20 Aprel 2022 09:05
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bank BTB” 2022-ci ilə zərərlə başlayıb. Cari ilin 1-ci rübünün hesabatına görə, yanvar-mart aylarında bankın faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri 4 milyon 6 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 12,4%, faiz xərcləri isə 10,2% artıb.

Nəticədə 1-ci rübdə xalis faiz gəliri isə 2 milyon 853 min manat olub.

İlk rübdə “Bank BTB”nin qeyri-faiz gəlirləri 2 qat azalaraq 1 milyon 56 min manata düşüb. Ötən ilin eyni dövründə bu göstərici 2 milyon manatdan artıq idi.

Bankın qeyri-faiz xərcləri isə 10,5% azalaraq 4 milyon 2 min manat düşüb – ötən il 4 474 min manat idi.

Bankın inzibati xərcləri də kəskin - 42% azalıb. Əgər ötən ilin 1-ci rübündə “Bank BTB”nin inzibati xərcləri 3 milyon 297 min manat təşkil etmişdisə, cari ilin 1-ci rübündə bu göstərici 1 milyon 913 min manat enib. Qeyd edək ki, inzibati xərclər əsasən əməkdaşlarının əmək haqqı, ofislərin icarə haqqı və təsərrüfat xərclərindən ibarətdir. Bu xərclərin azalması adətən bankın qənaətə keçməsinin göstəricisi sayılır.

Nəticədə bank 1-ci rübü 93 min manat əməliyyat zərəri ilə baş vurub. Yəni bankın fəaliyyətindən əldə edilən gəlirləri onun xərclərini qarşılamaq üçün kifayət etməyib. Ötən ilin eyni dövründə bu göstərici 59 min manat olmuşdu.

“Bank BTB” 1-ci rübün nəticələrinə görə, 3 milyon 201 min manat da aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyat yaratmağa ayırıb.

Nəticədə bank 1-ci rübü 3 milyon 295 min manat xalis zərərlə bağlayıb. Ötən ilin eyni dövründə bank 365 min manat mənfəət əldə etmişdi.

Hesabat dövrünün nəticələrinə görə, “Bank BTB”nin aktivləri 6% artaraq 356,8 milyon manata çatıb. Bunun 247 milyon manatı müştərilərə verilən xalis kreditlərdir.

Bankın öhdəlikləri isə 305 milyon manat olub. 1-ci rübdə bankda müştərilərin tələbli depozitləri az qala 2 dəfə azalaraq 27 milyon manatdan 15,8 milyon manata düşüb.

Müddətli depozitlər isə 103 milyondan 130 milyon manata yüksəlib.

1-ci rübün nəticələrinə görə, bankın kapitalı da zərərin həcmi qədər azalaraq 54 milyondan 51,6 milyon manata düşüb. “Bank BTB”nin bu göstəricisi Mərkəzi Bankın banklar qarşısında qoyduğu tələbin minimum həddinə yaxınlaşıb.

Maraqlıdır, 3 milyondan çox zərər edən bankın faktiki müflis olduğunu demək olarmı?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Teleqraf.com-a bildirib ki, “Bank BTB” Azərbaycanda heç vaxt uğurlu olmayıb.

Ekspert deyir ki, bankda daim daxili idarəetmə problemləri və korrupsiya faktları olub: “Bankda problemli kreditləri üzrə ehtiyatlar yaradılır və bunun nəticəsində daim zərərdədir. Hesabata əsasən, bank ötən ili mənfəətlə başlayıb. Bu, sırf onunla bağlıdır ki, pandemiyadan sonra birdən-birə bütün bankların vəziyyəti düzəldi. Çünki kreditlər ödənməyə başlandı, böyük ehtimala xeyli hissəsini də məhkəmə yolu ilə qaytara bilmişdilər.

Amma indi yenə də bu bankın fəaliyyəti uğursuzdur. Mütəmadi rəhbərliyi dəyişən bankda bir pərakəndəlik də var. “Bank BTB” üçün bu ilin uğursuzluqları hələ qabaqdadır. Çünki bilirik ki, Rusiyaya məxsus “Bank BTB”yə Qərb ölkələri sanksiya tətbiq edib. Bu, istər-istəməz BTB-nin Azərbaycandakı bankına da təsirsiz ötüşmür”.

Hüquqşünas bankın qeyri-faiz gəlirələrinin azalmasını pul köçürmələrinin dayanması ilə əlaqələndirib: “Bu bankın vəziyyəti onsuz da heç vaxt yaxşı olmayıb. “Bank BTB” sadəcə Moskvadakı bankın dəstəyi ilə vəziyyətdən çıxa bilirdi. Amma mövcud vəziyyətdə Moskvadakı bankın da durumu pisdir. Güman edirəm ki, Azərbaycan kimi ölkədə “Bank BTB” həmişə qalmaq istəyəcək. Bu bankları Qərb ölkələrindən qovublar, Moskvanın dəstək verəcəyi halda bu bank üçün real təhlükə görmürəm”.

Əkrəm Həsənovun qənaətincə, bankın zərərlə işləməsi onun müflis olması anlamına gəlmir: “Bank borclarını qaytara bilməyən zaman müflis hesab olunur. “Bank BTB”nin 50 milyon manatlıq nizamnamə kapitalı var. Bu puldan təxminən 3 milyon 300 min manatını itirib. Hələ ki, bankın 47 milyon manat kapitalı var. Buna görə də real təhlükə yoxdur”.

Mütəxəssis hesab edir ki, yaranmış vəziyyət bankın əmanətçiləri üçün heç bir problem yaratmır: “Onsuz da əmanətlərin hamısının sığortası var. Bankın əmanətçiləri daha çox Rusiyaya meylli adamlardır. İndiki vəziyyətdə kim gedib o banka əmanət qoyar?! Bank sanksiya altındadır və bu maliyyə qurumu ilə əməkdaşlıq etmək istəyən fiziki şəxslərin sayı azdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər