıram.
“Heç vaxt istəməzdim ki, Babək Cavidanın arvadını alsın”
T.Şahsuvarlı: Məni həmişə düşündürüb ki, Siz Babəki necə duymusunuz? Onun roluna girəndə bir empatiya qurmalı idiniz. Həmin anda Siz Babəki necə təsəvvür edirdiniz?
- Nəsimi rolu təklif olunanda qorxmuşdum, Babək roluna təsdiq olunanda da dizlərim əsirdi. Bunlar elə rollardır ki, tamaşaçıya sevdirmədinsə, batdın. Mənim Müslüm Maqomayevə böyük hörmətim var. Onun qədər Azərbaycanda 2 adam məşhur olub: Leyla Bədirbəyli, Rəşid Behbudov. Müslüm Maqomayev kimi adam “Nizami”ni oynaya bilmədi, səsini mən yazdım. Müslüm fenomen müğənni, öz də gözəl insan idi. “Nizami”də dramaturgiya yox idi. Hadisələr böyük şeydir. Evdar qadınlar seriallara baxırlar, orada böyük aktyor oyunu, yaxud böyük sənət yoxdur, onlar hadisəni izləyirlər. Ələlxüsus tarixi filmdə hadisəni sevirlər. Babək rolu ilə bağlı birinci onu düşündüm ki, elə oynamalıyam ki, “Nəsimi”yə oxşamasın. Axı üz mənimdir. Yeni çalarlar, baxış tərzi, xarakter tapmalıydım. Bütün səhnələr üzərində çox çalışmışıq, bilmirəm, buna necə nail olmuşuq. Özümün də əsərdə müəyyən şeylərlə bağlı iradım olub. Ssenari əsas olsa da, kinoda ssenaridən də əsas rejissordur, filmə müdaxilə etmək imkanım yoxdur. O vaxt da deyirdim, indi də deyirəm heç vaxt istəməzdim ki, Babək Cavidanın arvadını alsın.
T.Şahsuvarlı: Tarixi faktdır da...
- Tarixi faktı bədiilik naminə bir az dəyişmək olar. Həmin hissəni verməmək də mümkün idi. Biz onların həyatını o qədər də dərindən bilmirik, bəlkə elə aşağılayıcı işləri olub ki, onu gətirib ekrana çıxarmaq olmaz. Bu, bədii obrazdır. Onu da deyim ki, obrazı ideallaşdırmaq da olmaz.
“Mikayıl Abdullayev məni tanımadan Nəsiminin portretini çəkib”
Vəfa Babasoy: Orta məktəblərdə kitablarda gördüyümüz Nəsimi portreti Rasim Balayevdir. Bu, təsadüfi oxşarlıqdır yoxsa...
- Bu, çox qəribə oldu. Mən institutu təzə bitirmişdim, Tədris Teatrında aktyor sənəti ixtisasından saat hesabı assistent kimi çalışırdım. Mikayıl Abdullayevi tanıyırdım, bizim institutda dərs deyirdi, bilirdim ki, bu şəxs SSRİ Xalq rəssamıdır. Onu da, Tahir Salahovu da tanıyırdım, cavan idim, mən tanımalı idim. Amma özüm elə bir iş görməmişdim ki, onlar məni tanısın. YUNESKO İmadəddin Nəsiminin 600 illiyini qeyd edəndə bir müsabiqə keçirmişdilər, 30 rəssamı çağırıb demişdilər ki, hərəniz bir portret işləyin, kimin portreti yaxşı olsa, o “Nəsimi”ni qəbul edəcəyik. 30 nəfərin içində Mikayıl Abdullayev də portret çəkmişdi. Onun portretinə baxanda gördüm ki, bir az mənə oxşarlığı var. Mənə deyirdilər ki, Mikayıl Abdullayevə “sağ ol” de, sənə oxşadıb, Mikayıl Abdullayevə də sən demə deyiblər ki, bu, rəssam təxəyyülü deyil axı, sən Rasim Balayevə baxıb çəkmisən. O da deyib vallah mən Rasim Balayevi tanımıram. Günlərin birində rəhmətlik Mikayıl Abdullayevlə bununla bağlı görüşdük.
V.Babasoy: Filmə sonra dəvət aldınız?
