1924-cü il, aprelin 23-ü.
Parisdə Türk Ocağı tərəfindən Türkiyənin şanlı günlərindən olan 23 nisanla bağlı tədbir keçirilir. Tədbirdə Azərbaycanı Parisə göndərilmiş nümayəndə heyətimizin sədri Əlimərdan bəy Topçubaşı təmsil edir.
Əlimərdan bəy kürsüyə qalxdığı zaman 4 il idi ki, sədri olduğu Azərbaycan Parlamenti ləğv edilmiş, ölkəsi ruslar tərəfindən işğal olunmuşdu.
Amma Çar Rusiyasının həbsxanalarını da görmüş, tarixin ən güclü dövlətinin lideri ilə üzbəüz görüşərək Azərbaycan haqqında bilgi vermiş bir şəxsiyyət olaraq yenə də əzmli və inanclı idi.
Əlimərdan bəy belə çıxış edir:
“... Türkiyənin, böyük Türkiyənin çox qolları vardır. Bir qolu da Azərbaycan türkləridir... Qardaşlar, sizə bir neçə kəlmə də öz vətənimdən, Azərbaycandan bəhs edəcəyəm. Dörd ildir ki, azəri türkləri matəm içindədir. Dörd gün sonra Azərbaycan yenə matəmə bürünəcəkdir. Əlindən alınan müqəddəs istiqlalı üçün ağlayacaqdır. Fəqət biz bugünkü bayramın günəşinə ümid bağlayıb yaşayırıq. Biz bu günü unutmayacağıq, dostlar.
Türkiyə Cümhuriyyəti daima var olsun, yaşasın. Siz də unutmayın ki, türklər yalnız Anadoluda deyil; bu böyük millətin hüdudları ta Bəhri-Xəzər sahillərinə qədər uzanır və bir vəhdət təşkil edir. Bunu unutmayacağınıza ümidvaram. Bizə bu günü yaşadan şəhid və qazilərin, Qazinin (Mustafa Kamalın –D.Ə) adını hörmətlə yad edərək sözümə nəhayət verirəm”.
***
94 il əvvəl baş verən hadisədən sitatı boşuna gətirmədik.
Onu göstərmək istədik ki, Azərbaycan ən çətin günlərində - müsəlman şərqində qurduqları ilk Cümhuriyyət işğal edildiyi zamanlarda da həmişə Türkiyənin yanında olub.
Azərbaycan mühacirləri Türkiyədə yenidən həyat qazandıqları üçün deyil, bu dövlətə və onun millətinə bağlı olduqları üçün həm də bu ölkə üçün çalışdılar, bu ölkəyə xidmət etdilər.
Azərbaycan Cümhuriyyətinin Milli Ordusunun zabitləri Cümhuriyyətin işğalından sonra Mustafa Kamalın ordusuna qoşuldular, Türkiyə dövlətinin şərəfini qorudular.
Müstəqillik əldə etdikdən sonra da bu ölkənin yanında olduq, ondan dəstək istədik. Bəzi liderləri bizə arxadan zərbə vursalar da, bunu əsla Türkiyə dövlətinin, millətinin mövqeyi kimi qəbul etmədik. Çünki həqiqət başqa idi.
Tezliklə gördük ki, cənubdan dəniz sərhədlərimizə təhlükə gəldiyi zaman Türkiyə qırıcıları səmamızda hilal oldular.
Fətullah Gülən şəbəkəsi Türkiyəni müxtəlif yollarla ələ keçirməyə çalışdığı vaxtda, qardaş dövlətə dəstək olduq, FETÖ-nün ölkəmizdəki havadarlarını tərk-silah etdik.
Amma Əlimərdan bəyin də uzaqgörənliklə dediyi kimi, unudulmamalıdır ki, Böyük Türkiyənin sərhədləri Xəzərə qədər uzanır.
Böyük Türkiyənin əsas prioriteti Misir, Suriya, Liviya deyil, Güney Azərbaycan, Azərbaycan Respublikası, Türküstan olmalıdır...