Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.
Teleqraf.com Metbuat.az-a istinadla xəbər verir ki, ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
Məlumata görə, İ.Məmmədov imkanlı şəxslərdən olub. Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər-arvad övladlarından ayrı - kənddə - yaşayırlarmış.
***
11:04
Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, İsrafil Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub.