09:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naftalan nefti Azərbaycanın sağlamlıq turizminə böyük töhfə verəcək.

Bunu Teleqraf.com-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib. O bildirib ki, ölkə başçısı, cənab İlham Əliyevin Naftalan nefti ilə bağlı ötən il imzaladığı Sərəncamdan irəli gələrək verilən tapşırıqların icrası Naftalan neftinin dünyada tanıdılmasında və ölkəmizə gələn turistlərin sayının artmasında xüsusi əhəmiyyətə malik olacaq: “Bu günədək Naftalan nefti əsasən MDB və sovet ölkələri arasında geniş populyarlığa malik olub. Bu ölkələr Naftalan məhsulunun müalicəvi əhəmiyyəti haqda məlumatlı olduğu üçün daim Azərbaycana axın ediblər. Lakin biz yalnız bu ənənəvi bazarlarla kifayətlənməməliyik. Naftalan nefti ilə Azərbaycan bir sıra dünya bazarlarına çıxa bilər. Bu məhsulu digər bazarlara çıxarmaq üçün Naftalan neftinin tədqiq olunmağa, daha müasir şərtlərlə təhlil olunmağa, dünyada yayılaraq təqdim olunmağa ehtiyacı var”.

Naftalan neftinin 70-dək xəstəliyin müalicəsində istifadə olunduğunu bildirən ekspert qeyd edib ki, məhsulun serifikatlaşdırılması isə xarici bazarlarda yarana biləcək bir sıra sualları aradan qaldıracaq.

Naftalanın turistik əhəmiyyəti

Qeyd edək ki, ötən ilin doqquz ayında Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edən turizm sektorunda ciddi inkişaf qeydə alınıb. Belə ki, doqquz ayda şəhərə gələn turistlərin sayı daha öncəki ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 33 min 30 nəfər olub ki, onlardan 11 min 791 nəfərini 40 ölkədən gələn xarici turistlər təşkil edib.

Bundan əlavə, qeyd edək ki, Azərbaycanın sağlamlıq turizmi baxımdan xüsusi əhəmiyyətə malik olan Naftalanda ümumilikdə 20-ə yaxın hotel və müalicə mərkəzi fəaliyyət göstərir.

Yen il bayramında Naftalanda gecələyən əcnəbilərin sayı

Naftalan Rayon İcra Hakimiyyətinin rəsmi məlumatına əsasən, hazırda Naftalanda bir gündə dörd minə yaxın turist gecələyə bilər. Naftalan RİH-in məlumatına görə, təkcə Yeni il bayramında Naftalanda yerləşən müasir hotel və istirahət mərkəzlərində ümumilikdə 3000-dən çox turistin axın etdiyi qeydə alınıb ki, onların 24%-ni 22 xarici ölkədən gələn turistlər təşkil edib.

Naftalan nefti ilə bağlı ölkə başçısının Sərəncamı

Xatırladaq ki, ölkə başçısı Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə 28 sentyabr 2024-cü il tarixində Sərəncam imzalayıb.

Qeyd edək ki, 2024-cü ildə gəlmə turizmi üzrə ümumilikdə ölkəyə 1 milyon 708 min 922 turist gəlib ki, onların 21 min 807-si və ya 1.28%-i məhz müalicə məqsədilə Azərbaycana üz tutublar.


Müəllif: Teleqraf.com