29 Yanvar 14:06
260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn məsələlər, ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ötən ilin iki ölkə arasında müttəfiqlik münasibətlərini təsbit edən müqavilənin imzalanması ilə əlamətdar olduğu, diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimiz cari 2025-ci ilin isə müttəfiqliyimizin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar aspektlərinin daha da zənginləşdirilməsi ilə yadda qalacağına dair ümidvarlıq ifadə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s., habelə digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan, Qazaxsıtan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişinin regional enerji, nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan biri olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə bərpa, yenidənqurma, minatəmizləmə, o cümlədən sülh səyləri barədə ətraflı məlumatlandırıb. Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsinin qarşısında duran maneələrin, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizə qarşı davam etdirilən ərazi iddiaları, bu ölkənin sürətli silahlandırılmasının normallaşma gündəliyinə hədə törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə Tədbirlərin Kompleks Proqramı” imzalanaraq təsdiq edilib.

***

11:50

Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində XİN rəhbərləri Ceyhun Bayramov və Baxtiyor Saidov arasında Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, CICA, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.

Bayramov həmkarına regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə təhlükələr barədə məlumat verib.

Nazirlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı”nı da imzalayıb və təsdiq ediblər.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər