İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edərək başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Qeyd olunub ki, onlar təyyarə qəzasında insanların həlak olması ilə bağlı İran höküməti və xalqının başsağlığını çatdırıb, kitaba ürək sözlərini yazıblar.
Xatırladaq ki, iki gün əvvəl Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.
Ötən gün Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.