1991-ci il dekabr ayının 25-də Azərbaycan Ali Soveti “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanun qəbul edib. Ozamankı prezident Ayaz Mütəllibovun imzasını daşıyan qanunun ilk cümlələrində keçmiş dövrün mənzərəsi bu şəkildə qeyd edilib: “... 1926-cı ildə Bakı şəhərində keçirilən I Ümumittifaq Türkoloji qurultayın tövsiyəsi ilə Azərbaycan xalqı türk xalqları ilə birlikdə latın qrafikalı əlifbanı qəbul etmişdi... Qısa müddətdə kütləvi savadlanmaya səbəb olan və xalqlar arasında elmi, mədəni əlaqələri genişləndirən Azərbaycan əlifbası xalqın iradəsinə zidd olaraq, Mərkəzin təzyiqi ilə 1939-cu ildə kiril əlifbası ilə əvəz olunmuşdu. Bu akt 30-cu illərin kütləvi repressiyasının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırıb bir-birindən uzaqlaşdırmaq məqsədi güdürdü”.
Kiril qrafikasının qəbulunun repressiyaların məntiqi davamı kimi adlandırılması olduqca mühüm məsələdir. Çünki 1937-1940-cı il qırğınları təkcə aydınların fiziki ölümü deyildi, həm də onların gətirdikləri, tətbiq etdikləri dəyərlərin də aradan qaldırılması idi. Əlifba məsələsi də bunlardan biri idi.
Latın əlifbası Azərbaycanda özündən əvvəlki ərəb əlifbasından fərqli olaraq dilimizin qaydalarına daha uyğun idi, buna görə də Cümhuriyyət illərində də bu məsələ müzakirə olunub, bir neçə layihə təklif edilib. Həmin layihələrdən biri qəbul olunsa da, təəssüf ki, işğal faktı buna imkan verməyib. Proses daha sonra Sovet hakimiyyəti illərində müzakirə edilib, nəhayət, 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində Yeni Əlifba Komitəsi yaradılıb. Komitənin ilk tərkibi bu şəxlərdən ibarət olub: Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadad bəy Məlikaslanov, Abdullah Tağızadə, Əhməd Pepinov. Komitənin ilk sədri Fərhad Ağazadə, 1923-cü ildən etibarən Səməd Ağamalıoğlu olub.
Komitə qısa zamanda əməli fəaliyyətə keçib. 1922-ci ildə artıq 12 min ədəd əlifba kitabı, 15 min ədəd əlifba vərəqəsi çap edilib. Həmin il F.Ağazadənin də həmmüəllif olduğu “Yeni Türk əlifbası” adlı kitab da işıq üzü görüb.
20 oktyabr 1923-cü ildə verilən qərarla latın əlifbası ərəb əlifbası ilə eynihüquqlu sayılıb. 27 iyun 1924-cü ildə isə məcburi dövlət əlifbası olaraq təsdiq edilib. Eyni zamanda Avropa rəqəmləri də qəbul olunub. Əməli işlər sırasında “Yeni yol” adlı latın qrafikasında çap olunan qəzeti də qeyd etmək vacibdir.
Təbii ki, yeni əlifba tənqidlərə də məruz qalıb. Məsələn, əlifba islahatı öndərlərindən Məhəmməd ağa Şahtaxtlı 1923-cü ildə “Qızıl Şərq” qəzetində yeni əlifbanın şəklini tənqid etsə də, onun düşüncələri nəzərə alınmayıb. Onu da qeyd edək ki, o illərdə Sovet Ermənistanında tarixi yurdlarında yaşayan azərbaycanlılar da latın əlifbasına keçib.
Əhalinin latın qrafikasına alışması üçün 1929-cu ilin yanvar ayının 1-nə qədər ölkədə həm latın, həm də ərəb əlifbası yanaşı işlənilib. Bəzi jurnalların səhifələri hər iki əlifba ilə çıxıb. 1 yanvar tarixindən etibarən isə ölkə tamamilə latın qrafikasına keçib. Həmin tarixdə çıxan “Kommunist” qəzetindəki bu münasibətlə yazdığı məqaləsinə Ağamalıoğlu “Böyük qələbə” adını verib.
1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda baş tutan I Türkoloji qurultayın nəticəsində də latın əlifbası dəstəklənib. Qurultaydan sonra daha bir tarixi addım atılıb. Belə ki, türk xalqları arasındakı əlifba fərqliliyini aradan qaldırmaq üçün 6 iyun 1927-ci ildə Birləşdirilmiş Yeni Türk Əlifbası qəbul edilib. Özbək türkoloq Xalid Səid Xocanın Bakıda çap olunan xatirə kitabı birləşdirilmiş ortaq əlifbanın Azərbaycan türkcəsində nəşr olunan ilk əsərdir.
Mühacirətdə yaşayan Azərbaycan Cümhuriyyəti xadimləri latın qrafikasının tətbiqinə əvvəlcə qarşı çıxıb, lakin Türkiyədə də bu əlifba qəbul olunduqdan sonra onlar da bu yeniliklərlə razılaşıblar.
Fəqət bu yaxınlaşma qısa zamanda rusların yeni siyasət həyata keçirmələrinə səbəb olub, Türkiyənin də latın qrafikasına keçməsi onları narahat edib. Nəticədə 1933-cü ildə Moskvada baş tutan qurultayda bütün Sovet xalqları üçün tək əlifbanın vacibliyi vurğulanıb. Bu isə təbii ki, Rusiyanın özündə işlənən kiril qrafikası olacaqdı. 6 il sonra – 11 iyul 1939-cu ildə Azərbaycanda kiril qrafikasının tətbiqi ilə bağlı qanun qəbul edilib. Bununla da iyirmi illik proje sonlandırılıb.
Nəhayət, 1991-ci ildə həmin qanun ləğv edilib və latın qrafikalı Azərbaycan əlifbası yenidən qəbul olunub.
Əlifbamızın 30 yaşı mübarək olsun.