4 İyun 10:26
616

Avropa Parlamentinin daha iki üzvü Cənubi Qafqazda “sülhün bərqərar olunması yollarını müzakirə etmək” adı altında Azərbaycana qarşı növbəti dəfə təbliğat kampaniyası təşkil ediblər. Almaniyadan olan AP üzvü Viola Fon Kramon və Finlandiyadan AP üzvü və AP-nin vitse-prezidenti Heydi Hautala “Dağlıq Qarabağda sülhə aparan yol və Avropa İttifaqının rolu” adlı vebinar təşkil ediblər.

Azərbaycan Parlamentinə və onun Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsi üzvlərinə keçirəcəkləri tədbir haqqında heç bir məlumat verməyi belə lazım bilməyən muzdlu erməni təbliğatçıları guya Azərbaycanın bir hissəsində sülh yaratma yollarını aramaq üçün Azərbaycana qarşı ermənilərlə əlbir işləyən, vaxtilə məhkum olunmuş Leyla Yunus və Emin Hüseynovu tədbirə dəvət edərək Azərbaycan əleyhinə fikirlər səsləndirmək üçün söz də veriblər. Bu AP üzvləri və hətta vitse-prezidenti səviyyəsində sülh adı altında bölgədə münaqişəni qızışdırmağa yönəlmiş pozuculuq fəaliyyətidir. Sözsüz ki, vebinar erməni siyasi dairələrinin və diasporunun təşkilatçılığı ilə baş tutub və AP üzvləri də növbəti dəfə Azərbaycan əleyhinə təbliğata ev sahibliyi etmək vəzifəsini öz üzərinə götürdükləri üçün lazımi miqdarda mükafatlandırılıb.

Həm Viola Fon Kramon, həm də Heydi Hautala AP üzvləri olduqları bütün müddət ərzində Brüsseldəki erməni diasporuna lobbiçilik xidməti göstərən deputatlar kimi tanınırlar. Azərbaycanı “dost ölkə” hesab etdiyini təkrarlamaqdan yorulmayan Heydi Hautala əslində Azərbaycan əleyhinə aparılan qara təbliğatın ən fəal üzvlərindən biridir.

Bu həmin Heydi Hautaladır ki, 2015-ci ildə Azərbaycan Milli Məclisi AP ilə bütün əlaqələrini dayandırmaq haqqında qərar qəbul etdikdən bir il sonra Azərbaycana səfər etmiş AP nümayəndə heyətinin tərkibinə qatılmışdı və parlamentlər arası münasibətlər bərpa olunduqdan sonra da Azərbyacanla və Ermənistanla bağlı bütün tədbirlərdə iştirak edərək hər vəchlə bölgədə status-kvonun dəyişdirilməsinin qarşısını almağa və erməni işğalının davam etdirilməsinə çalışırdı. Hələ o zamanlar münaqişənin həllinə və sülhyaratma cəhdlərinə yönəlik Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslərin qarşısını almaqla məşğul olurdu. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 2018-ci ildə Azərbaycanda keçirilmiş XV-ci iclasının Yekin Qətnaməsində Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində apardığı qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyən bəndin yer almasına özünün vitse-prezident vəzifəsindən sui-istifadə etməklə mane olmuşdu. Səsvermədə iştirak etmiş AP deputatları bizimlə sonrakı görüşlərində məhz Heydi Hautala tərəfindən Ermənistanın qeyri-qanuni addımlarını pisləyən bəndin əleyhinə səs verilməsinin tələb olunduğunu bildirmişdilər. O həmçinin 2017 -ci ildə Azərbaycan və Ermənistan GHT-ləri tərəfindən birgə irəli sürülmüş Sülh Platformasının AP-də təqdimatının keçirilməsinə mane olmuşdu. Xatırlatmaq yerinə düşər ki, sözügedən Sülh Platforması Azərbaycan cəmiyyəti və dövləti tərəfindən müsbət qarşılansa da Ermənistan hakimiyyəti bu ideyanı qətiyyətlə rədd edirdi və Sülh Platformasının Ermənistandan olan üzvlərinə qarşı repressiv tədbirlər həyata keçirirdi. O zaman Sülh Platforması ideyasını AP-nə yaxın buraxmayan Heydi Hautalanın bu gün Azərbaycanın iştirakı olmadan Avropa Parlamentində guya Azərbaycanda sülh yollarını aramağa çalışması Finlandiyalı deputatın AP-də məhz erməni gündəliyinə xidmət etməsini aşkara çıxarır. Cəmi bir neçə il öncə Sülh Platforması üzvləri olan Azərbaycan və Ermənistan GHT fəallarını dinləmək belə istəməyən AP üzvlərinin bu gün özlərini “sülh göyərçini” kimi təqdim etmək cəhdləri absurd və gülünc görünür. Deputat Hautalanın Azərbaycanla bağlı təşkil etdiyi vebinara Azərbaycanlı həmkarlarını deyil, məhz birbaşa erməni diasporu ilə əməkdaşlıq edən Leyla Yunusu və Emin Hüseynovu dəvət etməsi və Azərbaycanın siyasəti və mövqeyi barədə məhz onların fikirlərinin AP-də səsləndirilməsini təmin etməsi Hautalanın Ermənistanın təcavüzkar siyasətinə xidmət etməsinə şübhə yeri qoymur.

30 il ərzində işğal faktına son qoya bilməyən bütövlükdə dünya siyasi sistemi və ayrılıqda AP indi Azərbaycan ərazisində yaşayan və işğalçı erməni siyasətinin qurbanına və hadisələrin girovuna çevrilmiş 20-30 min erməni əsilli sakinlərlə Azərbaycan arasında sülh yollarını araması əslində bölgədə sülhün qarşısının alınmasına xidmət edir. Azərbaycan dövlətinin və xalqının bu kimi şübhəli fəaliyyətlərdə bulunan AP üzvləri tərəfindən bölgədə sülh yaramaq cəhdlərinə ehtiyacı yoxdur. Öz torpaqlarını işğaldan öz gücünə azad etmiş Azərbaycan öz ərazisində və yerləşdiyi bölgədə sülh yaratmağa Avropadan daha çox qadirdir.

Cavanşir Feyziyev

4 iyun 2021


Müəllif: Cavanşir Feyziyev