6 Yanvar 11:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Ali Məhkəməsində konkret mülki iş üzrə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilib.

Teleqraf.com xəbər verir ki, buna səbəb kassasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi olub.

Qərarda qeyd edilib ki, iş materiallarında kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməyib.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) Əlavə 3-lə kassasiya şikayətinin forması müəyyənləşdirilib. Kassasiya həmin formaya uyğun tərtib edilməlidir. Formanın 5-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, olduğu təqdirdə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər də qeyd edilməlidir.

Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətinin 5-ci hissəsində maddi hüquq normaları əvəzinə, prosessual hüquq normaları sadalanmamaqla kifayətlənməməli, həmin normaların pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe aydın ifadə edilməlidir.
MPM-yə Əlavə 3-lə müəyyənləşdirilmiş kassasiya şikayətinin formasının 6-cı hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.

MPM-in 407-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM-də nəzərdə tutulan formada verilməklə bərabər maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması formada nəzərdə tutulmuş cədvəl daxilində göstərilməlidir.

Yekunda məhkəmə kollegiyası hesab etmişdir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər