Şəkərdən və xərçəngdən əziyyət çəkən, Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanovaya sənət dostları baş çəkib.
Teleqraf.com-un xəbərinə görə, ötən gün sənət dostları Naibə Allahveriyeva, Telli Hüseynova, teatşünas Əjdər Dadaşov və başqaları aktrisanı yaşadığı mənzildə ziyarət ediblər. Aktrisalar təəssüratlarını sosial şəbəkədə belə dilə gətiriblər:
Naibə Allahverdiyeva: “Doğurdan da vəziyyəti çox ağırdır. Tək, tənha, köməksiz bir vəziyyətdə qalıb. Onu görəndən özümə gələ bilmirəm”.
Telli Hüseynova: “Mən inana bilməzdim xəstəlik gözəl, pozitiv aktrisamızı Gülnar xanımı belə yıxar. Allah şəfa versin”.
Qeyd edək ki, ev şəraitində müalicə alan aktrisamız ötən ay gündəmi zəbt edən hadisə ilə üz-üzə qalıb. Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşayan sənətkarın qəfildən ürək ağrısı tutub və yerə yıxılıb. Bu zaman o, evdə tək olub. Hamamdan yataq otağına keçmək istəyən aktrisa, hadisə zamanı oğlu ilə telefonla danışırmış. Bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb. Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyevaya ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O, isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb. Mənzilin pəncərəsinin dəmir çərçivəsi kəsilərək içəri daxil ola biliblər. Qapını açmağa müvəffəq olublar. Dərhal təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Kübra Əliyeva saytımıza açıqlamasında aktrisanın vəziyyətinin ağır olduğunu deyib: “Məlum hadisədən xəbəriniz var. Neçə illərdir ki, xəstədir. Bir oğlu var. Çox yaxşı, diqqətcil oğuldur, Bölgələrdə işlədiyinə görə daimi yanında ola bilmir, amma müalicə ilə bağlı, evin təmizliyi ilə bağlı bütün köməkliyi edir. Teatrın direktoru Əliqismət Lalayev də aktrisanın durumu ilə tez-tez maraqlanır”.
Pərvin