8 Aprel 2020 12:25
2 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim bir Çin məsələi var. Atından başqa yaşamına dəstək olacaq bir şeyi olmayan kəndlinin atı baş götürüb harayasa qaçır və geri qayıtmır. Qonşular təsəlliyə gəlirlər yanına. Adam təsəllini qəbul etməyib; "Nəyin yaxşı, nəyin pis olduğunu kim bilər ki?" ritorik cavab verir. Bir neçə gündən sonra kəndlinin atı başqa bir vəhşi atla geri dönür. Bu dəfə qonşuları gözaydınlığı verərlər. Bunu da qəbul etməyən adam eyni cavabı verər: "Nəyin yaxşı, nəyin pis olduğunu kim bilər ki?"

Yenə də bir neçə gün sonra kəndlinin yetkinlik yaşındakı oğlu vəhşi atı minməyə cəhd edəndə, at onu üzərindən tullayar və oğlanın ayağı sınar. Yenə də "Keçmiş olsun!" ritualını icra edən qonşulara kişi eyni cavabı verər:"Nəyin yaxşı, nəyin pis olduğunu kim bilər ki?" Aradan bir neçə gün keçər, qonşu ölkə ilə savaşacaq güclü yeniyetmələri əsgərliyə aparmağa gələnlər, həmin kəndlinin uşağını ayağı sındığına görə özləri ilə götürməzlər. Dəqiq bilmirəm, çinlilər koronavirusa qarşı mübarizədə bu anlayışla davrandıqlarına görədirmi, total iradə ilə ən ağır şəraitdən çıxmağı bacardılar, yoxsa başqa bir elmi-texnoloji səbəb var?

Əslində Quran məntiqi də bizə deyir ki, nəyin xeyirli, nəyin zərərli olduğunu Allah bilər. Fərq orasındadır ki, çinlilər Konfutsiliyi, Daoçuluğu uşaqlıqdan başlayaraq özləri oxuyub öyrəndilər, bizsə Quranı mollalardan, şeyxlərdən, ayətullahlardan eşidib əzbərlədik. Biz Allahın qulu olaraq səbri öyrənmək əvəzinə, bəndənin nökəri olaraq dözümü həyat fəlsəfəsi olaraq mənimsədik. İndi bu çətin dövrdə fərdi narazılıqlarını daha uca səslə qabartmağa çalışan insanları izlədikcə, düşünürsən ki, biz Qarabağda davam edə biləcək üçcə aylıq savaşın yükünü çiynimizə millət olaraq necə götürə biləcəyik? O halda da iş dayana bilər, küçəyə çıxmaq mümkün olmaz, çörək qıtlığı yarana bilər. Allah şükür, daha dəhşətli bir müharibənin içindəyik, nə çörək qıtlığı var, nə ərzaq qıtlığı. Çatışmayanları da dövlət təmin etməyə çalışır. İndi dövlət bir yandan minimum yardım paketi açıqlayır, digər yandan manatın məzənnəsini neft bazarının ərköyünlüyündən qorumağa çalışır, başqa tərəfdən iqtisadiyyatın tam çökməsini əngəlləmək üçün tədbirlər görür, hələ bir sərhədlərdən də həm düşmənin, həm də virusun sızmasına mane olmağa çalışır. Üstəlik də xaricdə qalmış vətəndaşını növbə ilə gətirir, xəstəxanalarda virusa yoluxmuş xəstələrə milyonlar xərcləyir, həkimlərə, tibb baclarına maddi dəstəyi artırmağa çalışır. Əhalinin aztəminatlı ailələri ilə işin təşkilində çatışmazlıqlar da ola bilər, diqqətdən kənarda qalanlar da yetərincə vardır, bunları hamılıqla üzə çıxarıb yardım əlini uzatmalıyıq və bu əllər yaxşı-pis uzadılır da... Əvəzində nəyi müşahidə edirik. Ötən gün kimsə polisin karantin yoxlaması zamanı bir az sərt davranışını şişirdilmiş formada təqdim etmişdi ki, bəs polis qəlbimi sındırıb. Hər gün diqqət edirəm, Azərbaycan polisi ailəsinin qayğılarından günlərdir uzaq qalıb minlərlə insanı virus təhlükəsindən qorunmaq üçün inandırmağa, başa salmağa çalışır, hər bir maşını diqqətlə yoxlayırlar ki, virus daşıyıcıları səbəbsiz olaraq yollara, şəhərə tokülüb epidemiyanın masştabını genişləndirməsin, bəziləri bu məşəqqətli işdə onlara yardım göstərmək əvəzinə qınamağa üstünlük verirlər. Özləri də yaxşı bilirlər ki, hər bir təmasdan hər an virusa bulaşmağa potensial namizədlərin başında polislərimiz gəlir. Artıq neçə polis işçisi bu xəstəliyə yoluxduğuna görə xəstəxanada ağır müalicə kursu keçir. Yəni sözümün canı budur ki, fürsətçilik etmək, narazılığını həşirlə bildirmək, qarnının qurulrtusunu siyasi şüara çevirmək bu ərəfədə ən təhlükəli davranışlardır, bunlardan yayınaraq səbrlə bir-birimizə dəstək verməliyik ki, millət olaraq ayaqda qala bilək.

Günlərdir içimdə bir düşüncə yer alıb ki, bu koronavirusla mübarizə dövrü bizim haçansa Qarabağ üçün aparacağımız məşəqqətli qurtuluş savaşının kiçik bir məşqidir. Savaşı ruhla, biliklə, mobilliklə aparırlar...Savaşı aparanlar ilk öncə damardan töküləcək qanı düşünrlər, qarından töküləni deyil...

Koronavirusla səbrlə vuruşan millətimizin hər bir fərdinə Salam olsun!


Müəllif: Fazil Mustafa