7 Yanvar 2020 14:37
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allahlar sayrışan ulduzlarla dolu sakit göy üzünə qara örtük atır. Yer üzünə məşum bir gecə çökür. Göy üzündəki sakitlik yerə enir, cənub küləyinin ilıq nəfəsinin toxunduğu hər şey – ağaclar və çiçəklər yuxuya gedir. Təkcə iblislər oyaq idi. Qaranlıq və səssizlik, yəni, allahlar belə kimsəsizlikdən hamıdan üzr istəyərək, bütün günahlarını bağışlayıb yenidən günəşi geri çağıra bilər.

Geya torpağa cənnətdən qovulmuş iblis kimi yıxılır, onun kimi səssiz, onun kimi kinli, onun kimi qəddar görünür, bir də ümidsiz. Amma günəş məbədlərin qübbələrindən boylananda Həvvaya alma oğurlamağa qaçan Adəm kimi qalxır yerindən. Onun kimi xəbərsiz, onun kimi saf, onun kimi şən...

Amma ümid həmişə var. Geyada günəş batmağa gedəndə yerlə göy üzünün qovuşduğu yerdən sarı işıq yolu uzanır. Onda bu yolda kəpənəklər uçmağa başlayır, xəfif bir külək qalxır. Göy üzü Geyanı unutmur, bu ilıq nəfəsi ilə başına sığal ataraq onu yatağına yola salır. Zülmət içində qalan Geya öz sirləri ilə qeybə çəkilir, gizlənir.

Geya hər gecə allahların saysız iplərindən asılmış beşikdə yellənir, mürgü döyür, xoşbəxt sonluğa hazırlaşır. Azadlığın sonsuz genişliyinə can atır, amma qaranlıq həmişə azadlığın çərçivəsini daraldır. İşıq isə...

İşıq, yəni, onda hər şey yenidən doğulur. Geya adamlar kimi işığı görəndə yenidən inanmağa başlayır, bütün şübhələr də onda yoxa çıxır. Adamlar işığı görəndə yenilənirlər. İşıq bir seçimdir, zülmət isə tale - qorxunc bir şeydir.

Geyanın küçələrində kinli bir sakitlik sürünərək keçir. Sakitlik, bu, dəhşətli səs-küydür. Onda hələ Geyada iki nəfər yaşayırdı, Adəm və Həvva. Hələ adamlar yox idi, allahları öldürməmişdi, iblislər Geyanın adamsız küçələrində qisas hissi ilə dolaşırdılar. Adamlardan əvvəlki dövr...

Onda və sonralar Geyanın hər şeydən xəbərsiz bu beşikdə mürgüləməsindən daha dəhşətlisi allahların bu kimsəsizliyə, Adəm və Həvvaya düşmən kəsilmiş iblislərin qisascıl duyğularına sükut içində şahidlik etməsi idi. Geya bu qəddarlığa savaşı o zaman açır ki, allahlar ipləri qollarına dolayaraq bu məşum beşikdə mürgüləyənləri oyadır. Onda kimsə qorxmur, işıq olur, küçələrdə ac-yalavac dolaşan köpəklər göy üzündən çörək və işıq dilənmir, İsa çarmıxdan enir, Zərdüşt göy üzü ilə yer arasında özünü ələ verir, iblislər qaçıb allahlara sığınırlar. Qaranlıqda isə yıxılanın əlindən tutub qaldıran tapılmır heç vaxt, zülmət hamını bir tərəfdə təkləyir, Zərdüşt allahları görmək üçün göy üzünə qalxır.

Qaranlıq xoşbəxtlik kimidir, gözlətmədən gəlir, işıq bədbəxtlik kimidir, insan həmişə ora can atır, həmişə də gözlədir.

Allahlar zülmətin bütün çalarını Geyanın üzünə çəkir. Geya bu qaranlıq içində başını qatır, onda - işıq gələndə isə allahlarla birlikdə anlayır bu ağrılı həqiqətləri.

Geya həmişə qorxularını gözləyərək yaxalanır gecəyə. Əlbəttə qorxutmağı bacaran həmişə ən hörmətlisi olur, Geyada ən çox sayğı görənlər də elə bunu ən yaxşı bacaran allahlardan başqası deyil. Allahlar bu dünyanın ilk sakinlərini – Adəm və Həvvanı da qorxutmuşdu. Çox sonralar Geyanın adamlarında allahları öldürmək arzusu elə buna görə, onları da qorxutduğu üçün baş qaldırdı.

Unutmağı bacaran hər kəs öz payına düşən allahı öldürə bilər, bunun üçün dəfələrlə məyus olduğunu dərk etmək lazımdır. Amma hər gün bir yolunu tapıb Geyanı yuxuya verməyi bacaran titanlar belə asanlıqla can verə bilməzdi. Çünki Geyanın övladları həmişə məyusluğa baxmayaraq, allahlara ölümdən daha sürətlə qaçırlar. Allah, yəni, insanın beynindəki qorxu. Əslində isə adamların ən böyük günahı, allahları görə bilməməsidir. Buna görə heç vaxt onlarla danışmaq mümkün olmayıb. İki nəfərdən biri yoxdursa, qarşısındakına nə deyə bilər, hansı cavabı ala bilər?

Həyat da, elə allahları görmək, bəlkə də ümidsizcə öldürmək arzusudur. Səni yaradanla üzləşmək arzusu - mənasızlığın ən möhtəşəm ifadəsi.

Allahların soyuq qazanında pörtlədilmiş ala-çiy bir həyatdır, hələ qazan qaynamağa başlamayıb, amma Sizif daşı dağa qaldıra bilməyəcək. Heç nə məlum olmayacaq, Geya büründüyü qara libasdan xilas ola bilməyəcək. Geyanın sakinləri yaşamaqdan başqa heç nə bilməyəcəklər. Zatən, milyon illərdir qət olunan yol bundan o tərəfə keçmir. Onda da heç nə məlum deyildi, Kron – titanların atası öz övladlarını, gələcək allahları yeməmişdi. Yəni, titanlar adamların o ölümcül nifrətini qazanmamışdılar. Onda Adəm və Həvva Geyanın küçələrindən birində hər şeydən xəbərsiz addımlayırdı. Günəşin ölümünə – sarı yola doğru...

- Yaxşısı budur, gedib gözləyək.

- Kimi?

- Bir azdan göy üzündən kəpənəklər enəcək.


Müəllif: Mənsur Rəğbətoğlu