12 Avqust 2014 10:44
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəfil gün doğsa bir gecə... kimin əlinin kimin cibindən çıxdığını görməyəcəyik. Əllər də, ciblər də, evlər də - hamısı göz qabağında. Hamı hər şeyi bilir. Amma bilmədiyimiz nəsnələr də var. Evindən salamat çıxan binəva geri sağ dönüb, dönməyəcəyini bilmir. Əcəl hər yerdə əcəldir. Həyat varsa, ölüm də var - bu, məlum. Amma bir də var heç nədən qırılan ömür, yarımçıq qalan tale. Nə acı ki, belələri də var. Və qəfil gün doğsa bir gecə... bu işə görə kim cavab verəcək - bax bu məlum deyil.

***

Bir neçə ilin sözüdü. Gənclik tərəfdə avtoqəza baş vermişdi - iki maşın möhkəm dəymişdi bir-birinə. Xəsarət olmasa da, bahalı cipin ikisi də xurd-xəşil olmuşdu. Maşın sahiblərindən biri polis zabitiydi. Deyirdi ki, qəzaya səbəb yol nişanlarının səhv qoyulması olub. Demə kəsişən iki küçənin ikisinə də “Əsas yol” nişanı qoyulubmuş. Nişanın biri köhnədən varmış. Həmin gün nədənsə yol polisləri o biri yolu əsas yol kimi göstərmək fikrinə düşüblər. Yeni nişanı qoysalar belə, köhnə nişanı götürmək “unudulub”. İlk baxışdan xırda görünən bu səhlənkarlıq hər iki vətəndaşa çox baha başa gəldi. Nədən haqlarını tələb etmədilər? Məhkəməyə müraciət edib günahkarı tapmadılar? Səbəb aydındı. Tülkü tülkülüyünü sübut edincə...

***

Dünya dümağ işıqlansa.. şəhər-şəhər, küçə-küçə, otaq-otaq işıqlansa... və bu işıqdan yollara da pay düşsə... hə, işıqdan yollara da pay düşsə, inanın, vətən oğlunun təhlükəsizliyi təmin olunar. Söhbət məmləkətin uzaq-yaxın ellərini birləşdirən maşın yollarından gedir - işıqlanmayan yollardan. Birmənalı belədir. Faktdır ki, hava limanından şəhər mərkəzinədək gələn yol nur selindədir. Faktdır ki, ölkədə ən müasir tələblərə uyğun infrastruktur qurulur. Faktdır ki, təzə yollara görə yalnız qürur hissi keçirmək olar. Amma bu da faktdır ki, köhnədən qalan, hələ təmir olunmamış yollar ki var, o yollarla gecə maşın sürmək xata yox e, cinayətdi, intihar cəhdidi, ölümə sui-qəsddi. Yeni yolların hamısı birtərəflidi - təhlükəsiz və rahat. Köhnə yollarsa ikitərəfli, üstəlik, tamamilə zülmət qaranlıq. Elə zülmət ki, göz gözü görmür. Nə bardür bilinir, nə yol haçalanması, nə döngə. Gəl, qoçağım, bu qaranlıqda kor-koranə maşın sür, görüm evinə necə salamat gedib çıxa bilirsən. Risk. Həm də çox yüksək risk.

***

Yol insanla danışmalıdır. Müasir dünyada yol səninlə danışır. Sanki hara getmək istədiyini bilirmiş kimi məsləhət verib səmt göstərir. Təzə yollarımızda bu element nəzərə alınıb. Doğru, hələ tam olmasa belə, hər halda göstərici nişanlardan istifadə olunur. Amma uzaq yola çıxdınmı ya gərək gen yaddaşına, ya intuisiyana, ya da - ən yaxşı halda - telefonlarda quraşdırılan istiqamətli xəritələrə arxayın olasan. Köhnə yollar səninlə nəinki danışmır, heç üzünə də baxmaq istəmir.

***

Köhnə yolların bərbadlığı, miskinliyi, yazıqlığı bir də nə zaman gözə çarpır? Rayon mərkəzlərindən keçəndə. Hər rayon mərkəzi özünə görə bir xan sarayıdı - çil-çıraqban, butalı-qülləli, heykəlli-bulaqlı, cah-cəlallı, alışdım-yandım bir məkan. Parıltısı göz çıxarır, amma və lakin o mərkəzə valid olunca həmin zülmət yollardan keçməli (yaxud oradaca ölməli) olursan. Dövlət sosial-iqtisadi inkişafı sürətləndirmək istəyir, bu məqsədlə hər rayona milyonlarla pul ayırır. Demirəm yolu özləri çəksinlər - bu iş onsuz da lazımi instansiya tərəfindən mərhələ-mərhələ və tam keyfiyyətlə həyata keçirilir. Bəs köhnə yollarda işıqlandırma sistemini düzəltmək necə, belə çətindi? Söhbət qotazlı-butalı-heykəlli büllur-mərmər sütunlardan getmir. Adi, sovet dönəmindən qalma işıqlara lampalar vurmaq nə çətin işdi? Ki bu iş görülmədiyindən yol bir terrorist olub keçib xalqın canına. Hər ay orta hesabla yüzə yaxın insan yol qəzalarının qurbanı olur. Statistikaya görə, magistral yollarda qəzalar, əsasən, qaranlıq düşəndə olur. Niyə olsun axı? Yolun işığı olar da. Təzə yol çəkilənəcən köhnəsini işıqlandırmırlarsa, onda barı növbəli etsinlər yolları. Rəsmi qaydada deyilsin ki, ay millət, gecələr uzaq yola çıxmayın. İşığımız xarab olub, qaranlıqda qırılıb məhv olarsınız. Səhlənkar insandansa alicənab günəşə arxayın olun. Axı bu da deyilmir.


Müəllif: Afaq Vasifqızı