16 İyul 2014 11:28
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadı Rəcəbli: "Əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət uğurludur"

Sədaqət Vəliyeva: "Azərbaycan dinamik inkişafına görə Avropanın bir çox dövlətlərindən irəlidədir"

"Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət uğurludur. Bu ilin birinci yarısının nəticələri bir daha belə qənaətə gəlməyə əsas verir".

Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycanda hər il sosial müdafiə məqsədilə dövlət büdcəsindən ayrılan vəsait büdcənin təxminən 30 faizini təşkil edir. Onun sözlərinə görə, dövlət başçısının sərəncamları ilə Qarabağ əlillərinə həm müavinətlər, həm də prezident təqaüdü verilir. Bundan əlavə, bu kateqoriyadan olan insanların sosial müdafiəsi üçün digər addımlar da atılır. O cümlədən, Qarabağ əlilləri avtomobil və mənzillərlə də təmin olunurlar.

Komitə sədri qeyd edib ki, qanunvericilikdə bütövlükdə əlillərin sosial müdafiəsi üçün ciddi məsələlər nəzərdə tutulur. H.Rəcəblinin sözlərinə görə, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması da sosial müdafiə sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir. O, deyib ki, bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.

"Həqiqətən də, bu gün Azərbaycan Respublikası stabil və dinamik inkişafına, həmçinin, çevik daxili və xarici siyasətinə görə nəinki Cənubi Qafqazın, eləcə də, Avropanın bir çox dövlətlərindən irəlidədir".
Bu fikri isə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, ölkəmizdə Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin, sosial-iqtisadi islahatların siyasi reformalarla paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb. Odur ki, müasir dünyanın dövlətləri də Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügedən modelə müraciət edirlər. "Azərbaycanın beynəlxalq qiymətləndirmə agentlikləri tərəfindən irəliləyən ölkə kimi dəyərləndirilməsi yürüdülən sosial-iqtisadi inkişaf strategiyasının səmərəliliyindən xəbər verir. Eyni zamanda, qeyd edim ki, Azərbaycanın sürətli inkişafı ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə də ev sahibliyi etməsinə şərait yaradıb. Məhz, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur" - deyə, deputat qeyd edib.

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər