15 Aprel 2020 14:35
3 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən qrafik dizayner dostumuz Rəsul Həsənin şəxsi kolleksiyamda olan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin fotoşəklinə yenidən can verməsi – rəngləməsi böyük maraq doğurdu. Rənglənmiş fotoşəklə yüzlərlə şərh, mindən çox bəyəni gəldi. Rəsul Həsənlə daha öncə də bu kimi ortaq çalışmamız olmuşdu, amma bu şəklin olduqca yüksək keyfiyyətdə alınması insanların rəğbətinə səbəb oldu, xeyli istifadəçinin mobil telefonlarının ekranını bəzədi.

Fəaliyyətimi daimi izləyən oxucular bilir ki, 5 ildən çoxdur ki, Azərbaycan Cümhuriyyəti və onun davamı olan mühacirət tariximizin arxivini yığmaqla məşğulam. Təvazökarlıqdan uzaq olsa da, 2015-ci ildən bu yana tarixşünaslığımıza yüzə yaxın yeni fotoşəkil və sənəd qazandırmışam. Bu materialların alınmasında Azərbaycan vətəndaşları, qürbətdə yaşayan həmyerlilərimiz mənə mütəmadi dəstək olublar, keçirdiyim kampaniyalara maddi yardım göstəriblər. Nəticədə 5 il ərzində “Fərqlilər”, “Mühacirlərin dönüşü”, “Bir ildən yüz ilə”, “Mühacirlərin mirası” kimi bu fotoşəkil və sənədlərdən ibarət kitablarım çap olunub.

Bu nadir materialları bir neçə yolla əldə etmişəm. Bəziləri İstanbulda, Ankarada yaşayan mühacir ailələrin övladları, nəvələri tərəfindən mənə hədiyyə edilib, böyük bir qismini isə bukinist mağazalarını gəzərək, hərrac saytlarını izləyərək qazanmışam. Təqdim etdiyimiz bu fotoşəkil də İstanbuldan əldə edilib və Rəsulzadənin Avropadan yaşadığı dövrə aiddir.

Bu fotoşəklin maraqlı tarixçəsi də var. Mütəmadi alış-veriş etdiyim bir bukinist hər dəfə material aldıqdan sonra mənə bir neçə məhsul da hədiyyə edirdi. Bir dəfə Rəsulzadəyə və digər mühacirlərə aid çəkidə yüngül, vəzndə ağır bir arxivi satın alarkən bu fotoşəkli də əlavə olaraq hədiyyə etdi. Fotoşəkli ilk dəfə “Fərqlilər” kitabımda Rəsulzadənin digər məktubları ilə birgə çap etdim. Qəribədir ki, 5 il əvvəl bu şəkil diqqət görməsə də, dünən bir neçə saat ərzində minlərlə vətəndaşımıza çatdı. Bu faktın özü də sosial şəbəkələrin gücündən xəbər verir.

M.Rəsulzadənin mühacirətdə övladı olmadığına görə onun arxivi zamanında bir çox mühacir azərbaycanlının mülkiyyətinə keçib. Ona görə də bu gün ona aid fotoşəkillər, sənədlər, kitablar müxtəlif mənbələrdən üzə çıxır. İndiyədək Nəsiman Yaqublu, Yavuz Akpınar, Fikrət Türkmən, Əfqan Vəliyev, Ömər Özcan kimi tədqiqatçlar, alimlər yeni materiallar təqdim ediblər. Bizim əldə etdiyimiz materiallar da Rəsulzadənin ən yaxın silahdaşlarından Abbasqulu Kazımzadənin vaxtilə İstanbulda Bəyazid meydanında fəaliyyət göstərən kitab mağazasının arxivindəndir.

Əlbəttə ki, istər Rəsulzadəyə, istərsə də digər mühacirlərə aid bu kimi materiallar hələ də var və onların bəziləri açıq şəkildə satılır. Buna görə də bu işdə yenə də imkanlı, vətənsevər azərbaycanlıların dəstək olmaları çox yaxşı olardı.

Rəsul Həsənin bu möhtəşəm işi həm də bir boşluğu ortaya çıxardı. Arxivlərimizdə, muzeylərimizdə olan materialların bərpası, rəngləndirilməsi və ümumi istifadəyə verilməsi çox vacibdir. Bu isə bir şəxsin görəcəyi iş deyil.

Ümid edirik ki, sosial şəbəkələri zəbt edən bu fotoşəkil başqa qrafik dizaynerlərə də ilham qaynağı olacaqdır.


Müəllif: Dilqəm Əhməd