29 Noyabr 2019 15:27
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evimizdə gənclik illərində atamızın anamıza və yaxud əksinə anamızın atamıza hədiyyə etdiyi səhifələri saralmış köhnə kitabları vərəqləyirik. Sevgi romanlarının arasında saxlanılan teatr, kino biletlərini əlimizə aldıqda sanki kitab dükanları ilə dolu olan köhnə Bakı küçələrində hiss edirik özümüzü. Oxuduqları kitablar onların mütaliə zövqündən xəbər verir bizə.

Bir neçə il öncə köhnə nəsil gənclərin az kitab oxumasından və Bakıda kitab dükanlarının az olmasından şikayətlənirdi. Son illərdə isə vəziyyət dəyişib, paytaxtda yeni, geniş oxu salonları olan kitab mərkəzləri, kitab dükanları açılıb.

Şəhərin mərkəzi küçələrində, universitetlərin sıx yerləşdiyi ərazilərdə müxtəlif nəşriyyatlar, kitab dükanları kitab yarmarkaları təşkil edirlər, sosial şəbəkələrdə ikinci əl kitabların satışı ilə bağlı da təbliğata rast gəlirik. İnsanlar alıb oxuduqları kitabları digər gənc dostları ilə bölüşürlər, əyalətdə yaşayan məktəblilərə göndərirlər. Gənclərin əllərində parklarda, dayanacaqlarda, metro qatarlarında belə kitablara rast gəlirik.

Gənclər oxuyurlar. Bəs nə oxuyurlar, kimləri oxuyurlar? Bu və digər suallarla gənclərə müraciət etdik.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Aləmdə Nəsib vaxt qıtlığından şikayətlənsə də mütaliəyə vaxt ayırdığını dedi: “Açığı, universitetin əzbərçi, üstəlik də qeyri-ixtisas fənləri adamda həvəs, enerji qoymur ki, başını qaldırıb öz maraq dünyana uyğun olan digər ədəbiyyatları da oxuyasan. İxtisasım yaradıcılıq istəyir, buna görə elə bezəndə də nəfəsimi öz maraq dünyama uyğun kitablarda dərirəm, bir az rahatlayıram, üfüqüm genişlənir.

Daha çox psixoloji kitablara üstünlük verirəm, insan psixologiyası hər zaman diqqət mərkəzimdədir. Bundan əlavə, dünya ədəbiyyatını oxumağa zaman ayırıram. Amma bədii ədəbiyyat nümunələrini son vaxtlar dinləməyə üstünlük verirəm, həm zamanımı az alır, həm də gözlərim yorulmur, üstəlik iş görə-görə də diqqətini verib dinləmək olur. Qalın klassik kitablar üçün qaçaqaçlı dünyamızda ən optimal variantdır deyə düşünürəm. Ən son “Səfillər” əsərini bu cür mütaliə etmişəm. Ara-sıra müasir, bu günümüzün yazıçılarını da oxuyuram, detektiv janra da nəzər salıram. Seçimim bir az da ruhi aləmimə bağlıdır.”

Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Surxay Süleymanlı tələbə oğlanlar arasında da kitaba xüsusi marağın olduğunu bildirdi. O, daha çox psixoloji kitablar oxuyur. Belə kitblar onun insanlarla rahat ünsiyyət qurmasına kömək olur: “Bioqrafik əsərləri, tarixi şəxsiyyətlərlə, tanınmış insanlarla bağlı xatirələri də oxuyuram, onların keçdiyi həyat yolu mənə çox maraqlıdır. Sonucu oxuduğum kitab Əhməd bəy Ağaoğlunun xatirələridir”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Aytac Tapdıqlı əsasən, xarici ədəbiyyata üstünlük verir: “Son günlərdə Jose Mauro de Vaskonselosun “Şəkər portağalı” əsərini oxumuşam, yaddaşımdan silinməyəcək bir əsər olacaq.”

Əsəri çox bəyəndiyini deyən gənc tələbə klassikləri, xarici ədəbiyyat nümunələrinin çoxunu orta məktəbdə təhsil aldığı müddətdə oxuduğunu qeyd etdi. Azərbaycan müasir yazıçılarından isə oxuduğu sonuncu əsər Elxan Elatlının “Qan ləkəsi” dir. O, müəllifin bütün əsərlərini oxuduğunu deməyi də unutmadı.

Bakı Dövlət Universitetində təhsil alan Emin Şirvanzadə: “ Öz ixtisasıma uyğun kitablarla daha çox məşğulam. Bu da imkan vermir başqa kitablara, vəsaitlərə vaxt ayırım. Bədii kitablara gəldikdə son altı ayda oxuya bilmirəm. Sonuncu dəfə Qaraqanın kitablarını oxuyub bitirmişəm.”

Bakı Dövlət Universitetinin tələbəsi Gülyaz Əfəndiyeva kitablarla bağlı bunları dilə gətirdi: “Mən ədəbiyyatı çox sevirəm , oxumadığım gün, ay mənim üçün əzabdı. İndi dərslərlə bağlı çox vaxt ayıra bilməsəm də, mütləq oxuyuram. Son aylar Səbahəddin Əlinin “Xəz paltolu Madonna” əsərini oxumuşam. Hazırda V.Hüqonun “Ölüm məhbusunun son günü” və D.Braunun “Rəqəmsal qala” əsərlərini oxuyuram”

Oxucuların əksəriyyətinin gənclərdən ibarət olduğunu deyən kitab meneceri Tariyel Əliyev son aylarda daha çox maraq doğuran kitabların adlarını çəkdi. Bunlar Y.N.Hararinin “Sapiens” və “Homo Deus” , D.Əhmədin “Fərqlilər” kitablarıdır. Elxan Elatlı və Varis Yolçuyev də son oxunan müəlliflər sırasındadır. O, bunlarla yanaşı klassiklər, tərcümə olunmuş sevgi romanlarının da diqqətdən kənar qalmadığını bildirdi. “İstənilən halda gənclərin kitaba olan marağını yüksək qiymətləndirirəm, getdikcə mütaliə zövqünün formalaşmasına ümidliyəm. Bu, bəzən yaşa uyğun da dəyişə bilər gənclik, tələbəlik, çılğınlıq sevgi romanlarının da oxunmasını bəzən labüd edir.”

Müəllif: Günay Şahmar


Müəllif: Teleqraf.com