- Portret çəkilmişdi, amma hələ təsdiq olunmamışdı. Mənsə Nəsimi roluna təsdiq edilmişdim. Sonra tutuşdurdular, baxdılar ki, oxşarlıq var.
Nərgiz Ehlamqızı: Mikayıl Abdullayev Sizi görmədən Sizə oxşar bir portret yaradıb?
- Məni görməmişdi, sadəcə, təxəyyülü ilə çəkib. Mənim filmə dəvət olunmağımda televiziyanın rolu olub. Arabir televiziya tamaşalarında oynayırdım, tez-tez şeirlər oxuyurdum. Günlərin bir günü şeir oxuyanda İsa Hüseynovla Həsən Seyidbəyli oturub “Nəsimi”ni yazırlar. O vaxt bu günə düşməmişdim də, cəlbedici simam vardı. Bu barədə mənə sonra danışdılar, Seyidbəyli deyib ki, bu oğlana bax. Bunlar da “Nəsimi” axtarırlarmış. Haqqımda maraqlanıblar. Mən də həmin ərəfədə xəstələndim, xəstəxanada müalicə alırdım. Ssenarini heç oxumadım, eşitmişdim ki, bu rolu məşhur aktyorlara verəcəklər, təzə aktyora verə bilməzlər. Bu mənada bilirdim ki, mənə verməyəcəklər. O vaxtadək bir neçə rol üzrə sınaq çəkilişlərinə çağırmışdılar, amma təsdiq olunmamışdım.
“Dedim ki, ömrümə çox az qalıb”
Nərmin Muradova: Düşündünüz ki, bu rola da ümidlənmək lazım deyil?
- Hə, fikirləşdim ki, birdən-birə mənə Nəsimi rolunu heç verməzlər. İkinci rejissor ssenarini gətirdi, yanımda 3 gün qaldı, dedi oxudun? Oxumamışdım, dedim oxudum. O vaxt əsəblərim korlanmışdı, rəhmətlik atamın qəfil ölüm xəbərini eşidib stress keçirmişdim. Mənə dedi ki, səndən çox danışırlar. Qayıtdım ki, gedin Həsən müəllimə deyin ki, bu film mənlik deyil, ömrümə çox az qalıb, mənə ümid eləməsinlər, getsinlər özlərinə aktyor tapsınlar. Həm özümə, həm rola inamsızlıq vardı. Düşünürdüm ki, o boyda rolu mənə necə verərlər. O vaxt bu, mənim üçün ağlasığmaz şey kimi gəlirdi. İkinci rejissor Seyidbəyliyə dediklərimi çatdırıb. O da soruşub ki, nədir onun xəstəliyi? Telefonu götürüb səhiyyə naziri Hənifə Abdullayevə zəng edib. Seyidbəyli də avtoritet adam idi, deputat, yazıçı idi. Deyib ki, ay Hənifə müəllim, bir “Nəsimi” tapmışıq, deyir ömrümə az qalıb, sən canın konsilium təşkil elə, görək ona ümid edə bilərik, yoxsa başımıza çarə qılaq. Bir gün gördüm ki, xəstəxananı səhər tezdən yalayırlar, bütün personal ağappaq geyinib. Bu, mənim heç ağlıma belə gəlmir. Elə bir qüdrətim, güclü qohumum, əqrəbam da yox. Soruşduq nə məsələdir, dedilər nazir xəstəxananı yoxlamağa gəlir. Hənifə Abdullayev ölkənin tibb sahələrinin bütün baş həkimlərinə zəng edib çağırıb. Bəlkə də 50 professor, 50 Tibb Universitetinin tələbələri vardı, ağappaq geyinib gəldilər. Bir də gördük bizim palataya girdilər. Dedilər Balayev hanı? Balayev deyəndə elə bildim başıma qaynar su tökdülər. Düşündüm ki, gör məndə nə axmaq xəstəlik var ki, hamı yığılıb gəldi. İkinci dəfə qorxdum, dedim, yəqin, məndə elə xəstəlik var ki, bu, yandırılmalıdır. Rəngim ağardı, söhbətdən xəbərim yoxdu axı. Rəhmətlik Paşa Məmmədov vardı, müayinə etdi, mədəmdə xora tapıldı. O da stressdən olur. 2 il bundan qabaq da həmin xora oldu. Onun əmələ gəlməsinin əsas səbəblərindən biri stressdir. Həkim də rusca nazirə dedi ki, elə ciddi bir şey yoxdur. İstirahət eləsin, keçib gedəcək. Paşa müəllimin yanına gedtim. O da dedi ki, bilmirdim, sən demə, bu müayinəni Seyidbəyli təşkil edibmiş. Dərman atırdım, “Nəsimi” filminə başlayandan sonra o xəstəlik keçdi, getdi. Seyidbəyliyə sual vermişdilər ki, niyə Nəsimi roluna Rasim Balayevi seçdiniz? O da qayıdıb ki, mən onun üzündə qədimilik gördüm.
