26 Fevral 2019 12:02
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pənah müəllim ora getmişdi, yazıq kişini öldürdülər. Ora gedənlər ölürlər, qayıtmırlar. Orada adamları öldürürlər”...

Qeyri-müəyyən, kəsik cümlələrlə yaddaşıma ilişib qalmış bu hadisə bəlkə də 1992-ci ilin fevralında baş verməyib. Həmin vaxt mənim dörd yaşım vardı. Lakin uzun illər sonra da ora – Xocalı haqda söhbət düşəndə “Pənah müəllimi orada öldürdülər”, “Ora gedənlər qayıtmırlar” kimi soyuq və qeyri-müəyyən məkanı və insanları izah edən cümlələr beynimin içindən güllə kimi ötüb keçir.

Alatoran içindən, ağ-qara dünyadan ölü pıçıltıyla qonur daxili mühakimənin mərkəzinə... Bəlkə də bu, həmin vaxt mənim üçün heç nə ifadə etmirdi, bəlkə də bilmədən mənim və mənim kimi milyonlarla uşağın gələcəyini müəyyən edirdi. Lakin o vaxt cəbhənin bir neçə addımlığında yerləşən və top gurultularının uzaqlardan eşidildiyi balaca bir kənddə bu yarımçıq cümlələr sirr donuna bürünmürdü. Pənah müəllim kimdir? Ora haradır? Ora gedənlər niyə ölürlər? Bu suallar ətrafında düşünmək və bir nəticəyə gəlmək hələlik beynimdən gen qaçırdı. Lakin hamı ölümdən danışırdı, hamı oradan və Pənah müəllimdən söz salırdı. Bunların hamısı bir müəmmalı dünyanın izahsız lüğəti idi.

Ona görə deyirəm, bəlkə də bu hadisə 1992-ci ilin fevralında – mənim dörd yaşım olanda baş verməyib. Bəlkə də bu, özüm də bilmədən beynimi təlatümə gətirmiş müharibənin canıma işləyən gizli qorxusu idi. Mən o dağılmış dünyada hamını öz beynimdə öldürmüşdüm. Mühakiməsiz öldürülənlərdən birinin də adı Pənah müəllim idi. Bəlkə də müharibə məni də, digər uşaqları da böyüməyə qoymurdu, elə buna görə idi ki, beynimizi kəfənə büküb dəmir mafələrdə ac qəbiristanlıqlara daşıyırdıq.

İndi də illər sonra – mən böyüdükdən sonra özünə vahimə və dəhşət qazanan qorxular beynimdə belə ilişib qalıb ki, mən ala-çiy beynimlə Xocalıda baş verən dəhşətləri o dəhşət baş verən gecədən – düşmənin insanları tamamilə öldürüb axırına çıxmasıyla xatırlayıram. Amma hadisələr yeni idi, meyitlərin qanları hələ qurumamış kimi danışırdılar. İndi düşünürəm ki, o insanları çoxdan öldürmüş olsaydılar, niyə belə yeni hadisə kimi danışırdılar?

Çox illər sonra bu haqda anama danışanda nə Pənah müəllimi tanıdı, nə də o gecəni... “Sən uşaq idin, xatırlamazsan” – suallarımı belə cavabsız qoydu. Axı kimdən eşitmişdim bu sözləri? Bilmirdim, indi də bilmirəm...

Lakin o illər – insan olduğumu dərk etməyə yeni başladığım o zamanlarda müharibə ölüm və işgəncə edilmək qorxusunu da canıma hopdurmuşdu. Ara-sıra kəndə gələn hərbçilər, tanklar, iri hərbi maşınlar, uzaq cəbhədən eşidilən top gurultuları, ağ-qara televizorun boz müharibə mənzərələri, yaşlı qadınların dillərindən düşməyən soyuq qarğışlar, göyün üzündən çəkilməyən qara buludlar, soyuq-sazaq, evlərin damlarını bürümüş nifrin... Dünya içindəki ölüm üfunətini püskürürdü.

Baş verən qırğınlar arasındakı qısa zaman kəsiyi, ağ-qara ekranda qızğınlıqla müzakirə olunan müharibə və Qarabağ söhbətləri quru çörək tikələrini boğazımıza saplayırdı. Böyüklər də bizi qorxudurular. Bu, televizorda ard-arda göstərilən müharibə filmlərindən daha dəhşətli idi. Elə bilirdim ki, ekrandan bu saqqallı düşmənlərdən biri əlini uzadacaq və əlindəki şprislə benzini damarıma vuracaq və mən dəhşət içində çapalamağa başlayacağam.

Beləliklə, Allahın mühakiməsiz məhkəməsinin qurduğu dar ağaclarından asılmış əsirlərdən biri də mən idim. Həmin cəsədlər ekranlardan elə soyuq görünürdülər ki, insanın içində onları bu kökə salanlara qarşı qəribə bir ikrah hissi oyadırdı. Yıxılmış kötüyün üstündə yelləndikcə, son nəfəsinin çırpıntısı torpağa tuşlanmış barmaqları uclarında sakitləşən cəsəd ayaqları....

Bilmirəm, amma o illərin bozluğu çox soyuq idi. Yağan qar da, qapını kəsdirmiş çovğun da əl-qolumuzu bağlamışdı. Sanki Allah da təbiətə bizi düşmən üçün mühasirəyə almaq əmri vermişdi.

Hər səhər işgəncəylə işığından məhrum edilmiş donuq gözlərimizin üzü üstə yıxılacağımız torpağa zillənəcəyi qorxusuyla açılırdı.

Müharibənin uşaqlıq üzümüzü parçalayıb yoxa çıxardığı qanlı caynaqları o vaxt yaxamızdan buraxdı ki, o caynaqlar bizim ürəyimizə çəkildi və biz özümüzü ola bilmədiyimiz uşaqların sırasından uzaqlaşdırıb özünütəsəllini öyrənmişdik.


Müəllif: Mənsur Rəğbətoğlu