21 Avqust 2014 10:22
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" sabah UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyununa çıxacaq. Bu mövsüm Avrokuboklarda enişli-yoxuşlu qrafik cızsa da, artıq qrup mərhələsinin bir addımlığına kimi irəliləməyi bacarmış "ağ-qaralar" bir dəfə qazandığı uğuru ikinci kərə də təkrarlamaq istəyir.

Köhnə tanış olan "Partizan"la təmsilçimiz artıq bir dəfə qarşılaşıb. Daha doğrusu, elə həm Azərbaycanın klub futbolu tarixinin, həm də "Neftçi"nin özünün ən böyük uğuru olan 2012-2013-cü il mövsümündə Avroliqanın qrup mərhələsində bir-birinə rəqib olmuş komandalar keçirilən hər iki oyunda bərabərliyə razlılaşmışdılar.

Bu dəfə də rəqiblər iki görüşdə nəticəyə aydınlıq gətirəcəklər, ancaq keçən dəfəkindən fərqli, bu dəfə xal sistemi deyil, iki görüşün nəticəsinə görə turu keçən komanda bəlli olacaq.

Yuxarıda qeyd elədiyimiz kimi, artıq qrup mərhələsində oynamaq təcrübəsi olan flaqman serb rəqibini keçməyə iddialıdır.

Rəqibi ilə ilk oyunu bu gün səfərdə keçirəcək olan Böyükağa Hacıyevin yetirmələri ən azından iki il öncəki Belqrad səfərindəki nəticə ilə dönmək istəyirlər. Xatırladım ki, o zaman səfərdəki oyunda komandaların çoxsaylı cəhdlərinə baxmayaraq, hesab açılmamış, təmsilçimiz üçün uğurlu hesab edilə biləcək heç-heçə qeydə alınmışdı.

"İkiayaqlı" oyunlarda səfərdə uduzmamağın, üstəlik, qol buraxmamağın nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, qeyd elədiyimiz nəticə sərfəli kimi görünür. Əlbəttə, daha yaxşı olardı ki, komanda səfərdə də qələbə qazansın, evdə də. Bəs yaxşı, gəlin nəzər salaq görək ilk matçda "Partizan"a qonaq olacaq "Neftçi"də vəziyyət nə yerdədi? Ümumiyyətlə, uğura ümid eləməyə dəyərmi?

Bir neçə nüans var ki, onlara görə qərar verməli olsaq, kağız üzərində təmsilçimizin şanslarının daha çox olduğunu düşünmək olar. Hansılardır, o nüanslar?

- Yayılan söz-söhbətlərə görə, serbiyalı futbolçular və komanda uzun müddətdir maddi sıxıntı içərisindədir. Hətta deyilənlərə inansaq, maaşların gecikdirilməsi və maliyyə məsələlərində yaşanmış problemlərin aşılması ucbatından komanda daxilində ciddi narazılıqlar var.

Rəqibin bu cür xaotik və dağınıq halından istifadə edərək nəticəni öz xeyrinə dəyişmək olar. Çünki daxili nizam-intizamı yerində olmayan bir kollektiv istər-istəməz bunu meydanda da əks elətdirir.

- Rəqib tanışdır, cəmi iki il bundan öncə qarşılaşıblar və o vaxtdan bura hər iki komandada, demək olar ki, heç bir ciddi dəyişiklik olmayıb. Üstəlik, "Neftçi" ilk oyunu da səfərdə keçirəcək. Deməli, səfərdə bir az ehtiyatlı olaraq rəqibin ən son durumu haqqında daha dolğun bilgiyə sahiblənmək, evdəki cavab oyununda isə hər şeyi həll eləmək olar.

- İstər milli çempionatda, istərsə də Avropa miqyaslı oyunlarda az qala hər uğursuz nəticədə Kanalesin yoxluğuna təəssüflənən Böyükağa Hacıyevə artıq gözaydınlığı vermək olar. Çilili hücumçu komandaya geri dönüb. Transferində müəyyən xırda problemlər qalsa da, artıq onlar da həll olunub və Kanales oyuna çıxmağa hazırdı.

Hətta Hacıyevin özünün dediyinə görə, "11 nömrə" yaxşı fiziki formadadır. İndi görək Kanalesli "Neftçi" nə ilə yadda qalacaq.

Əlbəttə, bizim sadaladıqlarımız bütün bu arqumentlər sadəcə kağız üzərində "Neftçi"nin azca üstünlükləridir. Futbol isə meydançada oynanılır. Uğurlar, "Neftçi"


Müəllif: Zaur Xudiyev