Nərmin Muradova: Kulis söhbətlərində deyirlər ki, Rasim Balayevin yaraşığı həmişə onun istedadından daha öndə olub...
- Vallah onu mənə yox, ola bilsin arxamca deyiblər. Niyə bizim çox kinolarımızda aktyor olmayan adam çəkilib? Kinoda surətpərəstlik var. Məsələn, Ayaz Salayev bir film çəkirdi, baş rola fars aktyoru gətirdi, qəşəng sifəti vardı. Dedim Ayaz, bu boyda Azərbaycanda bir adam tapmadın, gedib farsı gətirdin? Özüm İran filmində çəkilmişəm, farslardan acığım gəlir, çünki onlar bizə yuxarıdan aşağı baxırlar. Ayaz Salayev qayıtdı ki, inanırsınız, Rasim müəllim, Mədəniyyət və İncəsənət Universitetindən tutmuş bütün ali məktəblərədək hər yeri ələk-vələk elədim, mənə lazım olan simanı tapa bilmədim. Amma mən deməzdim ki, məni görkəmimə görə filmlərə dəvət edirdilər. Mən institutda elə komik rollar oynamışam, tələbə yoldaşlarım indi də danışır. Ancaq sonra o rolları davam etdirə bilmədim. Surətpərəstlik olsa da, amma həmin şəxsdə istedad yoxdursa, uzağı 1-2 dəfə çəkilər, sonra alınmaz.
N.Ehlamqızı: Olubmu hansısa rolunuz xarakterinizə təsir eləsin?
- Barışmazlıq xarakterimi ola bilsin “Babək, ”Nəsimi" verib. Bəzi adamlar deyir ki, salla başını, al maaşını. O birilər xoşa gəlmək üçün deyirlər ki, hər şey əladır. Mən deyirəm, camaat baxır sizin çəkdiyinizdən xoşu gəlmir. Bundan sonra məndən acıqları gəlir. Ola bilsin bu xarakterim oynadığım obrazlardakı prinsipiallıq, vicdanlılıqdan irəli gəlir. Demirəm idealam, özümün də çatışmayan cəhətlərim var. Rolu içimdən keçirmişəmsə, onun müəyyən cəhətləri içimdə qalıb.
Q.Yaquboğlu: “Sübhün səfiri” filmi xeyli mübahisələrə səbəb oldu. Axundov rolundan razı qalmadınız?
- Mübahisələrdən xəbərim var. Bu film bədii, təşviqi və maarifləndirici filmdir. Tutalım orta məktəbdə oxuyuram, Axundovun yaradıcılığını bilmirəmsə, bu filmə baxıb onun haqda məlumat almaq mümkündür. Mən aktyor kimi istəməzdim belə film alınsın, amma ssenarini belə yazıblar, oynamışam. Eşitmişdim ki, zamanında iki əsərin çəkilməyinə pul ayrılıb, biri “İblis”, biri də “Hökmdar və qızı”. Sonra belə oldu ki, “İblis”i işləyə bilən olmadı. Hüseyn Cavid bunu sırf teatr üçün yazıb, kinoya çəkilməli olsa, gərək yenidən yazılsın. Ha yazdılar alınmadı, axırda “Cavid ömrü” adlı əsərlərdən parçaları toplayıb film çəkdilər. Arzulayardım ki, Cavidin Sibirdə keçirdiyi əziyyətləri göstərə bilim. Balaxanılı bir nəfər vardı, dedi ki, Cavidlə bir həbsxanada yatırdıq, Novruz ərəfəsində söylədilər ki, Cavid keçindi. Biz onu basdırmaq istədik, yeri qaza bilmədik, yer dəmir kimi idi. Yeri yandırdıq. Yumşaldı, sonra basdıra bildik. İnanırsınız, “Cavid” filmi yarıya qədər çəkilmişdi. Günlərin birində Anarla, Ramiz Həsənoğlu gəldi, dedilər ki, materiala baxmışıq Cavid yoxdur. Dedilər dur ayağa gedək çəkilişə, zorla kinostudiyaya apardılar. Dedim Nəsimi belədir ki, görən olmayıb, fotosu yoxdur, camaata təqdim etmişik, qəbul ediblər. Cavidin şəkli, onu görənlər var, mən ona oxşamıram axı. Dedilər bu, bədii obrazdır. Yüngülvari qrimlədilər, dedilər hazırsan, birdə gördüm saçımı qırxdılar. Bax bu filmə çəkilməyim belə oldu.
