Həm dövlətdən dotasiya alan, həm də uçuş biletlərini dəfələrlə baha qiymətə satan, lakin hər ili zərərlə başa vuran AZAL 20 ədəd yeni nəsil “Airbus320neo” və “Airbus321neo” tipli təyyarə almağa hazırlaşır.
Məsələ AZAL prezidenti Cahangir Əsgərovla “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə müzakirə olunub. Məlumata görə, AZAL-ın təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilib. Belə ki, müəyyən edilən dövrdə "Airbus Group" aviaşirkətə mövcud “Airbus A319” və “Airbus A320” təyyarələri əvəzinə yeni nəsil “Airbus A320neo” və “Airbus A321neo” tipli 20-ə qədər təyyarə ilə təchiz edə bilər.
Məsələnin maraqlı tərəfi dövlət dotasiyası olmadan işləyə bilməyən AZAL-ın təyyarə parkının yenilənməsi nə qədər vəsait hesabına başa gəlməsidir.
İqtisadçı alim Vüsalə Əhmədova Teleqraf.com-a bildirib ki, AZAL-ın təyyarə parkını yeniləməsi dövlət büdcəsinin xərclərini əhəmiyyətli dərəcədə artırır:
“AZAL-ın təyyarə parkında hazırda 4 ədəd “Airbus A319-100”, 7 ədəd “Airbus A320-214”, 2 ədəd “Boeing 757-200”, 2 ədəd “Boeing 767-300ER”, 2 ədəd “Airbus A340-542”, 2 ədəd “Boeing 787-8 Dreamliner”, bunlardan əlavə, dövlət rəsmiləri üçün nəzərdə tutulan “Airbus A319-100”, “Boeing 767-300ER”, “Airbus A340-600” və “Boeing 777-200RL” olmaqla 4 ədəd VİP təyyarə mövcuddur.
Təyyarələrin əksəriyyəti 2010 və 2014-cü illərdə alınıb. Daha əvvəl də AZAL-ın 10 ədəd “Boeing 737MAX8” təyyarəsi sifariş etdiyi ilə bağlı məlumatlar mövcud idi. “Aibus Group” şirkətinin 2021-ci il fevral ayına olan təyyarə qiymətlərinə nəzər yetirsək, “Airbus320neo” model təyyarə 110,6 milyon dollar, “Airbus321neo” model təyyarə isə 129,5 milyon dollar dəyərindədir. 20 ədəd bu tip təyyarənin alınması büdcə üçün nə az, nə çox təxminən 2,212 – 2,590 milyard dollar əlavə xərc deməkdir”.
Analitik xatırladıb ki, AZAL-ın 2017-ci ildə zərəri 41 milyon 568 min manat, 2018-ci ildə isə 208 milyon 233 min manat olub: “Şirkət 2019-2020-ci illər üzrə maliyyə nəticələrini açıqlamayıb. Ölkə üzrə sərnişindaşımaların 70 faizdən çoxu “Azərbaycan Hava Yolları” QSC-nin payına düşür.
Demək olar ki, aviaşirkət heç bir zaman sərnişin qıtlığı yaşamayıb. 2018-ci ildə dövlət büdcəsindən şirkətə 210 milyon manat vəsait ayrılıb, 2020-ci ilin əvvəlində isə 80 milyon manat dotasiya verilib.
AZAL-ın təkcə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyətinə görə, dövlət büdcəsindən hər il 10 milyon manatdan çox dotasiya aldığı bildirilir. Ümumilikdə şirkətə son 5 ildə 1 milyard manatdan çox dotasiya ayrılıb. Yanacaq dövlət hesabına təmin olunur, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır, biletlər də yüksək qiymətə. Belə olan halda, aviaşirkətin zərərlə işləməsinin səbəbi nədir?
Xatırladım ki, milyardlarla dollar yeyinti faktı ilə bağlı 2016-cı ildə Hesablama Palatası tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlamaları aparılırdı. Bu ilin aprel ayında da Hesablama Palatasının yoxlamalar apardığı və yoxlamaların AZAL-ın son 5 illik fəaliyyətini özündə ehtiva etdiyi bildirildi. Yoxlamaların həyata keçirilməsinin təkcə AZAL-ın maliyyə durumunu deyil, həm də qurumun rəhbəri Cahangir Əsgərovun fəaliyyətini də əhatə edəcəyi qeyd edildi. Ancaq nə öncəki, nə də bu ilki yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə dolğun məlumat verilmədi”.