Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsində baza proqnozuna əsasən 187,8 mln. manat kəsir nəzərdə tutulsa da, neftin qiymətinə bağlı olaraq büdcə balansı pessimist ssenaridə 1 milyard 878,9 mln. manat kəsirə, optimist ssenaridə isə 1 milyard 503,0 mln.manat profisitə dəyişə bilər.
Teleqraf.com bu barədə Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Fondun büdcəsində götürülən 1 barel neftin orta illik ixrac qiymətinə uyğun ARDNF-nin növbəti il üzrə büdcə gəlirləri 8 milyard 501,5 mln. ABŞ dolları və ya 14 milyard 452,5 mln. manat proqnozlaşdırılıb. Qurumun xərcləri 8 milyard 611,9 milyon ABŞ dolları və ya 14 milyard 640,2 milyon manat olmaqla, növbəti büdcə 7 ilində büdcə kəsirinin 110,4 mln. ABŞ dolları və ya 187,8 mln. manat həcmində nəzərdə tutulub.
Bundan əlavə İqtisadiyyat Nazirliyinin məlumatına əsasən növbəti ildə neftin pessimist və optimist qiymətləri uyğun olaraq 60 və 80 ABŞ dolları götürülüb. Həmin ssenarilərə uyğun ARDNF-nin büdcə gəlirləri pessimist ssenaridə 7 milyard 506,7 mln. ABŞ dolları və ya 12 milyard 761,3 mln. manat, optimist ssenaridə isə 9 milyard 496,0 mln. ABŞ dolları və ya 16 milyard 143,2 mln. manat proqnozlaşdırılıb. Bu göstəricilərə uyğun olaraq Fondun büdcə kəsirinin pessimist ssenaridə 1 milyard 105,2 mln. ABŞ dolları və ya 1 milyard 878,9 mln. manat və optimist ssenaridə büdcə profisitinin 884,1 mln. ABŞ dolları və ya 1 milyard 503,0 mln. manat olması gözlənilir.