21 İyul 2014 14:53
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi 2014-cü ilin altı ayında dövlət büdcəsinin icrasına dair məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 2,1 faiz artaraq 28743,0 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft sektorunda ümumi daxili məhsulun həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz artaraq 16173,9 milyon manata çatıb. Əhalinin gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,9 dəfə üstələyib. Əhalinin banklara qoyduğu əmanətlərinin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artaraq iyun ayının 1-nə 6,6 milyard manata çatıb.

Dövlət büdcəsi üzrə göstəricilərə gəlincə, 2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 milyon manat, xərcləri 8723,8 milyon manat olub, 615,0 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu müddət ərzində dövlət büdcəsinin mədaxili 9192,6, milyon manat proqnoza qarşı 9338,8 milyon manat və ya 1,6 faiz çox olub.

Vergilər Nazirliyinin mədaxil proqnozu 103,6 faiz icra edilməklə dövlət büdcəsinə 3578,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 123,7 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 milyon manat və ya 7,9 faiz çoxdur.

2014-cü ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 732,8 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 92,9 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 milyon manat təşkil edib.

Sair daxilolmalardan nəzərdə tutulan 18,5 milyon manata qarşı büdcəyə 46,7 milyon manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə 4883,8 milyon manat vəsait transfert edilib. 2014-cü ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4856,3 milyon manat icra olunub.

Xərclərə gəlincə, 2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3 faizi və ya 2644,9 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 334,3 milyon manat çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin birinci yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə Müdafiə xərclərinə 24,5 faiz (154,2 mln. manat), Mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1 faiz (28,7 mln. manat), Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5 faiz (22,4 mln. manat), Təhsil xərclərinə 7,6 faiz (44,5 mln. manat), Səhiyyə xərclərinə 7,6 faiz (19,6 mln. manat), Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq otrqanlarının saxlanılmasına 7,3 faiz (31,5 mln. manat), Sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8 faiz (227,2 mln. manat), Nəqliyyat və rabitə xərclərinə 6,3 faiz (2,2 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1057,2 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2315,8 milyon manat vəsait yönəldilib. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 37,1 milyon manat vəsait sərf edilib. Dövlət büdcəsinin xərcləri cari ilin aprel-iyun ayları üzrə 4349,5 milyon manat icra olunub. Cari ilin ilk altı ayında dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların əsaslandırılmış xərc sifarişləri öz maliyyə təminatını tapıb.

Altı ay ərzində icmal büdcənin gəlirləri 11537,4 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 milyon manat və ya 2,5 faiz çoxdur . İcmal büdcənin xərcləri 9913,1 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 mln. manat və ya 1,0 faiz coxdur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər