26 Dekabr 2015 12:37
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in qonağı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini, ilahiyyatçı Gündüz İsmayılovdur. Azərbaycanda dini durum, yola saldığımız 2015-ci ildə dini sahədə baş verən proseslər barədə danışan G.İsmayılov kadrların çatışmazlığının səbəblərinə aydınlıq gətirib. Dindar kəsimlə dünyəvi kontingent arasındakı münasibətlərə toxunan Dövlət Komitəsinin sədr müavini son günlər geniş müzakirələrə səbəb olan təhsildən yayınan şagirdlərə görə valideynlərin cərimələnməsi təklifinin detallarını açıqlayıb.

Nərgiz Ehlamqızı: 2015-ci ilə yekun vururuq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin builki fəaliyyətini necə dəyərləndirirsiniz?
- 2015-ci il bir az mürəkkəb olması, bir xeyli işgüzarlıq və intensiv maarifçilik işi aparılması baxımından yaddaşımda qaldı. Ötən ilin noyabr ayında cənab Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə bir sıra dəyişikliklər etdi. Dəyişikliklərdən sonra Dövlət Komitəsinin ştat vahidlərinin sayı artırıldı. Ötən ilə qədər bizim sədr, müavin, digər işçilər, hətta sürücü və xadimə ilə birlikdə 86 ştat vahidimiz vardı. Dəyişikliklərdən sonra isə 174-ə çatdı. Əlavə olaraq bölgə şöbələrinin sayı 9-dan 15-ə qaldırıldı. Mərkəzi Aparatda yeni şöbələr, xüsusilə də dini maarifləndirmə işinin təşkili, dinşünaslıq ekspertizası, təhlil və proqnozlaşdırma şöbələrini yaratdıq, işə yeni kadrlar cəlb elədik. Həm maarifçilik işinin aparılması istiqamətində kifayət qədər keyfiyyət və kəmiyyət dəyişikliyi baş verdi, eyni zamanda dini durumla bağlı təhlil və proqnozlaşdırma sahəsində bir xeyli müsbət nəticələrimiz oldu. Açıq şəkildə deyim ki, əvvəlki dövrdən fərqli olaraq bizim indi dini sahədə gedən proseslərlə bağlı həm daha yaxından monitorinq aparmaq, həm də bunun təhlilini həyata keçirmək imkanlarımız artıb. Azərbaycanın elə bir rayonu, dini icması qalmayıb ki, Dövlət Komitəsinin rəhbərliyi və yaxud şöbə müdiri səviyyəsində o rayonlarda olmasın. Təbii ki, bütün bunlarla yanaşı müəyyən məsələlər də var ki, bunlar cəmiyyətin gözü qarşısındadır. Bu məsələlərlə bağlı 2015-ci il bizim üçün işgüzarlıqla yanaşı müəyyən mənada mürəkkəblik baxımından yadda qaldı. Dini radikalizmlə bağlı aparılan iş, bu sahədə kənar təsirlər, xarici müdaxilələr və bunlara verilmiş reaksiyalar baxmından yola saldığımız ili bir az da mürəkkəb xarakterizə edirəm.

N.Ehlamqızı: Təhsildən yayınan şagirdlərin valideynlərinin 100 manat cərimə olunması ilə bağlı təklif cəmiyyətdə eiraza səbəb oldu. Belə təklif hansı zərurətdən doğdu? Belə fikirlər səslənir ki, Nardaran hadisələri fonunda həmin qəsəbə və regionlardakı şagirdlərə görə bu cür addım atılacaq...
- Əslində, bizim bu hadisələrdən də qabaq apardığımız monitorinqlər və təhlillərə baxsanız, orada gənclərin qanunsuz dini tədbirlərə, ayin və mərasimlərə qatılması ilə bağlı kifayət qədər aşkar etdiyimiz faktlar vardı. Hətta bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən də dəfələrlə tədbirlər həyata keçirilib. Bu təklif təkcə İslam dini ilə bağlı məsələ deyil. Xüsusilə də, sektant icmalarda məktəb yaşlı uşaqların dini ayin və mərasimlərə cəlb olunması, eyni zamanda İslam dini ilə bağlı bu cür faktlar kifayət qədərdir. Sadəcə Nardaran hadisəsi bunu daha qabarıq şəkildə, hər kəsin diqqətini çəkəcək formada nümayiş etdirdi. O ki qaldı qanunvericiliyə dəyişikliyə, düşünmürəm ki, təhsildən yayınmaya görə bütün məsuliyyəti valideynin üzərinə qoymalıyıq. Qətiyyən belə deyil. Nümunə də deyim, Gəncədə “Yehovanın şahidləri” sektasının qanunsuz tədbiri ilə bağlı polis əməliyyat keçirdi. Əməliyyat zamanı məlum oldu ki, həmin tədbirdə xeyli sayda azyaşlılar vardı, o şagirdlərin təhsil aldığı məktəblərin direktorlarına icra hakimiyyəti tərəfindən töhmət elan edildi. Azyaşlıların təhsildən uzaqlaşmasına görə məsuliyyəti təkcə valideynin üzərinə qoymaq doğru deyil. Paralel şəkildə məktəb də məsuliyyəti bölüşməlidir. Qanunvericilikdə 1 ay ərzində 7 gün dərs buraxılmasından söhbət gedir ki, burada hansısa üzrlü səbəblərdən dərsə gələ bilməyən şagirdlərin cəzalandırılması nəzərdə tutulmur.

Sevil Hilalqızı: Mexanizm necə olacaq? Mexanizmin Nazirlər Kabinetində hazırlanacağı bildirilir, amma artıq məktəblərin çoxu tətbiqə başlayıb...
- Qanunvericiliyə edilmiş dəyişikliyin nəyi ehtiva etdiyi məlumdur. Amma bunun icra mexanizmi haqda hüquqşünaslar danışa bilər. Bu, Dövlət Komitəsindən daha çox Təhsil Nazirliyinə aid məsələdir. Azyaşlıların qanunsuz olaraq təhsildən uzaqlaşdırılması, məqsədli şəkildə dini ayin və mərasimlərə cəlb edilməsi dini sahədə tez-tez rast gəlinən faktdır. Bunun qarşısınını alınmasının yollarından biri də qanunvericiliyə dəyişiklik etmək idi. Mexanizm necə olacaq, təbii ki bu, Dövlət Komitəsindən daha çox digər aidiyyəti qurumların səlahiyyətindədir.

“Elə etməliyik ki, məktəblərimiz ibadət evləri qədər cəlbedici olsun”

S.Hilalqızı: Məktəb direktorları tərəfindən sui-istifadə halları qaçılmaz olacaq. Dini ayinlərin icrasına görə dərs buraxanlarla bağlı bənd əlavə olunacaqmı?
- Mənim sahəm dinlə bağlı olduğu üçün din məsələsini vurğuladım. Bəlkə qanun layihəsi hazırlananda digər nüanslar da nəzərdə tutulub, bunları detalları ilə bilmirəm. Bütövlükdə təkcə məmur kimi yox, vətəndaş kimi bu dəyişikliyin tərəfdarıyam. Məsələ ondan ibarət deyil ki, üzrlü səbəblərdən də dərs buraxan şagirdlərin valideynlərini cəzalandırılacaq. Bu yaxınlarda müəllimlərlə görüşümüz vardı, onlardan biri təklif irəli sürdü ki, ibadət evlərinə yeniyetmələrin getməsini qadağan edək. Həmin müəllimdən soruşdum ki, əgər uşaqlar məktəbə yox, ibadət evinə gedirsə, bunda heçmi müəllimlərin günahı yoxdur? Deməli, elə etməliyik ki, məktəblərimiz ibadət evləri qədər cəlbedici olsun.

Dilqəm Əhməd: Avropanın bir çox ölkələrində məktəblərdə xristianlığın öyrənilməsi məcburi, bəzilərində isə qadağandır. Qardaş Türkiyədə Quran dərsləri var. Azərbaycanda necə olmalıdır? Yeniyetmələr dini ya valideynindən, ya kortəbii internetdəki materiallardan, ya da dini mağazalardakı kitablardan öyrənir. Bu məsələ necə həll edilməlidir ki, gələcəkdə radikalizmə yol açmasın?
- Bu gün gənclərin beyinləri uğrunda savaş gedir. Əgər biz bu savaşda qalib olmaq istəyiriksə, hansısa təriqətdən, məzhəbdən öncə mütləq gənclərə dini bilgiləri verməliyik. Söhbət orta məktəblərdə dinin, şəriətin tədrisindən gedirsə, bu, mümkün, real deyil, illuziyadır. Orta məktəblərdə dinlə bağlı biliklərin verilməsini özündə ehtiva edən fənnin tədrisi aparıla bilər. Bir şeyi qəbul etməliyik ki, gənclərə dini biliklər orta məktəblərdə də verilməlidir. Bu, elə biliklər olmalıdır ki, gəncləri doğru istiqamətləndirsin. Bu gün orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bunun məqsədlərindən biri də din, milli-mənəvi dəyərlərimizlə bağlı şagirdlərə biliklərin verilməsidir. Hər kəsin dediyi kimi mən də o fikirlə razıyam ki, “Həyat bilgisi”ndə dinlə bağlı biliklər həddən artıq səthidir. Bu kitabdakı biliklərin daha da dərinləşdirilməsini, yaxud yeni bir fənnin tədrisini də müzakirə edə bilərik. Təhsil Nazirliyi ilə birlikdə orta, ali və orta-ixtisas təhsil müəssisələrində dini maarifləndirilmə işinin həyata keçirilməsi ilə bağlı birgə tədbirlər planı imzalamışıq. Plana uyğun olaraq Bakının 1 saylı məktəbindən tutmuş Daşkəsənin ən ucqar məktəblərinə qədər tədbirlər keçirəcəyik. Əlbəttə, heç bir halda konfrans, seminar formasında verilən biliklər tədris səviyyəsindəki effekti verə bilməz. O nöqteyi-nəzərindən bizim həyata keçirdiyimiz maarifləndirmə tədbirləri intensiv olsa da, keyfiyyət baxımından tədrisi əvəz edə bilmir. Mənə elə gəlir ki, biz mərhələ-mərhələ bu prosesə başlamaq məqamına çatmışıq. Din sahəsi, xüsusilə də təhsillə bağlı məqamlar elə həssas məsələlərdir ki, burada presedent, yaxud eksperiment hallarından qaçmaq lazımdır.

“Dindar kontingentlə dünyəvi kontingent arasında uçurum getdikcə böyüyür”

S.Hilalqızı: Dini dəyərlərlə bağlı fənn özündə nələri ehtiva etməlidir?
- Azərbaycanın dini kontingenti Türkiyədəki qədər yekdil deyil. Burada məzhəb amilləri, hətta Azərbaycan türklərinin Anadolu türklərindən fərqli xüsusiyyətləri də var ki, bunlar nəzərə alınmalıdır. Bu, o qədər həssas məsələdir ki, bütün nüanslar təhlil edilmədən, bütün məqamlar nəzərə alınmadan yalnız bir sərəncamla həll edilə bilməz. Bu gün cəmiyyətdə dinlə bağlı problemlərə baxdıqda görürük ki, mahiyyətdə məqsədli olaraq Azərbaycanda dini kimliyimizi milli kimliyimizə qarşı qoyurlar. Sürətli şəkildə məzhəbləşmə gedir. Cəmiyyətimizdə dindar kontingentlə dünyəvi kontingent arasında uçurum getdikcə böyüyür. Cəmiyyət dindarlaşdıqca dindar olmayan kəsimə qarşı aqressiya, eləcə də, dindar olmayan kəsimin dindar kəsimə qarşı aqressiyası mövcuddur. 2014-cü ildə də, elə bu yaxınlarda da dini təhsil almış gənclərlə dünyəvi təhsil almış gənclərin birgə konfransını keçirdik. Həmin konfransdan öncə düşünməzdik ki, vəziyyət bu qədər mürəkkəbdir. Dini təhsil almış gənclərimiz dünyəvi təhsil almış gəncləri nəinki qəbul etmir, onlara aqressiv münasibət göstərirlər. Halbuki, qarşımıza qoyduğumuz hədəf dindar olub-olmamasından, hansı mədəni və sosial qrupa daxil olmasından asılı olmayaraq hər kəsin bərabər, bir-birinə hörmətlə yanaşdığı ideal cəmiyyət qurmaqdır.

“İslam bizim üçün birləşdirici faktora çevrilməlidir”

Taleh Şahsuvarlı: Bunun səbəblərindən biri də budur ki, Azərbaycanda müzakirə mühiti yoxdur. Dünyəvi şəxslər tarixi mənbələrdə müəyyən həqiqətləri səsləndirməyə ehtiyat edir, çünki basqı gəlir, insanı kafirlikdə suçlayırlar. Bu da müzakirə mühitini pozur. Necə edək ki, müzakirə mühitini bərpa edək?
- Dediyinizdə müəyyən qədər həqiqət var. Bəzən biz dinlə bağlı fikirlər söyləyəndə düşünürük ki, hamı bizim kimi fikirləşməlidir. Məsələn, hansısa məzhəbin və ya təriqətin nümayəndəsidirsə, onun üçün İslam fikirləşdiyindən ibarətdir, fərqli fikrə açıq deyil. Bu, tək Azərbaycana yox, bütün İslam və qeyri-İslam dünyasına da xas olan xüsusiyyətdir. Amma Azərbaycanda dini biliklər yetərli olmadığı üçün bizdə daha sərt formadadır. Son 20 il ərzində din sahəsində gedən proseslərə diqqət edək. Dindarlaşma prosesi gedir, əslində bu, özlüyündə müsbət prosesdir. Dindar olmaq dövlətə, bəşəri dəyərlərə, elmə qarşı çıxmaq deyil ki. Bəs proses necə gedir? Bir hissəmiz şiə, digərimiz sünni, nurçu, sələfidir. Cəmiyyətdə istər-istəməz sual yaranır: əsl İslam bunun hansıdır? Əlbəttə, məzhəbləşmə, təriqətləşmə bütün cəmiyyətlərdə var. Məsələ burasındadır ki, Azərbaycanda İslamın təbliği cəmiyyətin birləşdirilməsi amalına xidmət etmir. Amma başqa ölkələrdə əksinə din birləşdirici faktor kimi çıxış edir. Götürək qardaş Türkiyəni, orada etnik zəmində üzə çıxan problemlər var. Türkiyə buna alternativ olaraq İslamı ortaya qoyur. İslam Türkiyə üçün birləşdirici faktordur. İslam eyni zamanda İranın bütövlüyünü şərtləndirir. Azərbaycanda isə dindarlaşma getdikcə, əksinə cəmiyyətdə bölünmə tendensiyası artır. Deməli, bizim İslamla bağlı qarşımıza qoyduğumuz hədəflərdən biri o olmalıdır ki, İslam bizim üçün birləşdirici faktora çevrilsin. Üstəlik İslamla bağlı ənənəmiz Sovetlər dövründə qırılma nöqtəsi yaşayıb. İslam barədə təsəvvürlərimiz ya xaricilərin bizə təqdim etdiyi İslamdır, yaxud kitablardakı İslamdır. Bir də tariximiz var. Ortaya mütləq alternativ qoymalıyıq.

“Dindarlaşma prosesi azərbaycanlı kimliyinin itirilməsi ilə nəticələnir”

T.Şahsuvarlı: Tarixən bizdə İslam olub, bizim İslamın konsepsiyası necə olmalıdır?
- Azərbaycan, Türkiyə, İran, Ərəb İslamı kimi bölgünün tərəfdarı deyiləm. Şəriət baxımından İslam hər kəsdə eynidir. Amma hər bir xalqın dinə yanaşması var. Azərbaycan xalqının dinə yanaşması hətta soykökümüz, dilimiz, qanımız eyni olan Anadolu türklərindən fərqlənir. Bizim dinə yanaşmamızı xarakterizə edən xüsusiyyətlər nədir? Şəriətdə problem yoxdur, bir də var həyat tərzi. Xalqların, cəmiyyətlərin həyat tərzini yalnız şəriət fomalaşdırmır. Dinlə yanaşı mənsub olduğumuz xalqın adət-ənənəsi, yaşadığımız dövlətin qayda-qanunları var. Hətta cəmiyyətdə stereotiplər, böyüdüyümüz ailə mühiti, aldığımız təhsilin təsirini da yaddan çıxarmaq olmaz. Təsəvvür edin ki, 1991-ci ildən sonra iranlı qardaşımız gəldi, İslamı təbliğ elədi, mən dindar oldum. Amma o, İslamla yanaşı öz həyat tərzini də təbliğ elədi, nəticədə mən iranlı dindar kimi düşünməyə başladım. Anadolu türkü olan qardaşımız gəlib dini təbliğ eləməyə başladı, mən dindar oldum, amma həyat tərzim Anadolu türkünə bənzədi. Beləliklə, bu cür dindarlaşma prosesi azərbaycanlı kimliyinin itirilməsi ilə nəticələnir. Yarıciddi-yarızarafat belə bir fikir formalaşıb ki, Azərbaycanda dindarların sayı artdıqca, sanki azərbaycanlıların sayı azalır. Mənim babalarım milli kimliyini saxlayaraq müsəlman olmağı bacarıb axı. Harada yazılıb ki, dindar olmaq üçün mütləq milli kimliyimi güzəştə getməliyəm? Buna görə də qarşıda duran məqsədimiz gənclərin beyni uğrunda savaşı qazanmaq üçün kadr yetişdirməkdir. O kadr xaricdə oxumamalıdır, ərəb, iranlı, Anadolu türkü kimi düşünməməlidir, Azərbaycanlı kimi düşünməlidir, bunu isə biz yetişdirməliyik. Qusarda tədbirlərin birində bir nəfər sual verdi ki, müəllimin mollalıq etməyinə necə baxırsınız? Dedim ki, vallah, çox istəyərdim ki, bizim müəllimlərimiz dini savadlı molla qədər bilsin, savadlı mollamız da dünyəvi elmləri savadlı müəllimimiz kimi bilsin, amma nə müəllimimiz mollalıq, nə də mollamız müəllimlik eləsin. Bir sözlə, əsas hədəfimiz milli kadr yetişdirməkdir.

“Dini təhsilin pullu olduğu yeganə ölkə Azərbaycandır”

Aqil Lətifov: Savadlı kadrı kimlər yetişdirəcək? Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsi, universitetlər?
- Kimsə deyə bilər ki, mənim üçün din həyat tərzidir. Bir başqası deyə bilər ki, mənim üçün din sadəcə olaraq hüquq məsələsidir, ona vicdan azadlığı prizmasından baxıram. Başqası söyləyə bilər ki, din milli-mənəvi dəyərdir. Bir başqası isə dinin sadəcə keçmişin bir hissəsi olduğunu deyə bilər. Yəni, dinə bir neçə baxış bucağının olması mümkündür. Dövlət bizim hər birimizin baxış bucağından dinə baxmalıdır. Həmçinin dövlətin əlavə bir baxış bucağı, eynəyi də olmalıdır - bu, dövlətin milli, ictimai, siyasi və ideoloji nöqteyi-nəzərdən dinə baxış bucağıdır. Dinə vicdan azadlığı, milli-mənəvi dəyər nöqteyi-nəzərindən baxdıqda elə bir məsələ yoxdur, amma siyasi və təhlükəsizlik baxımından ciddi problemlər var. Bu gün din sahəsindəki problemlərin əksəriyyəti vicdan azadlığı yox, siyasi-ideoloji prizmadan üzə çıxır. Bu mənada İslamın yox, dövlət-din münasibətlərinin Azərbaycana uyğun modelini tam formalaşdırmalıyıq. Eyni zamanda yetişdirdiyimiz kadrları bu modelə - Azərbaycan xalqının xarakterik xüsusiyyətinə, dinə baxışına uyğun formalaşdıracağıq. Savadlı kadrın yetişdirilməsi məsələsinə gəlincə, dünyada elə bir ölkə yoxdur ki, orada dini təhsil pullu olsun. İstər mədrəsə, istərsə də ali təhsil səviyyəsində tədris hər yerdə ödənişsizdir. Dini təhsilin pullu olduğu yeganə ölkə Azərbaycandır. Biz bir tərəfdən deyiriksə din bizim üçün strateji, milli, ictimai-siyasi, ideoloji məsələdir, digər tərəfdən dini təhsil ödənişlidirsə, bunun izahı çətindir. İlk növbədə bu məsələ həllini tapmalıdır. Dini təhsil verən əsas təhsil mərkəzi Bakı İslam Universitetidir, orada təhsil haqqı ildə 2 min manatdır. Şəxsən mən 2 min manat verib dini təhsil almaqdansa, o pulu verib Tibb Universitetində, Xəzər Universitetində oxumağı üstün tutaram. Bakı İslam Universitetində keçid balı 150 baldan çox deyil. Bu isə təqdim olunan sualların təxminən 10-u deməkdir. 10 suala cavab verən, universitet tələbəsi olan bir şəxsin qeyri-ənənəvi, hətta xaricdən idarə olunan cərəyanlar, təriqətlərlə mübarizə aparacağını düşünürüksə, bu, sadəlövhlükdür. Düzdür, tələbələr içərisində intellektuallar da var, eyni zamanda Bakı İslam Universitetinin ölkədə maarifçilik işinin aparılmasında böyük xidmətləri danılmazdır. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə gəlincə isə orada dünyəvi təhsil güclüdür, dini fənlər də tədris olunur. Mən özüm o fakültənin məzunu olsam da, bir məqamı qeyd edəcəyəm. Dövlət qulluğuna qəbul üçün test imtahanı verilir. Dövlət Komitəsi ştat vahidləri üzrə vakansiyaları Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına təqdim edir. Biz çox arzulayırıq ki, Komitəyə qəbul olunanlar ilahiyyatçılar olsun. Amma imtahan prosesini keçib işə qəbul olunanlar içərisində Bakı İslam Universitetinin və BDU-nun İlahiyyat fakültəsinin məzunları azdır. İşə qəbul olunanlar daha çox hüquqşünaslar, politoloqlar, tarixçilər, hətta filoloqlardır. Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında məntiq, qanunvericilik, informasiya texnologiyaları üzrə suallar olur. Bu isə onu deməyə əsas verir ki, digər fakültələrin məzunları ilə müqayisədə İlahiyyat fakültəsinin məzunları nisbətən zəifdirlər.

S.Hilalqızı: Bakı İslam Universiteti məzunlarının işsiz qalmasından şikayətlənir. Həm də məzunlar arasında qızlar üstünlük təşkil edir...
- 2009-cu ildə dini təhsilin səviyyəsinin qaldırılması üçün belə addım atıldı ki, Bakı İslam Universitetinə də qəbul testlə aparılsın. Qanuna lisenziya ilə bağlı müddəa əlavə edildi. Lakin imtahan testlə aparılandan sonra universitetə keçid balı aşağı oldu, hətta qəbul olunanların yarıya yaxını bəzi illər üzrə qızlardır. Deməli, biz dini təhsilə digər təhsil müəssisələrinə yanaşdığımız prizmadan yanaşa bilmərik.

A.Lətifov: Bəs çıxış yolu üçün nə kimi planlar var?
- İstər Qafqaz Müsəlmanları İdarəsi, istərsə də Dövlət Komitəsində gəlinmiş yekun qənaət bundan ibarətdir ki, Bakı İslam Universitetinin bazasında ödənişsiz dini təhsil müəssisəsi mütləq yaradılmalı və bu sahə mütləq stimullaşdırılmalıdır. Bakı İslam Universitetinə qəbul olunan tələbələr pul ödəməməli, məzun olduqdan sonra onlara təyinat verilməli və təyin olunduqları yerdə yüksək əmək haqqı almalıdırlar. Əgər dini təhsil almış şəxslər üçün iş yeri, maaş olmayacaqsa, intellektli gənclər bu sahəyə o qədər də həvəs göstərməyəcək. Hesablamalarımıza görə, xaricdə 3 minə yaxın gəncimiz dini təhsil alıb və hazırda təhsil almaqdadır. Biz onlarla istər Türkiyə, istər İran və digər ölkələrdə dəfələrlə səfərlər çərçivəsində görüşmüşük. Bu adamların içində dövlətini, millətini sevənlər də var. Bu, müzakirə mövzusu deyil. Biz onlardan soruşuruq ki, niyə ölkədə təhsil almırsınız, xaricə gəlmisiniz? Cavab verirlər ki, 2 min manatım yoxdur, burada isə aylıq təqaüd, yaşamaq üçün yer verirlər, üstəlik, bura ilə müqayisədə Azərbaycanın dini təhsilin səviyyəsi zəifdir. Deməli, biz həm də dini təhsilin səviyyəsini yüksəyə qaldırmalıyıq. Əgər bir Azərbaycan gənci əmin olacaqsa ki, ölkədə aldığı təhsil həm maddi, həm də təhsil nöqteyi-nəzərindən o biri ölkələrdən daha yaxşıdır, o, heç vaxt xaricə getməyəcək. Biz dini təhsilin səviyyəsini qaldırmaqla yanaşı, buradakı tədrisə lazım gələndə xaricdən kadrlar da cəlb edə bilərik. Çox güman ki, məsələ ilə bağlı qanunvericilik səviyyəsində də bəzi dəyişikliklər olacaq.

“9 milyonluq ölkədə cəmi 890 nəfərin dini ayinlərin icrası üçün rəsmi səlahiyyəti var”

T.Şahsuvarlı: Təsir gücü olan Azərbaycan dindarları ərəb dilini hansı səviyyədə bilir?
- Bizdə belə təsəvvür var ki, bütün mollalar, ayin və mərasimləri aparan din xadimlərinin hamısının rəsmi təyinatı var. Respublikada 2166 məscid var, onlardan təxminən 1500-ü gündəlik fəaliyyət göstərir. Rəsmi təyinat almış şəxslərin sayı 890-dan çox deyil. Bu sayın içərisində axund, imam, axund müavini, imam müavini, dini ayinlərin icraçısı da var. 890 təyinat cəmi 450 məscidi əhatə edir. Deməli, 1500 məscid gündəlik fəaliyyət göstərirsə, bunun cəmi 450-sində təyinat var, yerdə qalanında rəsmi təyinat yoxdur. Yaxud deyə bilərik ki, 9 milyonluq ölkədə cəmi 890 nəfərin dini ayin və mərasimlər icra etmək üçün rəsmi səlahiyyəti var. Bu adamların attestasiyası aparılır. Son attestasiyada Dövlət Komitəsindən mən də iştirak etmişəm. Gəldiyim qənaət bundan ibarətdir ki, müraciət edənlərin əksəriyyətinin savadı aşağıdır, amma içərisində intellekti olanlar da kifayət qədərdir. Müraciət edənlərin içində elə şəxslər vardı ki, fars, ərəb dilini bizim müəllimlərdən heç də az bilmirlər. Bizim din xadimlərimiz niyə ingilis dilini bilməsin ki? Türkiyə artıq o həddə gəlib çatıb ki, məscid imamları üçün şərtlərdən biri xarici dildə sərbəst danışmaq məsələsidir. Açığı, bu gün Avropa Şurası və Avropa Parlamentindəki konfransda iştirak üçün ingilis dilini bilən din xadimi tapmaqda çətinlik çəkirik.

“2166 məsciddən təxminən 1500-ü gündəlik fəaliyyət göstərir”

Qurban Yaquboğlu: Təyinatı hansı instansiya verir və niyə bütün məscidləri əhatə etmir?
- Qanunla müəyyənləşdirilib ki, İslam ibadət evlərinə təyinatı Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Qanuna əsasən QMİ təyinatla bağlı Dövlət Komitəsini məlumatlandırır. Təyinatda heç bir halda dövlət iştirak etmir. Təyinatın bütün məscidləri niyə əhatə etməməsinə gəlincə, burada kifayət qədər amillər var. Birincisi ondan ibarətdir ki, 2166 məscidin ölkə üzrə paylanması eyni deyil. Ölkədə məscidlərin ümumi tutumu təxminən yarım milyon nəfərdir. Azərbaycanda eyni vaxtda ibadətdə iştirak edənləri sayı 150 mindən çox deyil. Bu da ən çox bayram namazları və cümə günlərində olur. Deməli, bizim məscidlərin tutumu faktiki namaz qılanlardan dəfələrlə çoxdur. Amma məsələ burasındadır ki, məscidlərin sayı bütün bölgələr üzə eyni deyil. Məsələn, yalnız cənub bölgəsi üzrə 5 rayonda 700-ə yaxın məscid var. Amma Samux və Daşkəsən rayonunda cəmi 1 məscid var. Dindarlıq faizi bütün bölgələrdə eyni olmadığı üçün məscidlərdə də eyni deyil. Kütləvi müraciətlər olur ki, kəndimiz böyükdür, 10 min əhalisi var, məscid tikmək istəyirik. Biz tövsiyə edirik ki, icma yaradın. Amma icma yaratmaq üçün 50 nəfər dindar tapa bilmirlər. 1990-cı illərdə belə demək olarsa, məscid bumu oldu, əksər rayonlarda çox sayda məscidlər tikildi. 1991-ci ildən indiki dövrə qədər götürsək, məscidlərin sayını, yəni 2166-nı ötən illərdəki günlərin sayına bölsək, riyazi nəticə budur ki, hər dörd gündən bir Azərbaycanda bir məscid inşa olunub. Bəlkə də, bunun nəticəsidir ki, bəzi məscidlərin qapısı bağlıdır, ibadət edən yoxdur.

S.Hilalqızı: Onların hamısı status alıb?
- Məscidlərin bir xeyli hissəsi vardı ki, ümumiyyətlə, onları balans saxlayıcısı yox idi. Belə qərar oldu ki, bunlar bələdiyyələrin balansına verilsin. Artıq tarixi dini abidələr, İçərişəhər və qoruq idarələri istisna olmaqla əksəriyyəti bələdiyyələrin balansındadır. Gündəlik fəaliyyət göstərən 1500 məscidin cəmi 620-sinin dini icması qeydiyyatdan keçib. Yəni 620 məsciddə dini fəaliyyətin aparılması leqallaşdırılıb.
Bəxtiyar Məmmədli: Bəs digər məscidlərdəki dini icmalar niyə qeydiyyatdan keçməyib?

Ardı var...

Nərgiz EHLAMQIZI

Foto: Rəşad ABBASOV


Müəllif:

Oxşar xəbərlər