25 Dekabr 2020 09:14
46 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanları torpağa qarışıb, canları ilə vətəni qoruyanlar... Onlardan biri də Vahabovlar ailəsinin qəhrəman övladı Yadigar Vahabovdur. Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız doğulduğu Ağsu şəhərində dəfn olunub.

24 yaşlı şəhid Yadigar Vahabov 29 sentyabrda Səfərbərlik Xidmətininn çağırışı ilə döyüşə yollanıb.

Anası Şölə Vahabova deyir ki, oğlu çağırış gələn gün tərəddüd etmədən döyüşə yollanıb: “Çox mərd, dürüst, qeyrətli, namuslu uşaq idi. Balam heç nədən doymadı. Harada olduğunu soruşanda yerini demirdi. Hər şeyin qaydasında olduğunu deyib evlə maraqlanırdı. Bacılarına deyirmiş, anam fəxr etsin ki, oğlu Qarabağdadır. Mənə heç nə demirdi ki, ürəyimə nəsə gətirərəm”.

“Vətən çağırıbsa, getməliyəm” deyən Yadigardan bu gün qalan yeganə xatirə fotoları, görüntüləridir. Son zəngində bacılarından hallallıq istəyib, analarından muğayət olmağı tapşırıb.

Anası deyir ki, Yadigar beş övladı arasında evin sonbeşiyi idi: “Orta təhsilli idi, fəhləliklə evi dolandırırdı. 5 övladım vardı, 3 qız, 2 oğlan. Deyirdim, Yadigar, bircə sən qalmısan, səni də evləndirim, gözüm arxada qalmasın. Həmişə deyəndə səni evləndirim, cavab verirdi ki, yox, ay ana, hələ evlənməyimə var. Arzuları ürəyində getdi. Balam məni yox, vətəni, torpağı seçdi”.

Cəbhənin Zəngilan, Qubadlı istiqamətlərində düşmənlə göz-gözə vuruşan Yadigar 31 oktyabrda Füzulidə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İndi tanıyan hər kəs haqlı olaraq Yadigarla qürur duyur. Elə 3 yaşlı qardaşı qızı Zəhra kimi... Əmisinin şəkillərinə baxan bu balaca qız hər kəsə Yadigarı göstərərək tanıtmağa çalışır.

Anasının sözlərinə görə, Yadigarın vətənə sevgisi hər şeydən üstünmüş. Əsgər yoldaşları da ailəsinə şəhidin necə qəhrəmancasına vuruşmasından danışıblar:

“Naxçıvanlı döyüş yoldaşı deyirdi ki, "yaxşı oğlan idi, dostluğunu, yoldaşlığını, mərdliyini unutmayacam. Ancaq qabağa getməyə can atırdı. Hər yerdə özünə hörmət qazandı. Komandirləri ancaq yaxşı fikirlər deyirdilər".

Zənglərinin birində deyirdi ki, hərbi biletimə məni manqa komandiri yazdılar. Qayıdandan sonra Bakıda hərbi sahədə işləyə biləcəm.

İndi bilmirəm nədən təsəlli alım, şəkillərini böyüdüb asmışam ki, üzünü görüm. Balamın yerini mənə heç nə verə bilməz”.

Yadigarın atası dünyasını dəyişdikdən sonra ana uşaqları təkbaşına böyüdüb. Ananın sözlərinə görə, sonuncu dəfə Yadigarın səsini oktyabrın 30-da eşidib: “Evə çox bağlı idi. Cəbhədən də zəng edəndə soruşurdu ki, dolana bilirsiz? Nəyəsə ehtiyacınız var? Pul göndərim?.. Deyirdim mən dolanıram, siz özünüzdən muğayat olun. Hər danışanda yalvarırdım ki, bir kəlmə də danış, səsini eşidim. Sonuncu dəfə danışanda dedi, ola bilər, 5 gün mənə zəng çatmasın. Ondan sonra daha zəngi gəlmədi...”

Qələbənin altına öz qanları ilə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq.


Müəllif: Aysel Azad