N.Muradova: Səhv etmirəmsə, iki oğlunuz var...
- Hə, iki oğlum, iki qız nəvəm var. Bir oğlumun övladı 12 ildən sonra oldu, onun indi 5 yaşı var. Böyük nəvəminsə 14 yaşı var.
“Qurani-Kərimi Azərbaycan dilində mən səsləndirmişəm”
N.Ehlamqızı: Yorğun olanda hansı musiqi Sizi sakitləşdirir?
- Maşınımda bircə dənə "Qurani-Kərim"in surələrindən ibarət disk var. Yeri gəlmişkən "Qurani-Kərim"i Azərbaycan dilində mən səsləndirmişəm. Yol gedəndə ancaq ona qulaq asıram. Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Alim Qasımovun da kasetləri var. O şeylər ki, doğrudan sənət nümunəsidir ona qulaq asıram.
N.Ehlamqızı: Məkkədə olmusunuz?
- Yox, Kərbəlada olmuşam. Füzulinin 500 illiyi ilə bağlı tədbir çərçivəsində İraqda idik, onda ziyarət elədik. İmkan olsa, Ümrə ziyarətinə gedəcəyik.
N.Muradova: Deyəsən, Alim Qasımovla dostsunuz...
- Alim Qasımov böyük xanəndədir. Onu həm də ona görə sevirəm ki, o, daim axtarışdadır. Arif Babayevin də gözəl səsi var, amma o, 30 il bundan qabaq oxuduğu muğamı, bu gün də o cür oxuyur, eyni xal var. Alimin 4-5 cahargahı var, hamısını ayrı-ayrı oxuyub. Hər bir muğam ustadı konsert salonunu doldura bilməz. Amma Alim asanlıqla doldurur. Çünki o, gözlənilməz şeylər edir.
N.Ehlamqızı: Sizi nə vaxtsa siyasi partiyaya dəvət edən olub?
- Azərbaycan Xalq Cəbhəsi dövründə günlərlə meydanda qalırdım. Hadisələr elə gətirdi ki, bunlar hakimiyyətə gəldilər. Onlar elə səhvlər buraxdılar ki, demokratiyaya nifrət elədim. Düşündüm ki, demokratiya belə özbaşınalıqdırsa, bunu heç istəmirəm. Heç bir partiyaya üzv olmadım, sadəcə, o proseslər zamanı hərəkata qoşuldum. Bizdə belədir ki, bir partiyaya üzv olursansa, o biri partiya sənə düşmən kimi baxır.
T.Şahsuvarlı: Parlament seçkilərində namizəd olmağı düşünmürsünüz?
- Seçkilərdə 2 dəfə namizəd oldum, sonra gördüm mənə görə deyil. Seçki kampaniyası dövründə gəlib biri deyirdi ki, müəllim, mənim evimin damı yoxdur, onu tikdirə bilərsən? O biri qayıdırdı ki, uşağımın təhsil haqqını ödəyərsən? Dedim deputat bəyəm buna görədir? Gördüm kütlə ancaq maddi xeyir güdür. Bəlkə sabah elə mənəvi xeyir verərəm ki, onun xeyri daha önəmli olar. Sonra qərarlaşdırdım ki, deputat olmağa dəyməz.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD